Valideynlər diqqətlə oxusun!

Baxış sayı: 1. 354

Mərhum şairimiz Əli Kərim atası haqqında yazdığı şeirdə “Məhəbbəti də soyuq idi, Qışda qar bitkini şaxtadan qoruduğu kimi” deyirdi.  Şair əslində bu misralarla gözlərimizin qarşısında möhtəşəm bir ata portreti canlandırır. Etiraf edək ki, bu gün Əli Kərimin təsvir etdiyi o ata obrazına rast gəlmək o qədər də asan məsələ deyil. Sevmək və sevgisini üzə vurmamaq, hər kəlməbaşı dilə gətirməmək. Ancaq insan elə bir varlıqdır ki, istəsə də, istəməsə də, öz hisslərini, sevgisini, qayğısını büruzə verir, sanki şüalandırır. Doğrudur, ata övladına olan sevgisini, onun üçün hər fədakarlığa hazır olduğunu gizli tutur, ancaq övlad bunu hiss edir, bilir və bu həqiqətə öz varlığı qədər əmin olur. Atanın övladına sevgisi nə qədər çox olsa da, arada böyük bir hörmət, ehtiram, həya pərdəsi var. Bəlkə də elə buna görədir ki, övladlar həmişə öz ürək sirlərini ilk növbədə anaya açırlar.

Bəli, yuxarıda təsvir etdiyimiz valideyn-övlad sevgisi klassik Azərbaycan ailə modelini formalaşdıran ən mühüm amillərdən biridir. Ancaq etiraf edək ki, bu gün bu sahədə mənzərə kifayət qədər fərqlidir. Yəni, valideyn övladına yeri oldu-olmadı o qədər “Səni çox sevirəm” deyir ki, övlad az qala hər gün eşitdiyi bu sözün səmimiyyətinə şübhə etməyə başlayır. İnsanın sevməsi, qarşı tərəfə dəyər verməsi sözdə yox, əməldə görünməli, əməldə təsdiqini tapmalidir. Doğrudur, siz övladınızı sevirsiniz, bəlkə onun yolunda canınızdan belə keçərsiniz, ancaq bunu hər gün dilə gətirməyə, hər gün xatırlatmağa da ehtiyac yoxdur. Sadəcə olaraq, övlada inam aşılamağı bacarmaq lazımdır. Yəni, övlad inanmalıdır ki, onu canından çox sevən və hər haqlı işində dəstəkləyən, arxasında duran doğmaları var. Əslində bu inam övlad üçün yeni bir güc mənbəyinə çevrilir.

Övladı sevmək təkcə insana aid xüsusiyyət deyil. Heyvanlar da balalarını çox sevirlər, hətta elələri var ki, balaları üçün dirigözlü odun-alovun içinə girirlər. İnsanı heyvandan fərqləndirən ən mühüm xüsusiyyət isə hər şeyə ağlı, iradəsi ilə qərar verməsi və nəzarət etməsidir. Ən mükəmməl sevgi də ağlın və iradənin hökmü ilə yaşanandır.

Övladını hər kəs sevir, sən də, mən də, o da… Əsas məsələ Allahın bir kredit kimi ürəyimizə qoyduğu bu xoş duyğunu “nimdaşlaşdırmamaq”, qiymətdən salmamaq, daha da təravətləndirmək, daha da şaxələndirməkdir. Məmməd Araz demişkən, “Ürəyə girməyi bacarmaq azdır, Ürəkdə qalmağı bacarmaq gərək”.

Onu sevin, sevginizə inandırın, ancaq bu sevgini hər addımbaşı sözə çevirib gözdən salmayın, dəyərdən düşürməyin!..




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir