aile

Ailə qurarkən necə düzgün seçim etmək olar?

Baxış sayı: 1. 839

Xoşbəxtlik xoşbəxtliyi anlamaqla başlayır. Yəni biz əsl xoşbəxtliyin nə olduğunu anlaya bildiksə, elə bil yolun yarısını qət etmiş olarıq. Əsas məsələ sonsuz gücü tanımaq və bir tərəfdən ona bağlanmaqdır. Əgər qopmayan, qırılmayan ipə sarıla bildiksə heç vaxt solmayacaq rəngə boyana bildiksə deməli xoşbəxtik….

Evlilik-ömrünüzdə bir dəfə yaşayacağınız, daha dəqiq desək bir dəfə yaşamalı olduğunuz yeganə səadətdir. Evləndiyiniz insan sizin üçün ilk və tək olmalıdır. Başqa cür olsa ürəyinizin bir kənarında acı bir xatirə olaraq qalar və həmişə səadətinizə kölgə salar. Düzgün seçim ailənin sağlam təməl üzərinə qurulması nəsillərin yaxşı yetişməsi üçün ən vacib məsələlərdən biridir. Elə isə necə düzgün seçim edə bilərik?

Hər şeydən əvvəl insanlar evlənərkən bir-birlərini aşağıdakı xüsusiyyətlərinə görə bəyənirlər:

• Gözəllik

• Var-dövlət

• Əsil-nəcabət

• Gözəl əxlaq

Xarici görkəm evlilik qərarına təsir edən ən birinci amildir. Əlbəttə, evlənəcəyiniz adamı xarici görünüşü ilə də bəyənməlisiniz. Ancaq sizin üçün vacib olan tək şey yaraşıq olarsa, zaman keçdikcə gənclik gedər və gözəlliklə yanaşı, həyat yoldaşınıza duyduğunuz hisslər yavaş-yavaş azalar.

Deməli, bir neçə gün deyil, ömür boyu bir yerdə olacağınız adamda daimi keyfiyyətlər axtarmalısınız.

Var-dövlətə gəlincə isə bu baxış bucağına görə dəyişən bir məfhumdur. Kimisi pulu çox olanı varlı sayır, kimisi sağlam nəfəs alanı…

Evini dolandıra biləcək bir gəlirə sahib olan və bunu könül xoşluğu ilə xərcləyə bilən hər kəs varlıdır məncə…

Əgər bu fani dünyadan köçüb gedərkən bu qədər nemətdən özümüzlə heç bir şey apara bilmiriksə, bütün ömrümüzü sonu olmayan bir var dövlət sevdasına həsr etməyin nə mənası var? Əsil-nəcabət, vəzifə, şan-şöhrət kimi keyfiyyətlər xoşbəxtlik üçün kifayət etmədiyi üçün, əlimizdə qalır gözəl əxlaq…

Bir atalar sözündə olduğu kimi:üz gözəlliyindən 40 gündə doymaq olar, xasiyyət gözəlliyindən 40 il də doymaq olmaz.  Elə isə, evlənərkən hər şeydən əvvəl xasiyyətini bildiyiniz bir insanla, həm də ailənizin xeyir-duasını alaraq evlənin. Verəcəyiniz bu qərarla xoşbəxtliyinizin 50%-inə bəri başdan sahib ola bilərsiniz. Qalan 50%-inə nail olmağın yollarını isə növbəti yazıda birlikdə araşdırarıq…

Aynurə Şükürova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir