intihar

Yeniyetmələr arasında intihar – Onlar nə haqda susur?

Baxış sayı: 1. 030

Yeniyetmələr arasında intihar hallarının artması və məktəblərə yol açması son zamanlar aktual məsələdir. Bir uşağın yaşamaq istəməməsi cəmiyyət üçün böyük faciədir. İntihar şəxsin hissi, psixi və ya sosial təsirlə öz həyatına son qoyması kimi qiymətləndirilir. Intihar meyli əvvəldən planlaşdırılmamış, anlıq bir davranış deyil. Axırıncı addım, kömək üçün eşidilməyən fəryad, şüur yerində olduğu halda bədbəxtlik nəticəsində özünü öldürmək halıdır.

Hadisələrin əksəriyyətində intiharın bir plana əsasən və yavaş- yavaş inkişaf edərək zehində uzun vaxt formalaşdıqdan sonra gerçəkləşdiyi görünür. İntiharı düşünənlərin çoxu həyat ilə ölüm arasında qəti bir seçim etməyənlərdir. Həmin anda onları qurtaracaq bəzi insanların olduğunu bilib, son ana qədər xilas olmağı gözləyirlər. İntihar ipucları bəzən intihar niyyətini göstərən açıq ifadələr və ya üstüörtülü eyhamlar, bəzən də davranışında görülən dəyişikliklərlə müşahidə olunur.

Psixoloq Ruhiyyə Rüstəmovanın sözlərinə görə, bütün yaş qrupları üzrə intihar halları artıb: “Stres, depressiya insanı intihara sürükləyir. İnsanın intihara meyilli olması böyüdüyü ailədə olan münasibətlərdən, özgüvən azlığından asılıdır. Valideynlər uşağın şəxsiyyətini alçaldar, onu tez-tez kobud sözlərlə sıxışdırarlarsa, özgüvəni aşağı olan bir övlad yetişdirərlər. Belə insan gələcəkdə cəmiyyətə çətin adaptasiya olar, çətinliklərə tab gətirməz, tez ruhdan düşər. Adətən intihar etmək istəyən yeniyetmələrdən nə üçün intiharı seçdiyini soruşduqda cavabları belə olur: “Uşaq vaxtı fikrimi bildirdikdə valideynim məni dinləməzdi və yaxud “Mən fikir bildirmək istədiyim zaman düşünərdim: “Məni qəbul edə biləcəklərmi? Fikrimi nəzərə alacaqlarmı? Məni böyük kimi görürlərmi? Mənim bacardıqlarımı bəyənəcəklərmi?”. Bu suallar məni yorduğu üçün mən özümə qapanmışam, qapandıqdan sonra, artıq cəmiyyətdə yerimi görə bilmirəm. Ünsiyyət qurmaqda çətinlik çəkirəm, sevilmədiyimi düşünürəm”. İntiharın bir addımlığında olanların bu kimi söhbətləri bir daha təsdiq edir ki, ilk növbədə valideyn – uşaq arasında düzgün qurulmuş münasibət forması – sevgi və sevgini paylaşmaq, özgüvəni qaldırmaq üçün təriflərdir, amma eqoizm həddinə çatdırmamaq şərtilə. Valideynin uşağa həssas yanaşması, onu başa düşməsi, əlbətdə ki, gələcəkdə daha özgüvənli şəxsiyyətin formalaşmasına xidmət edir”.

R.Rüstəmova bildirir ki, özgüvəni yüksək olan adam cəmiyyətdə intihar etməyi düşünməz: “Hazırki cəmiyyətimizdə sıxıntı, daxili depressiya yaşayan uşaq baxçadan məktəbə, məktəbdən universitetə, universitetdən iş həyatına, hər zaman bir mərhələdən, mühitdən digərinə keçdikdə müxtəlif problemlərlə qarşılaşır və qarşılaşdığı problemlərin həlli yolunu tapmadıqda özünə qapanır. Bu zaman psixoloji gərginliklər keçirir. Özünə qapanmış insan uşaq vaxtından ünsiyyətcil deyildirsə, fikirlərini bölüşməkdə çətinlik çəkirdisə, daxilində toplanmış mənfi hissləri, dərdini bölüşə bilmir, nəticədə çıxış yolunu yalnız intiharda görür. Bir insanın intihar etmək fikrinə düşməsi birinci növbədə ailədən, ikinci növbədə cəmiyyətdən irəli gəlir.

Valideyn müşahidə edirsə ki, övladı özünə qapalıdır, ünsiyyət qurmur, otağında tək oturur, uzun müddət internet qarşısında əyləşir, bununla da özünü unutmağa çalışır, dostları ilə görüşmür, bu zaman narahat olmalıdır. Valideyn məktəbdə müəllimlər, uşaqlarla ünsiyyət qurmalıdır. Kənar səbəbləri aydınlaşdırmalıdır. Özünə qapanmış uşaqla ünsiyyət formasını dəyişdirməli, onunla daha çox vaxt keçirməlidir.Suallarla problemi aydınlaşdırmalı və birlikdə problemin həlli yollarını tapmağa cəhd etməlidir”.

Avropada ailə psixoloquna çox müraciət olunur. Ailədə böyüyən yeniyetməni psixoloqla konsultasiyadan keçirmək önəmlidir. Çünki bu yaş dövründə olan uşaqların həm daxili orqanizmində, həm də psixoloji durumlarında dəyişikliklər baş verir. Onlar cəmiyyəti dərk etməyə başlayır və özünü cəmiyyətə tanıtma, özünü təsdiq etmə yollarını axtarırlar ki, psixoloqla söhbət onlara düzgün seçim etməyə kömək edər.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son 3 il ərzində azyaşlılar, xüsusilə məktəblilər arasında intihar və intihara cəhd hallarının sayı kəskin şəkildə artıb: “Diqqəti cəlb edən hallardan biri odur ki, şagirdlər intiharı yaşadıqları evdə, eləcə də təhsil aldıqları məktəbdə edirlər. Misal üçün bir neçə faktı qeyd edim: 19 Dekabr 2014-cü il: Pirallahı rayonu, 231 saylı orta məktəbin VIII sinfində oxuyan Nicat Rzayev yaşadığı evdə özünü asıb. 25 fevral 2015-ci il: Cəlilabad şəhəri, 7 saylı orta məktəbdə VII sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb. 20 aprel 2015-ci il: Kürdəxanı qəsəbəsində  VI sinif şagirdi Ruslan Həsənli yaşadığı evdə özünü asıb. 16 Sentyabr, 2015-ci il: Cəlilabad rayonu Gülməmmədli kənd sakini, 12 yaşlı VI sinif şagirdi həyətlərindəki yardımçı tikilidə özünü asıb. 4 dekabr 2015-ci il: Sabirabad rayonu Ahısxa kəndi, IX sinif şagirdi Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. 28 dekabr 2016 – cı il: Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin XI sinif şagirdi Firuz Məmmədov evin hamamında özünü asıb. 24 oktyabr 2017-ci il: Ağdam rayonun Çullu kəndində XI sinif şagirdi Mənsur Quluzadə həyətlərində özünü asaraq öldürüb. 4 dekabr 2017- ci il: – 12 yaşlı Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 11 Mart 2018-ci il: Gəncə şəhəri, Cavad xan qəsəbəsi sakini, XI sinif şagirdi Mədətov Səbuhi Əli oğlu özünü asaraq intihar edib. 11 oktyabr 2018 –ci il: Qaradağ rayon 302 nömrəli tam orta məktəbin III sinif şagirdi intihara cəhd edib. 9 Fevral, 2019 – cu il: Biləsuvar rayonunda, Çinarlı kənd tam orta məktəbinin IX sinfində təhsil alan Asəf Həsənov özünü qonşunun bağında ağacdan asaraq intihar edib. 4 aprel 2019-cu il: Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Son illər yeniyetmələrin bu qədər intihar etməsi və bunun üçün məktəbi seçməsi, onu göstərir ki, orta məktəblərdə təlim-tərbiyə prosesində ciddi çatışmazlıqlar mövcuddur, eyni zamanda təhlükəsizlik qaydalarına riayət olunmur. Bu gün gənclərimiz tədris üçün ayrılmış ən yaxşı binalarda təhsil alırlar. Dövlətin qayğısı sayəsində müasir üslubda yeni təhsil müəssisələri tikilir, tədris ocaqları üçün zəruri olan bütün şərait yaradılır, tədris prosesində ən yeni texnologiyalar  tətbiq olunur. Xalqın gərgin əməyi, dövlətin külli miqdarda maliyyə vəsaiti hesabına yaradılmış binaları, təhsil müəssisələrinin əmlakını mühafizə etmək, o cümlədən onu yanğından qorumaq daim öz aktuallığını saxlayır. Digər müəssisə və obyektlərdə olduğu kimi təhsil ocaqlarında da təhlükəsizlik üçün məsuliyyəti müəssisənin rəhbəri daşıyır. Təhsil müəssisələrində havadəyişmə sistemindəki kameralar, hava boruları, filtrlər mütəmadi olaraq yanar tozdan və zibil tullantılarından təmizlənməlidir. Havadəyişmə kameralarında əşyaların saxlanılmasına, kənar şəxslərin daxil olmasına yol verilməməlidir. Hündürmərtəbəli məktəb binalarının pəncərələri şagirdlər üçün açıq olmamalıdır, onlar mühafizə olunan dəmir barmaqlıqlara bağlanmalıdır. Təəsüflər olsun ki, bir sıra məktəb direktorları təhlükəsizliklik qaydalarına ciddi nəzarət etmirlər. Tədris prosesilə yanaşı məktəblərdə təhlükəsizliyi təmin etmək, şagirdlərin tərbiyəsilə məşğul olmaq onların öhdəliyinə düşür. Məktəblərdə intihar hallarının baş verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir, məktəb rəhbərliyinin öz vəzifəsini yerinə yetirə bilməməsi kimi qiymətləndirilir. Eləcə də, bu hallar məktəb psixoloqunun öz vəzifəsinin öhtəsindən gələ bilmədiyini göstərir. Ümumiyyətlə, təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov vurğulayır ki, yeniyetmələr arasında intiharlar narahatlıq doğuran məsələdir və hər zaman bu hallarla rastlaşırıq: “Bunun müxtəlif səbəbləri olur. Uşaqların intihar etməsinə ailədə olan məsələlər, uşaqlara qarşı zorakılıq təsir göstərir. Qəbul imtahanları zamanı yeniyetmələrin intihar etməsilə bağlı məlumatlar alırıq. Burada əsas problem valideynin övladıyla düzgün olmayan münasibətidir. Valideyn övladının qarşısında şərt qoyur ki, qəbul imtahanlarında müəyyən nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olmalısan. Uşaq valideynin ondan gözlədiklərini yerinə yetirmədikdə, bunu bacarmadıqda ailədə təzyiqlərə məruz qalır. Təbii ki, yeniyetmə olduğu üçün bundan tez təsirlənir. Ona görə valideynlər bu məsələylə bağlı xüsusi diqqətli olmalıdır. Valideynlərin övladlarının hər addımına, hərəkətinə diqqət yetirmələri çox önəmlidir”.

F.Ədilov bildirir ki, yeniyetmələr arasında intihar hallarının olmasıyla bağlı məktəb psixoloqlarının üzərinə məsuliyyət düşür: “Təmsil etdiyim Komitə davamlı olaraq məktəb psixoloqları üçün təlimlər keçirir, təlim almış psixoloqlar öz növbəsində başqa məktəblərdə psixoloqları maarifləndirir. Bu, bir şəbəkə halında təşkil olunub. Məktəblərdə bu cür təlimlər mütəmadi keçirilməlidir. Məktəb psixoloqlarının uşaqlarla işləməsi, hər gün onların davranışlarını təhlil etməsi, onlarla yaxından ünsiyyət qurması intihar halların qarşısını ala bilər”.

Ədilov onu da qeyd edir ki, məktəb psixoloqlarıyla bağlı narazılıqlar olur: “Psixoloqların bilik və bacarıqlarının artırılması, uşaqlarla işləmək üçün effektli mexanizmlərin istifadəsi çox önəmlidir. Belə ki, yeniyetmənin əhatə dairəsi onun ailəsi, dostları və getdiyi məktəbdir. İntiharın səbəbini də bu üç çevrə ətrafında axtarmaq lazımdır. Problem ola bilsin, ya ailədədir, ya da uşağın həmyaşıdlarıyla münasibətində, məktəbdə zorakılığa məruz qalmasındadır. Müəllim özü də ilk növbədə psixoloq olmalıdr. Şagirdlərini yaxşı tanımalı, şagirdlərinin davranışında mənfi hal, bir əksiklik görərsə, məktəb psixoloquyla məsləhətləşməli, uşağı aidiyyatı sosial xidmət sahəsinə yönləndirməlidir. 18 yaşından sonra isə şəxsin əhatə dairəsi böyüyür. O, cəmiyyətə açılır, cəmiyyətdə qarşılaşdığı problemlər, şəxsi həyatındakı çətinliklər intihara gətirib çıxara bilər”.

Yeniyetmələr həssas yaş dönəmində üzləşdiyi stres, problemlərdən çıxış yolu kimi intiharı görürlər. Valideynin, məktəbin, bütünlükdə cəmiyyətin bu səpkidə əsas vəzifəsi həmin mənzərəni dəyişmək, daha başqa çıxış yollarının, daha gözəl seçimlərin olduğunu göstərməkdir. Bu zaman yaşamaq eşqi ölən yeniyetmələrin həyatla ölüm arasındakı çırpıntıları keçər, intiharlardan qaçmaq olar.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir