formula 1

İncəsənət nümayəndələri “Formula-1” yarışlarını izləyəcəklərmi? – SORĞU

Baxış sayı: 2. 072

Ölkəmiz daha bir beynəlxalq yarışmaya ev sahibliyi edəcək. Belə ki, bir gündən sonra paytaxt küçələrimizdə “Formula 1 Avropa Qran Prisi”-sinə şahidlik edəcəyik. Yenə də dünyanın gözü bizə yönələcək. Qeyd edək ki, Bakıda baş tutacaq Avropa Qran Prisi 2016-cı il “Formula 1” mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Yarış cədvəlinə əsasən, 2016-cı il FİA Formula 1 Dünya Çempionatı çərçivəsində martın ortalarından noyabr ayının sonunadək Formula 1 tarixində bir il ərzində ilk dəfə rekord sayda yarış, başqa sözlə, 21 Qran Pri yarışı baş tutacaq.

Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası Formula 1 təqviminə ən yeni əlavədir. 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Sürət, çağırış, cazibə – bu üç söz Bakı Şəhər Halqasını tam simvolizə edir.
Bəs görəsən ölkəmizdə keçirilən bu önəmli yarışmanı incəsənət nümayəndələri izləyəcəklərmi? Onların “Formula-1” yarışmasına münasibətləri necədir?
Xalq artisti Mənsum İbrahimov “Formula-1” yarışmasının ölkəmizdə keçirilməsinə şad olduğunu vurğuladı: “Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizi həm tanıtmaq, həm də turist cəlb etmək, eyni zamanda ölkənin mədəniyyəti ilə tanış olmaq baxımından vacibdir. “Eurovision”, Birinci Avropa Oyunları, “Beynəlxalq Muğam Müsabiqəsi” və digər tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin dünyada tanınmasına xidmət edən beynəlxalq yarışlar kimi tarixə həkk olundu. Hesab edirəm ki, inkişaf etmiş dövlətlərin hamısı bu mərhələlərdən keçiblər. Bizim üçün nə xoş ki, bir neçə gün ərzində dünyanın gözü yenə də Azərbaycanda olacaq”.
Xalq artisti idmanla bağlı olan bütün yarışları izlədiyini dedi və onları bir sənət əsərinə bənzətdi: “Hazırda Fransada futbol üzrə Avropa Çempionatı gedir. Mən də işlərimi tez bitirib oyunları izləyirəm. Futbol həvəskarı olmasam da, düşünürəm ki, onlar səhnədə – böyük bir arenada sənət əsəri göstərirlər. Oyunçuların içərisindən ən güclüləri və sakitləri özlərini büruzə verir, bu da məndə maraq kəsb edir. Vaxt var idi ki, xarici ölkələrdə bizim ölkəmizi tanımırdılar. Biz onda çox məyus olurduq. Allaha şükürlər olsun ki, belə beynəlxalq yarışmaların ölkəmizdə keçirilməsi sayəsində Azərbaycan bütün dünyaya tanınır. İstər idmanı, istər musiqisi, istərsə də mədəniyyəti ilə. 2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu da futbol üzrə dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq. Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə indiki dövrdə ”.
M.İbrahimov deyir ki, “Formula-1” yarışlarını evdən izləyəcək.
Əməkdar artist Ədalət Şükürov “Formula-1” yarışlarını izləyəcək sənət adamları sırasındadır. Bizimlə söhbətində ifaçı bildirdi ki, yarışlarda iştirak etmək üçün ona dəvətnamə də veriblər: “Ölkəmizdə keçirilən bu mötəbər yarışmanı əldən buraxmaq fikrində deyiləm. Mütləq şəkildə yarışlarda tamaşaçı kimi iştirak edəcəyəm. Fəxr etməliyik ki, ölkəmizdə belə gözəl yarış keçirilir. Düşmənlərimizin heç xəyallarına belə gələ bilməz ki, nə vaxtsa onların ölkəsində “Formula-1” kimi yarış keçirilər. Nəinki “Formula-1”, Avropa Oyunları, musiqi festivalları və sair. Bu baxımdan, biz çox xoşbəxt dövlətik”.
Ədalət Şükürov deyir ki, kişilərin əksəriyyəti avtomobillərlə yaxından maraqlanır: “Avtomobilin sürəti, gücü kişilərin maraq dairəsindədir. Bu yarışmaya daha çox kişilər həvəs göstərir. Nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində keçiriləndə biz bu yarışmanı izləyirdik”.
Əməkdar artist Baloğlan Əşrəfov Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbirə müsbət baxdığını qeyd etdi: “Belə yarışmalara ev sahibliyi etməklə dünyaya sübut edirik ki, biz heç kimdən geri qalmırıq, bizim də ölkəmizdə beynəlxalq yarışlar keçirilir. Bu birbaşa olaraq ölkəmizin inkişafı deməkdir”.
Baloğlan Əşrəfov yarışları evdən izləyəcəyini deyir: “Maşın yarışlarına marağım böyükdür. Ancaq ona baxmaq üçün o qədər də şəraitim yoxdur. “Formula-1” yarışlarının keçirildiyi məkan evimin yaxınlığında yerləşsəydi, çox məmnuniyyətlə gedib onu izləyərdim. Ancaq yalan danışa bilmərəm, yarışlara getməyəcəyəm. Evdən televiziya vasitəsi ilə izləyəcəyəm”.
O ki qaldı yarışların ölkəmizə nə verəcəyinə, ifaçı deyir ki, ilk növbədə Azərbaycan bir daha dünyaya tanınacaq: “Xarici turistlər Azərbaycana cəlb olunacaq. Nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi onun inkişaf etmiş ölkələr siyahısında olduğunu göstərmək deməkdir. Yarışlardan sonra Azərbaycan bir daha idman ölkəsi kimi tanınacaq. Son illər ölkədə aparılan tikinti-quruculuq işləri ilə bağlı dünyaya bir mesaj veriləcək. Daha nə istəyirik ki?”
Əməkdar artist Səlim Abbasov bizimlə söhbətində uzun müddətdir ki, “Formula-1” yarışlarını gözlədiyini, ancaq biletlər çox baha olduğu üçün yarışlarda iştirak edə bilməyəcəyini vurğuladı: “Biletlər ucuz olsaydı, alıb iştirak edərdim. Ancaq qiymətlər çox baha olduğundan gedə bilməyəcəyəm. Yarışları evdən televiziya vasitəsi ilə izləyəcəyəm”.
İfaçı Roza Zərgərli qeyd etdi ki, o, yarışlarda iştirak edə bilməyəcək: “Təəssüf hissi ilə qeyd edim ki, “Formula-1” sürət yarışlarında iştirak edə bilməyəcəyəm. Həmin ərəfədə mən hərbi hissədə konsert proqramı ilə çıxış edəcəyəm. Yarışmanı izləyə bilməsəm də, övladlarım iştirak edəcəklər. Hətta onlar biletlərini də alıblar. Yarışmanı izləmək üçün çox həvəslidirlər. Belə beynəlxalq yarışları əvvəllər ancaq televiziya vasitəsi ilə izləyə bilirdik. İndi isə belə bir möhtəşəm yarışma bizim ölkədə keçirilir. Bundan sevindirici nə ola bilər ki? Hesab edirəm ki, bu yarışma dünyanın Azərbaycanı tanıması üçün ən ideal vasitədir. “Formula-1” yarıması bir neçə il bundan öncə Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” Avropa Oyunlarının davamıdır. Övladlarımızın belə bir tarixi hadisələrə şahidlik etmələrinə çox sevinirəm. Bu, ölkəmizin uşaqlarının dünyagörüşünü artırır, müasirlik gətirir, uşaqlarımızın hər şeydən anlayışı olur. Onlar bu yarışın canlı şahidləri olmaqla iştirakçıların adlarını öyrənmiş olurlar”.
İfaçı “Formula-1” yarışlarının ölkəmizə gətirəcəyi gəlirlərdən də bəhs etdi: “Bu yarışmanın Azərbaycanda keçirilməsi gələcəkdə ölkəmizə turist axınını təmin edəcək. Turistlər ölkəmizə gəlməklə Azərbaycan mədəniyyəti, təbiəti, insanları haqda kifayət qədər məlumat əldə edəcəklər və bunu gedib öz ölkələrində danışacaqlar. Ən azından, dünyanın müxtəlif ölkələrinin vətəndaşları bizim mədəniyyətimizdən, tariximizdən xəbər tutacaq. Bir sözlə, bu işdə qazancımız çox olacaq. Həm turist axını, həm də dünyagörüşümüz çoxalacaq. Biz ifaçı kimi dünyanın müxtəlif ölkələrində konsertlərdə, festivallarda, müsabiqələrdə iştirak edirik. “Eurovision” mahnı müsabiqəsindən əvvəl dünyanın hansı ölkəsinə gedirdiksə, Azərbaycandan gəlmişik deyəndə, ölkəmizi tanımırdılar. Gözlərini döyüb baxırdılar. İndi isə Azərbaycan deyəndə “Eurovision” və “Bakı-2015” Avropa Oyunlarının adlarını çəkirlər. Biz sözlə, “Formula-1” sürət yarışı dövlətimizi dünyanın müxtəlif ölkələrində tanıtmağa xidmət edir. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi daha çox biz vətəndaşlara sərf edir”.
“Qala” qrupunun solisti Ceyhun Əliyev də yarışı izləmək imkanı olmadığını dedi. Bildirdi ki, yarışları ancaq evdə televiziya qarşısında izləyəcək. Çünki yarışları evdən izləmək onun üçün daha rahatdır.  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir