0291d4b399900e024757e0000f2e9636

Yeniyetmə şıltaqlığı, yoxsa ruhi pozuntu? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 453

Sosial şəbəkələrdə “Jalilov” profili üzərindən qalmaqallı paylaşımlar edən yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirildiyi açıqlandıqdan sonra onun küçədə gəzdiyi iddia olunan videolar yayılıb. İddia edilirdi ki, yeniyetmə Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilsə də, orada çox qalmayıb.

Lakin DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir. Onun sözlərinə görə, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır: “Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.

Bir daha yada salaq ki, 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdi olan tiktoker məşhur ailədəndir – Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsidir. Elə mərhum babası Afiyəddin Cəlilovun adını da daşıyır. Bu məqam Tiktokda eybəcər davranışlı yeniyetmə ilə bağlı müzakirələrin sürətlə yayılmasına təkan verib.

Bəs bu kimi patologiyalar keçici, yəni müalicə olunan, yoxsa qalıcıdırmı?

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova aşağıdakıları dedi:

776cb190dc663bcf4d1db34fd51bc57d.jpg (187 KB)

“Bəzən yeniyetmənin eyforiyası bir sıra hallarda onu idarəetməyə doğru addımlar atır. İdarəolunan yeniyetmə eyforiyası da ortaya çıxanda əksər hallarda valideynlər, yaxınlar, müəllimlər belə düşünür ki, yeniyetmədə ruhi problem var. Lakin əksər hallarda belə olmur. Belə ki, eyforiya vəziyyətində bəzən elə məqamlar olur ki, yeniyetmədə gecə yuxusuzluğu yaranır. Hətta yeniyetmə bəzən səhərə qədər oyaq qalır. Bu yuxusuzluq bir neçə gün davam etdikdə insanın davranışlarında qeyri-adi hərəkətlər hiss olunur.
Amma ümumi götürdükdə əgər genetikada ruhi xəstəlik varsa bəzən 15-25 yaş arası gənclərdə ruhi xəstəliyin üzəçıxma prosesi gedir. Valideynlər də əksər hallarda buna ötəri yanaşır. Əgər yeniyetmədə, gəncə bu cür davranışlar müşahidə olunarsa, mütləq şəkildə genetik kodu araşdırmaq lazımdır”.

Psixoloq qeyd edir ki, bu haqda yeniyetmə və yaxud gənc xəstəxanaya yerləşdirilərsə, bu kimi patologiyaları aradan qaldırmaq mümkündür:

“Bəli, müalicə ilə bu cür patologiyalar ötüb keçə bilir. Yeniyetmənin ikinci şəxsiyyət dövründə həddindən artıq hiberaktivlik varsa, həmin hiperaktivliyin daxilində davranış pozğunluqları özünü göstərməyə başlayır. Əgər bu davranışlar uşaq yaşlarında deyil, birdən-birə kiçik və ya böyük yeniyetməlik dövründə özünü göstərirsə, müalicə ilə onları aradan qaldırmaq olur. Əksər hallarda hətta müalicə ilə deyil, yalnız psixoloq seanslarından sonra uğurlu nəticə əldə etmək olur. Əgər yeniyetmədə nevrozluq artıq kiçik yaşlarından başlayıbsa, 15-25 yaşlarında bu xəstəlikdən əziyyət çəkməsi qaçılmazdır. Ona görə də uşaqlarda davranış pozğunluqları müşahidə edən kimi mütləq şəkildə uşaq psixiatrına müraciət olunmalıdır.

Normal ailələrdə valideynlər mütəmadi şəkildə övladlarına diqqət, qayğı göstərir, davranışlarına nəzarət edir. Lakin bu gün müşahidə edirik ki, bir sıra valideynlər övladlarının yanında “Tik-Tok” şəbəkəsinə girib, xoşagəlməz davranışlar nümayiş etdirir ki, bu da istər-istəməz həmin uşaqlara və yeniyetmələrə mütləq şəkildə təsir edir. Adətən uşaqlar, yeniyetmələr valideynlərinin danışıqlarından daha çox davranışlarını götürür, təqlid edirlər. Bəzən görürük ki, valideyn övladlarına hansısa qadağalar qoyur, amma özü bunun əksini edir. İnsanı formalaşdıran onun mühitidir. Yəni, insan hansı mühitdə formalaşırsa, onun şəxsiyyət tipi həmin mühitə uyğun olur.

Övladına diqqət göstərməyən valideyn mütləq şəkildə bir vaxtdan sonra bunun acısını yaşayacaq. İstəyir həmin valideyn ən tanınmış adam və yaxud hansısa universitetdə professor olsun, əgər övladına yetərincə vaxt ayırmır, onunla söhbət etmir, qayğı göstərmirsə, övladının nə istəyidiyni bilmirsə, onu yaxşı tanımırsa, mütləq şəkildə övladının xoşagəlməz davranışları ilə qarşılaşacaq və ona müdaxilə edə bilməyəcək. Bu baxımdan valideynləri övladlarına qarşı hər zaman diqqətli, məsuliyyətli olmağı tövsiyə edirəm”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir