Həyat yoldaşınıza etibar edirsinizmi? Bu, evli insanları düşündürən ən ciddi suallardan biridir. Burada etibar kəlməsini “sədaqət” mənasında işlətmirik. Demək istədiyimiz odur ki, sirrinizi həyat yoldaşınızla paylaşırsınızmı? Həyat yoldaşınız heç kimə demədiklərini sizə söyləyirmi? Yoldaşınıza qarşı nə qədər səmimisiniz?
Əlbəttə, ən yaxşısı odur ki, həyat yoldaşımızla aramızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər. Belə zamanlarda qarşı tərəfi ittiham edən ifadələrin ardı-arası kəsilməz. Halbuki ailə üzvləri bir-birilərinə hamıdan daha çox etibar etməlidir. Əgər tərəflər ailə içərisində bir-birilərinə etibar etməsələr, o zaman fikirlərini paylaşa biləcəkləri başqa insanları axtarmağa başlayacaqlar. Bu da ailənin bütövlüyünə zərər verəcək. Bu baxımdan tərəflər bir-birilərinin sirdaşı olmalıdırlar. Söylədikləri sözlərin gələcəkdə üzlərinə vurulmayacağından narahat olmamalıdırlar.
Sirlərini bir-birilə paylaşmayan tərəflər həyatlarını da paylaşa bilməzlər. Bir qadın və ya bir kişi istənilən məsələni rahatlıqla həyat yoldaşı ilə paylaşa bilirsə, deməli, həmin evlilik sağlam təməllər üzərində qurulub. Tərəflər ancaq bu cür bir-birinə yaxın və vazkeçilməz ola bilərlər. Ən köklü dostluqlar belə, bir müddətdən sonra unudula bilər. Ancaq etibar duyğusu ilə köklənən bir evlilik əvvəlki nəsillərdə olduğu kimi, uzunömürlü ola bilər. Bütün bunlar olmasa, hər iki tərəf bir-birinin zəif yerlərini tapmağa çalışan idmançılara çevrilərlər və bu evliliyin sonu olmaz.
Kim olursa olsun, əgər ona etibar edilmirsə, bundan xoşlanmayacaq. Həyat yoldaşınıza hiss etdirsəniz ki, ona etibar edirsiniz, bu, ona verilən ən gözəl hədiyyə ola bilər. Bir də ki, etibar asanlıqla qazanılmır. Halbuki etibarın itirilməsi çox asandır. Bu səbəbdən başqalarının etibarını qazanmaq əmək və zaman tələb edir. İnsanlarla gözəl münasibəti olan, ata-anasından və başqalarından xoş niyyət və fədakarlıq görən insanlar özlərini daha etibarlı hiss edirlər. İnsanları sevməkdə və yeni münasibətlər qurmaqda çətinlik çəkmirlər. Müxtəlif səbəblərdən etibar hissi zədələnən insanlar xoşagəlməz hadisələrlə qarşılaşmamaq üçün başqaları ilə ünsiyyət qurmaqdan qaçırlar. Nəticədə həmin insanın tək qalıb depressiyaya düşmək, ya da iş və ailə həyatında ciddi problemlərlə qarşılaşmaq ehtimalı artır.