usaq ve deniz

Uşaqları çimərliyə apararkən nələri nəzərə almalıyıq?

Baxış sayı: 1. 755
Yayın əvəzedilməz istirahət növlərindən biri də çimərlik turizmidir. Dənizdə çimməyi böyüklərlə yanaşı, uşaqlar da çox sevirlər. Amma böyüklərdən fərqli olaraq, uşaqların orqanizmi zəif və daha həssas olduğu üçün mütəxəssislər onları dənizə apararkən diqqətli olmağı məsləhət görürlər. Çünki sonradan bir çox problemlər baş qaldıra bilər.
Bəs ümumilikdə uşaqları çimərliyə apararkən nələri nəzərə almalıyıq? Nələrə diqqət edilməsə, uşaqların sağlamlığında problemlər yarana bilər?
Pediatr Günay Rəsulova mövzu ilə bağlı açıqlamasında bildirdi ki, dənizin zərərlərindən uşağı qorumaq üçün ilk növbədə çimərliyin təmizlik dərəcəsinə fikir vermək lazımdır. Bundan başqa, bir çox digər məqamlar da nəzərə alınmalıdır: “Məsələn, adi çimərliklərə deyil, ekspertizadan keçmiş yerlərə aparsınlar. 1 yaşa qədər uşaqları ayaqdan yuxarı suya salmasınlar. 1 yaşdan yuxarı uşaqları suya salarkən isə diqqətli olsunlar ki, suyu udmasın. Uşaqlar başa düşdükləri yaşda isə onlara suyu udmamaqla bağlı ciddi tapşırıqlar versinlər. Əgər uşağı dənizə aparırlarsa, ona üzgüçülük öyrətmək lazımdır. Üzməyi bacaran uşaqlar dəniz suyunu daha az udurlar. Bacarmadıqları halda daha çox dəniz suyu udurlar ki, bu da ziyanlıdır. Dənizdə çimmək saatlarına diqqət edilməlidir. Düz düşən günəş şüalarının intensiv saatlarında mütləq uşağın başında papaq olmalıdır. Günvurma ola bilər. Gözə qoruyucu eynəklər taxılmalıdır. Çirkli su, dəniz suyu, hovuzlarda çimərkən xlorlu su qulağa gedərsə, bu da bir sıra xarici və daxili qulaq iltihablarına gətirib çıxara bilər. Yağda islanmış pambıq tıxaclar vasitəsilə qulağı qorumaq lazımdır. Bundan savayı, uşaqlar dənizdə çimərkən dəridə problem yaranmasın deyə, suyun çirklilik dərəcəsinə fikir verilməlidir. Uşaq yaş paltarda uzun müddət qalmamalıdır. Dənizdən çıxdıqdan sonra bol təmiz su ilə çimizdirmək lazımdır. Uşaqları dənizə çılpaq deyil, tez quruyan parçalardan olan çimərlik paltarları ilə salın. 2 yaşa qədər uşaqları dəniz və ya hovuza salmayın”.
Pediatr deyir ki, diqqətli olunmadığı təqdirdə uşaqlarda qulaq, sidik yolu, mədə-bağırsaq infeksiyaları, göz, göbələk, parazitar xəstəlikləri, sinusitlər, dəri yanıqları və s. baş qaldıra bilər: “Qulaq infeksiyaları zamanı qulaqda qaşınma, ağrı, pis qoxulu ifrazat, qızdırma kimi şikayətlər olur. Bunlar varsa, mütləq həkimə müraciət edilməlidir. Sidik yolu infeksiyaları isə xüsusilə də qız uşaqlarında yaş çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq uzun müddət oyun oynamaq nəticəsində mikrobların asanlıqla sidik yollarına qalxması zamanı yaranır. Əlamətləri ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahsızlıq, halsızlıq, qızdırmadır.
Göbələk infeksiyaları isə dəri və dırnaqlarda olur. Yoluxucudur. Qaşınma, qızarıqlıq bəzən ağ qabıqlı ola bilir. Sinusit və burun tıxanıqlığı həm hava damcı infeksiyasi kimi, həm də hovuzlarda istifadə edilən xlorla bağlı allergik uşaqlarda görülür”.
G.Rəsulovanın sözlərinə görə, yay aylarında uşaqlarda dənizdə yaranan problemlərlə bağlı müraciətlər çox olur: “Xüsusilə dərinin iltihabı, irinli xəstəliklər, səpkilər, mədə-bağırsağın kəskin infeksiyaları, ishal, qusma, günvurma halları ilə bağlı tez-tez müraciətlər olur. Ona görə də mən üzərimə düşən qədər anaların məlumatlı olması üçün çalışıram. Problem kəskin olaraq dənizdən gələn günlərdə baş qaldırmasa da, tədricən yaranır. Məsələn, parazitar xəstəliklər, mədə-bağırsaq problemləriı və s. Ona görə mütləq uşaqları qorumaq lazımdır”.
Pediatr Kəmalə Əmrahova deyir ki, uşaqların dərisi incə, açıq rəngli, yağ ifrazı az olduğuna görə həm də quru olur. K.Əmrahova bildirdi ki, uşaqlar həssas dəriyə sahib olduqları üçün günəş şüasının zərərlərindən onları qorumaq lazımdır. Bunun üçün onları ilk növbədə günəşin ən isti vaxtları olan 11.00-16.00 arası günəş altına çıxarmaq olmaz. Günəş şüasının zəif olduğu vaxtlar uyğun göstəriş olsa da, buna müəyyən bir zaman kəsiyində icazə verilir. Belə ki, körpələr maksimum 10 dəqiqə, böyük uşaqlar isə 20 dəqiqə günəş altında ola bilər: “Bundan artıq olmamasına diqqət yetirsələr yaxşıdır. Günəş alında olduqları az bir  zaman kəsiyində belə kepka və günəş gözlüyü istifadə edilməlidir. Uşaqları günəş şüalarından, yanığından qorumaq üçün günəş çətirlərindən istifadə edilməli, onların tam kölgəli sahələrdə oynamalarına diqqət edilməlidir. Geyimlərin pambıqdan olmasına çalışsınlar. Bu geyimlərin məsamələri sıx olmalıdır ki, uşaqları günəşdən qoruya bilsin. Bir də uşaqlar üçün günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir”.
Uşaqlar dənizi nə qədər sevsələr də, diqqətli olmasaq, bu, onların sağlamlıqlarında müxtəlif problemlərə yol aça bilər. K.Əmrahova deyir ki, dənizə gedən uşaqlarda diqqət edilmədiyi təqdirdə əsasən qulaq, mədə-bağırsaq, göz, sidik yolu və parazitar xəstəlikləri baş qaldıra bilər. Bunların olmaması üçün valideynlər maksimum dərəcədə diqqətli olmalıdırlar. Çünki bu, sonradan uşaqlarının sağlamlığında problemlərə yol aça bilər. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir