xestelik

Uşaqlar daha çox hansı xəstəliklərə tutulur?

Baxış sayı: 1. 760

Azərbaycanda 0-3 yaşlı uşaqlar arasında daha çox müşahidə edilən xəstəlik tənəffüs orqanı xəstəlikləridir. Bu barədə Dövlət Statistika Komitəsindən “azvision.az”a verilən məlumatda bildirilir.
Xəbərə görə, ötən il 0-3 yaşlı uşaqlar arasında 343 289 nəfər tənəffüs orqanı xəstəliklərinə tutulub. 2015-ci ildə 61720 uşaq bəzi infeksion və parazitar xəstəliklərlə xəstələnib. Siyahıda üçüncü yeri həzm sistemi xəstəlikləri tutur. Belə ki, ötən il xəstələnən 49 908 uşağa bu diaqnoz qoyulub.
0-3 yaşlı uşaqlar arasında sinir sistemi xəstəlikləri 35 779 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri ilə 31073 nəfər, qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar nəticəsində 30 108 nəfər xəstələnib.
“Memorial” klinikanın həkim pediatrı Vaqif Qarayev bildirir ki, uşaqlarda yuxarı tənəffüs yolları xəstəlikləri təkcə Azərbaycanda deyil, bütün dünyada risk qrupuna aid xəstəliklər hesab edilir: “Azyaşlı uşaqlarda tənəffüs  yollarının anatomik xüsusiyyətləri xəstəliklərin ağır keçməsinə şərait yaradır. Yəni tənəffüs yolları dar olduğundan, böyüklərdən fərqli olaraq, uşaqlarda soyuqdəymə, qrip və müxtəlif infeksiyalar çox ağır keçir. Məktəb yaşlı, bağça yaşlı uşaqlarda bu ağırlaşmalar yaş artdıqca azalır.  Ancaq südəmər uşaqlarda pnevmaniya, sətəlcəm kimi təhlükəli ağırlaşmalar müşahidə edilir. Və bunların müalicəsi çox çətin olur” deyən müsahibimizin sözlərinə görə, ən təhlükəli məqam bakteriya və virusların təsirindən tənəffüs yollarının sıxılmasıdır. Tənəffüs yolları orqanizmə düşmüş mikrobun, virusun təsirindən sıxılır ki, bu da uşaqların tənəffüsündə  problem yaradır. Sadə dillə desək, uşaq boğulmağa başlayır.
Həmin uşağa həkim müdaxiləsi olmazsa, uşağ tələf ola bilər. “Buna görə də valideynlər bilməlidirlər ki, körpə uşaqlarda soyuqdəymə əlamətləri müşahidə etdikləri zaman mütləq həkimə müraciət etmək lazımdır”.
V.Qarayevin bildirdiyinə görə, bəzən valideynlər özləri uşaqlarını müalicəyə başlayırlar. “Amma buna yol vermək olmaz. Ola bilsin ki, dərmanla qızdırmanı sala bilsinlər, amma ağırlaşma başlayarsa, evdə heç nə edə bilməyəcəklər”.
Uşaqlarda “yalançı hinaq” deyilən çox ciddi bir problemin olduğunu deyən həkimin sözlərinə görə, uşaq qəflətən boğulmağa başlayır, nəfəs ala bilmir. “Bu kimi hallarda valideyənlər türkəçarə etmək olmaz, uşağı itirə bilərlər. Təcili həkimə müraciət etmək lazımdır”.
Onun dediyinə görə, “soyuqdəymədir, keçib gedər” deyərək, aptekdən qızdırmaya qarşı dərman alıb uşağa vermək olmaz.  “Çünki soyuqdəymə əksər hallarda keçib getmir. Həkimə müraciət edəndə isə həddən artıq gec olur. Bir daha qeyd edirəm ki, körpə uşaqlar soyuqdəymə zamanı ağırlaşmaya həddən artıq meyilli olurlar. Və bu ağırlaşma ilə mübarizə aparmaq həkim üçün də çətin olur. Valideyinlər uşaq xəstə olan zaman ona “Nurofen” və parasetomol tərkibli dərmanlar verə bilər. Uşağın qızdırması 38 dərəcədən çox olarsa, dərman  vermək olar. Uşaq xəstə olan zaman valideynlər çalışırlar ki, verilən dərmanla temperatur normaya düşsün. Temperatur heç bir dərmanla normaya düşə bilməz. Çünki normaya düşməyin özü də xoşagələn hal deyil” deyən müsahibimiz bildirir ki, xəstəliktörədicinin özünün dövranı var, o, gərək həmin dövrü yaşasın. Sadəcə çalışmaq lazımdır ki, qızdırma uzun müddət, saatlarla, günlərlə yüksək qalmasın. Buna görə qızdırma dərmanı vermək lazımdır.
Çox zaman valideynlər şikayət edirlər ki, dərman veririk, qrip keçmir. V.Qarayevin dediyinə görə, qripin də keçmə müddəti var. Dərman verən kimi sağalması mümkün deyil. Həm də qrip ayrıca xəstəlikdir.”Çox zaman insanlar bütün soyuqdəymələrə qrip adı verirlər. Valideyn müşahidə etməlidir ki, əgər onun verdiyi dərmanla qızdırma düşmürsə və ya tez-tez qalxırsa, həkimə müraciət etməlidir ki, gec olmasın”.
Onun dediyinə görə, uşaqlarda çox zaman soyuqdəymələr zamanı qusma, ishal və ya mədə ağrısı müşahidə olunur ki, bu da uşağın orqanizminə düşən virusdan asılıdır. “Elə viruslar var ki, mədə-bağırsaq problemlərinə yol açır. Əgər problem mədə-bağırsağın problemidirsə, ona həkim xüsusi pəhriz  verir. Yəni qaytaran uşağa dolma-aş versək, yenə qusacaq.  Belə uşaqlara maye tərkibli yeməklər verilir. Yox, əgər mədə-bağırsaq problemi viruslu soyuqdəymədəndirsə, o zaman pəhrizə ehtiyac qalmır və uşağa istənilən yeməyi vermək olar”.
Elə viruslar var ki, mədə-bağırsağı da zədələyir. Burda qusma və qarın ağrısı üçün hər dərmandan istifadə eləmək olmaz. Müdaxilə virus əleyhinə olmalıdır. Bunu da ancaq həkim təyin edəcək.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir