nigar vekilova

Vaqif Səmədoğlunun qızı: “Atam evlənəndə hönkür-hönkür ağladım”

Baxış sayı: 191

“Gencaile.az” “Kulis.az”-a istinadən mərhum şair Vaqif Səmədoğlunun qızı Nigar Vəkilova ilə müsahibəni təqdim edir.

– Atanızla bağlı yadınıza düşən ilk xatirə hansıdır?

– Mənim həmişə atamla bağlı bir xatirə yadıma düşür. Amma bunun səbəbini bilmirəm ki, niyə bu xatirə ağlımdan çıxmır. Bu gün də bura gələndə həmin xatirə yaddaşımda canlandı, uşaqlığım gözümün qabağına gəldi. Bizim evdə, qonaq otağında böyük bir royal vardı. Atam o royalın üstünə “proiqrivatel”, plastinkalar qoymuşdu. Mən nağıllara qulaq asırdım. Onda üç, ya dörd yaşında olardım. Hər gün bu təkrar olunurdu. Royalın üstünə çıxırdım, nağıllara qulaq asırdım, anam oyuncaqlarımı gətirirdi, yeməyimi verirdi. Bir dəfə atam gəlib dedi ki, Nigar geyin, biz heyvanxanaya gedəcəyik.

– Zooparka yəni…

– Hə. Amma zoopark demədi. Heyvanxana dedi (gülür). Mən bunu eşidəndə o qədər çox sevinmişdim ki… İndi belə yadımdadır ki, royalın üstündən necə durdum, qaça-qaça otağıma getdim… Amma sonra nə oldu? Bax, bu mənim yadımda deyil. Xatirənin arxası yadıma düşməsə də, nədənsə bu xatirə məndə kədər hissi oyadır. Və mən bunun səbəbini bilmirəm. Yadıma gəlmir ki, atamla heyvanxanaya getdim, ya yox. Bu xatirə məni hər zaman onu yadıma salanda kədərləndirir.

– Mənim tanıdığım Vaqif Səmədoğlu şən, zarafatçıl biriydi, yumor hissi çox güclüydü. Evdə də eləydi?

– Evdə də siz dediyiniz kimiydi. Onu tanıyanlar, məni tanıyanlar deyirlər ki, sizdə “firmenni Vəkilovski” yumor var (gülür).

– Sizlə zarafat edirdi?

– Çox…

– Yadınıza hansı zarafatı düşür?

– Birini deyim. Amma onu xatırlaya bilmərəm. Çünki mən doğulanda olmuşdu bu. Rəhmətlik nənəm Xavər xanım, bibim, bibimin qızı bizlə üzbəüz yaşayırdılar. Bir gün onlar balkona çıxırlar. Bizə zəng eləmişdilər, soruşmuşdular ki, Vaqif, necəsən, nə var, nə yox? Atam da demişdi ki, yaxşıyam, indi balkona çıxaq, sizə Nigarı göstərəcəm. Mən də bir on gün olar dünyaya gəlmişəm. Bibim danışırdı ki, atan balkona çıxdı, səni tez-tez yellədi, sonra başladı səni göyə atıb tutmağa, bir dəfə, iki dəfə, axırda uşaq düşdü yerə.

– Vay!

– Ancaq o mən deyildim. Mənim bir yumşaq meymun oyuncağım vardı, onu bürüyüb çıxıbmış balkona.

vs

– Onu görənlərə çox pis təsir edərdi amma…

– Əlbəttə. Bibim az qalmışdı özündən getsin (gülür).

– Bu sizinlə ilk zarafatıydı… Hələ bələkdəykən…

– Aha, ilk zarafat idi. İkinci zarafatını da deyim. Bizim bir qohumumuz vardı – Ramiz Qiyasbəyli. O, bizə gəlmişdi ki, məni görsün. Qırxım çıxmışdı onda. Anam süfrə açıb, plov bişirib. İndi Ramiz atama deyir ki, ay Vaqif, uşaq hardadır, Nigar balanı gətir görək. Ramizin də çox yekə bığları vardı. Atam da dedi ki, Ramiz sən yemə, mən indi uşağı gətirəcəm. Ramiz də tez-tələsik bığlarını dəsmalla silir ki, bu saat uşaq gələcək, onu görəcək. Atam qucağında mən gəlib deyib, Ramiz, ala uşağı, alnından öp. Ramiz əyilib öpmək istəyəndə atam örtüyü açıb, ortaya həmən meymun oyuncaq çıxıb (gülüşmə).

– Sizə yəqin ki, Niyar deyirdi…

– Hə, Niyar… Niyar balam deyirdi. Amma məni ən çox “Amatya” deyə çağırırdı. Nəyə görə? Ona görə ki, anam mənə hamilə olanda, bunlar elə biliblər, oğlan olacaq. Atam da, anam da oğlan istəyirlərmiş. Doğum evində atama deyiblər ki, təbrik edirik, sizin qızınız olub. O da rusca: “A malçik?” deyə soruşub. Sonra bu “A malçik” dönüb oldu “Amalçik”, sonrda da “Amatya”.

– Nigar xanım, Vaqif müəllim nə vaxt ailə qurdu?

– Anamla 1971-ci ildə tanış olublar. Bir ildən sonra evləniblər.

– Necə tanış olublar?

– Bizim bir qohumumuzun evində. Atam Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun qızı Sevda İbrahimova (Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti – red.) ilə orta məktəbdə oxumuşdu. Ana nənəm isə Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla xalaqızı idi. Atamla anam Mirzə müəllimin kiçik qızının ad günündə tanış olub, bir-birlərini bəyənib və bir müddət sonra ailə qurublar.

– İki qız uşağı oldu…

– Bəli, mən, bir də məndən balaca Məhbub. Səməd Vurğunun anasının adıdır.


– Evdə ən çox kimlə ünsiyyətdə olurdu?

– İkimizlə. Amma, bacım məndən dörd yaş kiçik olduğuna görə, mənimlə daha çox ünsiyyətdə olurdu.

– Nələrdən danışırdınız?

– Biz çox şeydən danışırdıq. Axır vaxtlar biz daha çox həyatdan, poeziyadan söhbət açırdıq. Çünki mən şeir yazıram. Ancaq rus dilində. Ona görə ki, rusdilliyəm. Bir gün mən aparıb şeirlərimi atama verdim və ona dedim: “Sən sadəcə şeirləri oxu, tənqid eləmə, demə ki, bu pisdi-filan. Bəyənməsən, denən bəyənmirəm. Ya da yaxşı yaza bilərsən demə. Bir sözlə, tənqid eləmə”. Dəftərimi verdim, açdı, birinci şeiri oxudu, sonra vərəqi çevirdi, ikinci şeirə keçdi, gördüm, siqaret alışdırdı, yenə oxumağa davam elədi. Hiss etdim ki, şeirlərim atama maraqlı gəlib. Üzünün ifadəsindən gördüm. Dalbadal siqaret çəkirdi, həyəcanlı olduğunu hiss etdim. Sonra durdu otaqdan çıxdı, əlində də mənim dəftərim. Sonra gəldi mənə dedi ki, Ngar, bilsəydim, sən son yazdığım şeirləri oxumusan, deyərdim bu plagiatdı, ya da Azərbaycan dilindən rus dilinə tərcümədir. Ancaq o şeirləri sən oxuya bilməzdin, çünki çap olunmamışdı, onlar mənim stolumdadır, məndən başqa heç kimin o şeirlərdən xəbəri yoxdur. Yəni şeirlərimiz bir-birinə çox oxşayırdı.

– Nigar xanım, Vaqif Səmədoğlu ata kimi necə biriydi? Onu necə xarakterizə edərdiniz?

– Atamla anam mən doğulandan yeddi il sonra ayrılıblar. Bir müddət tək yaşadı atam. Sonra Nüşabə xanımla tanış oldu və onunla evləndi. Atam bizlə yaşayanda mən uşaq idim. Uşaq olsam da, onun necə ata olduğu yaxşı yadımdadır. Onunla parka gedirdik, bağ evinə aparırdı məni. Şüvəlandakı bağımızda bibimlə qalırdıq. Fotoaparat kolleksiyası vardı, həmçinin gözəl fotoqraf idi. Mənim ən gözəl uşaqlıq şəkillərimi atam çəkib. Onlar çox canlı şəkillərdi. Adi şəkillər deyil. Yadıma sonra bir şey düşür. Bir dəfə atam göbələk qızartmışdı, çağırdı məni ki, gəl yeyək. Anam da hirsləndi: “Olmaz, olmaz. O uşaqdı, uşağa göbələk vermə”. Atam demişdi ki, qoy ən dadlı şeyləri indidən öyrənsin.

– Vaqif müəllim ayrılandan sonra əlaqələr kəsilmədi ki?

– Xeyr. Qətiyyən kəsilmədi. İlk növbədə ona görə ki, atamla üzbəüz yaşayırdıq. Atamın balkonu bizə tərəf çıxırdı. Zəng edirdi mənə ki, balkona çıx. Balkona çıxırdım, o da o tərəfdən mənə əl eləyirdi. Mən rəhmətlik bibim Aybəniz xanım ilə çox yaxın idim, biz onunla sözün əsl mənasında dost idik. Ona qörə də, çox vaxt bütün əlaqələri bibim yaradırdı ki, biz tez-tez görüşək.


– Nə üstündə ayrıldılar? 

– Bilirsiniz, yaradıcı insanla ailə qurmaq çətindir. Mənim anam da musiqiçidi, həmin vaxtlar işləyirdi də. Atam da şair idi, yazırdı. Bir gün elə bir vaxt gəldi ki, onlar bir-birini başa düşmədilər.

– İki yaradıcı eqosu evliliyə mane oldu.

– Belə deməzdim. Cavanlığın eqosu və maksimalizm üst-üstə düşüb. Bu mənim fikrimdir. Sən əgər yaradıcı adamla ailə qurursansa, ona olan marağını da yaradıcılığına qurban verməlisən.

– Ayrılıqdan sonra ananız üçün çətin olardı?

– O qadınıydı, tək qalmışdı, iki uşağa baxırdı. Amma anamın yanında həmişə atası, anası, bacısı olmuşdu. Mənim babam tanınmış akuşer-ginekoloq həkim, professor idi. Nənəm də həkim idi. Onlar anama böyük dayaq oldular. Məncə, hər insan üçün ayrılıq ağır bir hisdir. Mən ayrılıqdan danışanda, atamın bir gözəl şeiri yadıma düşür:

Bacarsaydım qurudardım,
Dünyanın dənizlərini,
Xəzər yudu bu gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri
Çoxmu gördü dünya mənə,
Gözmü dəydi izlərinə?
Yerə vurdun sözlərimi,
Dindi yerim sarı simi…
Eşitmişəm yol üstəsən,
Yaz, göndərim gözlərimi,
Harda ağlamaq istəsən…

Bu şeir o ərəfələrdə yazılıb.

– Bəlkə başqa səbəb vardı? Qısqanclıq, Vaqif müəllimin şair xarakterindən dolayı ailəyə çox diqqət göstərməməsi və s.

– Qətiyyən! Çünki atam anamı, bizi çox sevirdi. Bunu da anam yaxşı bilirdi, ona güvənirdi. Sadəcə dediyim kimi, iki insan bir gün anladılar ki, hərəsi ayrı-ayrı yaşamalıdırlar.

– Hiss edirəm ki, uzaqlıq hiss etməmisiniz atanızdan…

– Heç vaxt atam mənə uzaq olmayıb, hiss etməmişəm bunu. Mənim 19 yaşım olardı. Bibim qızı zəng eləmişdi ki, sənin xəbərin varmı, papan evlənir. Onda qısqanmışdım, ağlamışdım hətta. Məndən elə ağlamaq çıxmışdı ki… Başqa bir insanla ailə həyatı qurmağı mənə çox pis təsir eləmişdi. Bu sonra keçdi. Nüşabə xanımla, onun qızı Mirvari ilə tanış oldum, çox yaxşı insan olduqlarını gördüm. İndi biz doğmalaşmışıq. Övladlarımız da bir-birlərini bacı kimi qəbul ediblər. Atam olmasa da, mən onların evinə tez-tez gedib gəlirəm.

sv
– Nigar xanım, atanız sizə heç qadağalar qoyurdu?

– Hə, iki dəfə olmuşdu. Birinci dəfə atamgilə gəlib dedim ki, müğənni olmaq istəyirəm. Anam Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyirdi. Vaqif Gərayzadə də orda işləyirdi. Mənim yaxşı səsim var. Anam dedi ki, gəl gedək, Vaqif müəllim də sənə qulaq assın. Vaqif müəllim də dinlədi və dedi ki, çox gözəldi, amma üzərində işləmək lazımdı, gərək sənnən çalışaq. Dedi, istəyirsən gəl çalış, sonra müğənni olarsan. Mən atamgilə gəldim, dedim, papa, belə bir iş olub, nə deyirsən. Atam dedi, qətiyyən olmaz. Mən etiraz elədim, oxumaq istədiyimi dedim. “Get, evdə oxu” – dedi. Belə oxumaq istəmirdim, səhnədə oxumaq istəyirdim. Dedi, ay qız, yox e, yox, olmaz, sən hara, səhnə hara, mənə müğənni qız lazım deyil. Oxumaq istəyirsən, gəl bizə, anam Xavəri də çağıraq, oturaq sənə qulaq asaq, əl çalaq, amma səhnədə olmaz.

– Bəs ikinci qadağa nə idi?

– Mən aktrisa olmaq istəyirdim. Atam həmişə deyirdi ki, “Azdrama” sənin timsalında böyük bir aktrisa itirib. Yəni məndə aktyorluq görürdü. Mən onda dedim ki, sənədlərimi İncəsənət Universitetinə verim. Atam dedi, qətiyyən olmaz. Səbəbini soruşdum. Dedi, mənim bir Afaq Bəşirqızım var, ikinciyə ehtiyac yoxdur (gülür).

– Çox içirdi Vaqif müəllim… İçkiylə yaxın dost idi…

– Bu şişirdilmiş bir faktdır. Ümumiyyətlə, düşünürəm ki, yaradıcı insanlar ya kədərli olanda, ya da azacıq içəndə gözəl əsərlər ortaya qoya bilərlər. Bu ondan irəli gəlir ki, insan bir az içkili olanda cəsarətə gəlir, daxilində gizlənən hissləri qorxmadan etiraf edə bilir, daha kövrək və həssas olur.

– Sizcə, Vaqif müəllim güclü adam idi?

– Həm də çox. Çünki o, öz xəstəliyini bilə-bilə onunla zarafat eləyirdi.

– Xərçəng…

– Bəli… Ölümdən də danışırdı. Filosof idi. Onun poeziyası başdan-ayağa fəlsəfi ahəng üstündə köklənib. Bilirdi ki, tezliklə gedəcək, amma heç vaxt qorxuram demirdi.

– O günləri necə xatırlayırsınız?

– Təbii ki, mən bunu eşidəndə şoka düşmüşdüm. Diaqnozun səhv olduğunu düşünürdüm. Çünki bibim qızı Aygünə də eyni diaqnoz qoyulmuşdu və o, müalicə alırdı. İnanmırdım ki, mənə yaxın iki adamda belə bir diaqnoz olsun. Amma sonra bildik ki, həqiqətən xərçəngdi. Atam öz xəstəliyini də yumora çevirmişdi. O, xəstəliyini biləndə Mirvariyə zəng elədi ki, evə gələndə pivə al, xərçəng məndə var (gülür). Məncə, çox güclü bir insan xəstəliyini yumora çevirə bilər. Heç vaxt xəstəliyinə görə əvvəlki həyat tərzini dəyişmədi. Sadəcə axır vaxtlar yorulmuşdu. Müalicəyə gedirdi xarici ölkələrə, dərman qəbul edirdi. Sən təsəvvür elə ki, mübarizə aparırsan, aparırsan, qalib gəlmək istəyirsən, ancaq uduzduğunu bilirsən. Hətta onu görürsən də. Uduzduğunu bilə-bilə güclü qalmaq çox çətindir. Sən getdikcə dəyişildiyini hiss edirsən, ətrafının da sənə görə ağrı çəkdiyini görürsən. Görürsən ki, sənə baxanda kimsə qırağa çəkilib gözünün yaşını axıdır. Ancaq sənlə qarşılaşanda gülümsünür. İnsan bunu başa düşür. Və bu çox çətin bir şeydir.

– Böyük adammış…

– Mən atamdan o ərəfədə müsahibə də almışdım. Çox gözəl, səmimi müsahibə alınmışdı. Biz onunla oturub bir saatdan çox danışdıq. Hamı evdə idi – Nüşabə xanım, Mirvari, qızı. Amma bizim üçün yalnız o və mən var idik. Mən indi bunu başa düşdüm ki, həmin o müddət bir-birimizlə söhbət edərkən biz vidalaşırdıq.

– 2015-ci ildə rəhmətə getdi.

– Hə. Mənim üçün çox ağır il olmuşdu. İki əzizimi itirdim. Atamı və bibim qızını.

– Atanızın son anlarını necə xatırlayırsınız?

– Yada salmaq çətindir. Mən işdə oturmuşdum. Mirvari zəng elədi ki, sən gəlməlisən. Getməyin vacib olduğunu başa düşdüm. Mənim bir ətrim var idi, atam niyəsə onu sevmirdi. Hər dəfə onlara gedəndə deyirdi ki, ay qız, sən yenə bu ətirdən vurdun, eləmə də belə, mənim xoşum gəlmir o ətirdən. Tərslikdən də həmin gün səhər işə gəlmədən əvvəl o ətri vurmuşdum. Mirvari mənə zəng vurub deyəndə ki, gəl, ilk ağlıma o gəldi, öz-özümə dedim, ay Allah indi bu ətirin qoxusu üstümdə necə gedəcəm ora? Bilirdim ki, vidalaşmağa gedirəm. Və bu mənə təsir elədi. Evə gedəndə onlara dedim ki, bir şal versinlər, örtüm üstümü, atamın xoşu gəlmədiyi ətrin qoxusu gəlməsin. Mən həmin an onu sevindirmək istəyirdim. O, məni görsün, ətri hiss eləməsin. Təbii ki, o, bizim nəyə görə gəldiyimizi yaxşı bilirdi. Biz otağa keçdik, oturduq. Bir az keçəndən sonra eynəyini çıxardı və bizə dedi ki, otaqdan çıxın. Beş-on dəqiqədən sonra keçindi.

Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün…

Bu 1982-ci ildə yazdığı şeirdi. Və elə də oldu… O, dünyasını dəyişən andan bir qədər sonra külək əsməyə başladı. Nə idi bu? Bir təsadüf yoxsa şair uzaq görənliyidir? Bilmirəm. Özündən də sorüşa bilmirəm. Amma, bilirsiz, indi 5 dəqiqəlik görsəydim onu, soruşardım. Bir də soruşardım ki, papa, biz səninlə onda getdik heyvanxanaya, ya yox?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir