ders

Valideynlərə şad xəbər: “Hazırlıq kursları pulsuz olacaq”

Baxış sayı: 2. 083

“Məktəbəqədər təhsil ölkənin orta və uzun müddətli sosial iqtisadi inkişafına təsir edən ən vacib təhsil pilləsidir”.
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. O, Azərbaycanda məktəbəqədər təhsilə hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olduğunu qeyd edib: “Məqsəd qoyulur ki, məktəbəqədər təhsil ölkənin 90 faizinə çatdırılsın. Bu gün göstərici 20 faizdən aşağıdır. Son illərdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin bütün regionlarında uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri tikilib.

Qanunvericilikdə xüsusi dəyişikliklər edilib. Nazirlik iki il bundan əvvəl Bakı məktəblərində pullu məktəbəqədər hazırlıq kurslarını təşkil edib. Bu kursların ödənişli olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə aid hər hansı vəsaitin nəzərdə tutulmamasıdır. Uşaq bağçaları isə yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir”.

Nazir bildirib ki, Bakı məktəblərində tətbiq edilən məktəbəqədər hazırlıq kursları layihəsi uğurlu olub və minlərlə vətəndaş öz uşaqlarını həmin kurslara cəlb edib: “Bu öz növbəsində həmin uşaqların məktəb göstəricilərinə müsbət təsir göstərir. Belə trendi müşahidə edərək Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Məsələləri üzrə Dövlət Komissiyası bunu ölkə üzrə tətbiq edilməsini müzakirə edib və Nazirlər Kabineti qarşısında vəsadət qaldırdıq. Bunun isə ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına hər bir vətəndaşın uşağı təmin olunmasına qərar verildi.

Bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq ki, hansı məktəblərdə maddi texniki baza imkan verirsə orada tətbiq edək. Məlumdur ki, bir sıra məktəblərdə maddi texniki baza yaxşılaşdırılıb və həmin məktəblərdə ödənişsiz kurslar təşkil ediləcək. Nəticədə məktəbəqədər təhsilin əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə qalxacaq”.

Nazir qeyd edib ki, bu layihə tamamilə könüllüdür. “İstənilən valideyn öz övladını məktəbəqədər təhsilə cəlb edə bilər. Onlar belə bir qərar verdiyi təqdirdə uşaqların təhsili dövlət tərəfindən təmin olunacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir