ev isleri

Xanımların təmizlik qaydaları

Baxış sayı: 179

Oxuyan, işləyən, uşaq böyüdən, evinə girəndə doğma torpağına ayaq basırmış kimi sevinən, ya da “İki gündən artıq evdə otura bilmirəm” deyən bütün xanımlardan soruşuruq: “Bu ev təmizləmək işini necə həll edə bilmisiniz?”, “Ailənizlə, uşaqlarınızla kirlərdən, tozlardan uzaq tərtəmiz bir evdə yaşamağın sirlərinə vaqif ola bilmisinizmi?” Kim bilir, bəlkə də, yeni üsullar kəşf etmisiniz və “təmizləyirəm kirlənir, yenə təmizləyirəm, yenə kirlənir” dərdindən də uzaqsınız.

Əgər kitab rəfinizin rəngi tozdan görünmürsə və siz kresloda oturub rahat çayınızı içirsinizsə, əslində, sizin də elə bir dərdiniz yoxdur. Ürəyiniz istəyəndə qalxıb evin tozunu alırsınız, xalçanızı süpürürsünüz, döşəməni silməyə hələlik ehtiyac duymadığınız üçün yan qonşuya keçir və təbii ki, heç vaxt evdəki işinizdən-gücünüzdən danışmırsınız. Çünki ancaq işində ciddi olmayan xanımlar belə söhbətlər etməyi xoşlayırlar. Bir sözlə, onlar üçün təkcə təmizlik yox, təmizlik haqqında danışmaq da bir ehtiyacdır.

Bir də evinə xidmətçi götürən xanımlar var. Ancaq burada da problemlə üzləşmək təhlükəsi yox deyil. Kimisi “Yazıq, mənim evimi təmizləyəndən sonra hələ gedib öz evini də təmizləyəcək” deyə məyus olur, kimisi də xidmətçinin işi ilə qane olmayıb yenidən təmizliyə girişir.

Öz işini özü görən xanımlar da öz aralarında bir neçə qrupa ayrılırlar. Kimisi reallığı qəbul edərək, indi süpürdükləri xalçanın yarım saat keçməmiş tum qabıqları ilə dolacağını bilir və bir az əvvəl par-par parıldatdığı mətbəx stolunun axşama yaxın bulaşıq qablarla dolacağından qorxmur. Bu xanımlar “kirlənəcəyini bilərək təmizləyənlər” qrupuna daxildirlər və hər gün eyni hadisə ilə qarşılaşdıqları üçün bunu özlərinə dərd etmirlər.

İkinci qrupa isə “heç kirlənməyəcəkmiş kimi təmizləyən” xanımlar daxildir. Bu xanımlar özləri üçün müəyyən etdikləri bir vaxtda elə canfəşanlıqla, elə şövqlə işləyirlər ki, kənardan baxanda onların həyatda son dəfə ev təmizlədiklərini düşünürsən. Əslində, növbəti günə qədər bu təmizlikdən əsər-əlamət qalmayacağını onlar da bilirlər, ancaq çox az bir müddət üçün də olsa, bunu unutmağı bacarırlar.

temizlik

Təmizlik işini necə həll etməli?

– Xanımlar ailənin digər üzvləri ilə birlikdə iş bölgüsü aparmalı, evi təmizləməyin yox, təmizliyi saxlamağın daha vacib olduğunu bilməlidirlər.

– Lazımsız əşyalardan təmizlənmiş bir evi təmizləmək daha asandır.

– Evdə ən kiçik əşyanın belə öz yeri olmalı və hər kəs götürdüyü şeyi yerinə qoymağı bacarmalıdır.

– Gündəlik iş planı tutun. Vaxtınızın bir hissəsini təmizlik üçün ayırın.

– Əsas məsələ işə necə yanaşmaqdır. Məsələn, bəzi xanımlar kirli qab-qaşığı kabus kimi görürlər, bəziləri isə yarım saat sonra par-par parlayan bir mətbəx təsəvvür edirlər.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir