korpe

Zərif cinsin azlığı milli genimizin dəyişməsinə təsir edə bilərmi?

Baxış sayı: 162

“Qeyri-rəsmi statistikaya əsasən, Azərbaycanda hər 100 hamilə qadından 30-u abort etdirir. Sosioloqların fikrinə görə, əgər bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması ilə bağlı proqnozlar real olmaya bilər”. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

A.Veysəlovanın sözlərinə görə, 2050-ci ilədək əhali 12 milyona çatsa belə, selektiv abortlar nəticəsində ölkədə cins nisbətinin pozulması davam edərsə, əhalinin tərkibində qadınların sayı azala, kişilərin sayı arta bilər. Bu isə genefondumuza mənfi təsir etməklə, onun pozulmasına səbəb olar. Komitə rəsmisi deyib ki, bioloji normaya əsasən, doğulan hər 100 qıza 105-107 oğlan düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var və hər 100 qıza 114 oğlan düşür.

Bunun, artıq demoqrafik problem olduğunu deyən A.Veysəlova qeyd edib ki, Azərbaycan qanunvericiliyi abortları qadağan etmir. Ölkədə abortların 6 həftəlik müddətə qədər ambulator şəraitdə, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionar müəssisələrdə aparılmasına icazə verilir:

“Amma hamiləlik 12 həftəni keçibsə, o zaman xüsusi sosial və tibbi göstərişlər olmalıdır, əks halda aborta icazə verilmir. Hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Təəssüf ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən həyat yoldaşının, qayınana və qayınatanın istəyinə görə, oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi cəmiyyətdə gender balansının, eləcə də genefondun pozulmasına gətirib çıxara bilər”.

Komitə rəsmisinin sözlərinə görə, statistikaya əsasən, Azərbaycanda abortların sayı hər il artır. 2003-cü ildə Azərbaycanda 16 912, 2010-cu ildə 26 801, 2016-cı ildə 34 569, 2017-ci ildə 37 618 qadın abort etdirib. Abortların çoxu, yaşı 29-dək olan qadınların payına düşür:

 

Sosioloq Lalə Mehralı deyir ki, bu barədə mətbuatda xeyli yazılsa da, cəmiyyətdə problemlər hələ də qalmaqdadır: “Selektiv abortların mənfi nəticələrindən biri də məhz budur. Amma cəmiyyət uzun illərdir ki, selektiv abortların genefondumuza nə dərəcədə təhlükəli olduğunu dərk etmir. Bizim millətin oğlan övladına böyük sevgisi var. Qızlar oğlanlardan həmişə bir addım geridə qalıb. Onu da deyim ki, selektiv abortlar  təkcə ailələrə təsir etmir. Hər bir ailə dərk etməlidir ki, selektiv abort milli genefondumuzun, demoqrafik göstəricilərimizin  dəyişdirilməsi deməkdir.  Bu isə milli strategiyaya öz təsirini göstərir. Çünki o uşaq təkcə ailənin övladı deyil, cəmiyyətin bir fərdi, ölkənin bir vətəndaşıdır. Ümumilikdə selektiv abortların nəticəsini təhsil səviyyəsində, zorakılıq statistikasında, əmək və işçi qüvvəsində, yəni  bütün sahələrdə hiss edirik. Məktəblərdə oğlan uşaqlarının qızlara nisbətən üstünlük təşkil etdiyini açıq-aşkar görmək olur. Bağçalarda isə bu, daha kəskin şəkildə özünü büruzə verir. Azərbaycanda dölün cinsinin UZİ vasitəsi ilə deyilməsi qadağan edilib və həkimlərin əksəriyyəti buna əməl edir. 13-cü həftəyə qədər uşağın cinsiyyətini bilmək olmur. Dövlətin tətbiq etdiyi bu qayda öz effektini həqiqətən də göstərdi”.

Sosioloq deyir ki, cəmiyyətdə fərdlərin düşüncəsi dəyişməkdədir: “2000-ci illərdə doğulan uşaqların statistikasında bu, özünü açıq-aşkar büruzə verir. Sonsuzluğun sürətlə artması ailələrin oğul və ya qız övladları arasında seçim etmə məsələsini bir qədər arxa plana salıb. Övladı olmayan ailələr «oğlan, yaxud qız, fərq etməz» deyib illərdir həkimə gedirlər. Artıq uzun illərdən bəri valideynlər uşaqların cinsiyyəti haqqında maraqlanmırlar. Sonsuzluq problemi ilə uzun müddət mübarizə aparan ailələr ayrı-seçkilik etmirlər. Təəssüf ki, cəmiyyətdə yaxşının qədrini yalnız pisi görəndən sonra bilirik. Demoqrafik göstəricilərdəki bu dəyişiklik, gənclər ailə qurduğu zaman özünü daha çox büruzə verəcək. Oğlanlar öz zövqünə, dünyagörüşünə uyğun qızlar tapmaqda çətinlik çəkəcək. Çünki onların seçim imkanı az olacaq. Qızların azlığı milli genimizin dəyişməsinə də təsir edəcək. Ailə qurmağa qız tapmayanlar xarici vətəndaşlarla nikaha girəcəklər. Nəticədə genlər qarışacaq”.

qiz

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki,  bu, cəmiyyətdə qızlara olan biganəlikdən irəli gəlir: “Zorakılıq faktlarında, atılmış uşaqların sayında da bu məsələ özünü büruzə verir. Cəmiyyətimizdə qız övladları ikinci dərəcəli olaraq qəbul edilir. Abortların qarşısını nə qədər almağa çalışsaq da, bizdə oğlan övladının dünyaya gəlməsi daha böyük təmtəraqla qarşılanır. Bu da, ilk növbədə, yersiz ənənələrin hələ də qalması ilə bağlıdır. Əslində qız ya oğlan övladın heç bir fərqi yoxdur. Qadınlar fikirləşir ki, təki oğlum olsun. Onlar özləri də etiraf edirlər ki, mən qız olub nə etmişəm ki, yenə oğlum olsa, yaxşıdır. Cəmiyyət arasında belə bir mif formalaşıb ki, qızlar heç nə edə bilməz, oğlanlar hər şeyi daha yaxşı edər. Demoqrafik göstəricilərin dəyişməsi gələcəkdə öz təsirini göstərəcək. Oğlanlar ailə qurarkən çıraq götürüb qız axtaracaqlar. Amma istənilən halda nəticələr o qədər də faciəvi deyil. Göstəricilər arasında fərq o qədər də böyük deyil. Amma tendensiya davam edərsə, nəticələri daha ağır ola bilər”.

 

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir