Boşanan cütlüklərdən ayrılıqlarının səbəbini soruşduqda, çox vaxt “xasiyyətimiz tutmadı”, “bir-birimizə yaraşmırdıq” kimi fikirlər səsləndirirlər. Psixoloqlarsa hesab edirlər ki, hər insan öz tipinə uyğun biri ilə xoşbəxt ola bilər. Əvvəlcədən öz tipini öyrənən və xarakterinə uyğun insanla ailə qurmağı planlaşdıran cütlüklərin nikahı uğurlu, söz-söhbətləri az olur.
Psixoloq Dəyanət Rzayevin bildirdiyinə görə, dörd temperament növü var və insanlar ailə qurarkən buna fikir verməlidir: “Sanqvinik, melanxolik, xolerik, fleqmatik temperament tiplərinə təmiz halda heç vaxt rast gəlinmir. Daha çox yarım tiplər yayılıb. Bunları müəyyən etmək üçün xırdalıqları bilmək lazımdır. Məsələn, sanqvinik üzügülər, şən insandır. Amma heç bir işi axıra kimi çatdırmır. Əhval-ruhiyyəsi həmişə yüksək olur”.
Melanxolik isə əksinə qəmgin, pessimist insandır. Xolerik özündən tez çıxandır. Fleqmatik çox sakit, təmkinlidir. Təmiz temperamentlər, ümumiyyətlə, heç vaxt rast gəlinmir. Təmiz fleqmatik və ya təmiz sanqviniklər çox nadir hallarda olur. “Amma əgər biz bunları uyğunlaşdırsaq, görərik ki, özündən tez çıxan xolerik daha çox təmkinli, sakit fleqmatiklə uyğundur. Həyat sevinci ilə dolu sanqvinik qəmgin melonxoliklə daha yaxşı yola gedir. Təcrübə göstərir ki, bu parametrlərin heç biri zəmanət vermir ki, bu formada ailə qursan, səndə hər şey uğurlu olacaq. Burada cütlüklərin tərbiyəsi, dünyagörüşü, ailələr də özünü göstərir”.
Həmsöhbətimiz bildirir ki, xarakterə görə iki nəfər xolerik bir yerdə olsa, onların həyatında problemlər yaşana bilər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, ailə münasibətlərində “biri od olanda digəri su olmalıdır” prinsipi əsas götürülməlidir: “Xoleriklər xırdalıqlara görə də əsəbiləşirlər, stabil deyillər. Onlar hadisələri tez analiz edir və ətrafda baş verənləri tez qavrayırlar. Bu, ən enerjili temperament tipidir. Belə insanlar əsəbiləşib qışqırsalar da, başqalarına nisbətən problemləri daha tez və yaxşı həll edirlər”.
Belə insanlar münasibətdə çox çətin olurlar. Xüsusilə də, onlara uyğun gəlməyən temperament tipləri ilə daha çətin anlaşırlar. Onlar nəinki onlara uyğun gəlməyən tiplərlə, hətta xoleriklərin özü ilə yola gedə bilmirlər. Xoleriklər üçün vəziyyətə nəzarət etmək, idarə etmək çox mühümdür. Bu səbəbdən də onlar eyni tip insanla münasibət qura bilmir. Onların arasında idarə etmək uğrunda mübarizə yaranır. Xoleriklərin münasibət qura biləcəkləri insanlar sanqviniklərdir. Ona görə ki, hər iki tip daha çox ekstravertdir. Ən ideal tip isə onlar üçün fleqmatiklərdir. Fleqmatiklər xolerikləri sakitləşdirir. Fleqmatiklər çox sakit olduqları üçün onların həyatı monoton olur. Belə nikahlarda sanki hər şey hər gün eyni cür davam edir, təkrarlanır. Lakin xoleriklərə qətiyyən uyğun gəlməyən tip melanxoliklərdir. Xolerik xaraktercə çox güclü, melanxolik isə çox zəif olduğu üçün onların birgə həyatı alınmır.
Nə qədər qəribə görünsə də, sakit fleqmatiklər fəal sanqviniklərlə yaxşı yola gedir və nikahları uğurlu olur.
A.Qurbanova bildirib ki, fleqmatik sakit insan olsa da, onu özündən çıxarsan, xolerikdən də pis vəziyyətə düşəcək. Dediyinə görə, fleqmatiklər dinləməyi bacarır: “Bu səbəbdən də çox danışan sanqviniklərə onlarla rahatdır. Fleqmatik öz tipindən olan insanla isə ünsiyyət qurduqda darıxacaq. Belə ki, ikisi də az danışan və passivdir.
Sanqviniklər öz tipindən olan insanlarla yaxşı yola gedir. Əslində onlar istənilən tip insanla yola gedə bilirlər. Lakin öz tipindən olan insanla nikah qurduqda bu nağıl kimi həyat olur. Onlar xoleriklərlə də yaxşı münasibət qura bilər. Sanqviniklər monoloqları xoşlayan xolerikləri rahat dinləyə bilir. Məhz onlardan stimul alan xolerik insanlarla nikah da uğurlu olur. Bir sözlə, sanqviniklərə əksər tip və yarımtiplər uyğundur.
Melanxoliklərə gəlincə, psixoloq bildirib ki, onlara ünsiyyət qurmaq olduqca çətindir: “Belə insanlara maraq göstərənlər az olur. Onlar başqaları ilə münasibəti çox çətin qururlar. Belə ki, ətrafdakıların onlara qarşı mənfi münasibət bəslədiyini düşünürlər. Xüsusilə də, bu cür düşüncə tərzinin kəskin təzahür etdiyi melanxoliklər üçün uğurlu münasibət qurmaq daha çətindir. Bu cür qəmgin tipə onları bu vəziyyətdən çıxara bilən sanqviniklər lazımdır”.
Aynurə MƏMMƏDOVA