aile

Kişilərin aqressivləşməsinə səbəb nədir?

Baxış sayı: 1. 914

Son zamanlar kişilərin sevdikləri qadınlara, həyat yoldaşına qarşı aqressiyası artıb. Təkcə bu ayın əvvəlindən baş verən belə cinayət hadisələrinin statistikası dediklərimizə sübutdur.

Tərtərdə kişi arvadını və qayınanasını baltaladı. Hadisə avqustun 4-ü baş verib. Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, 29 yaşlı Tofiq Məmmədov yaşadığı evdə arvadı, 37 yaşlı Məshəti Səmədova və qayınanası Səfurə Quliyevaya balta ilə xəsarət yetirib. Başından xəsarət alan ana və qızı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T.Məmmədov saxlanılıb.

Sevgilisi hamilə qadını öldürüb quyuda basdırdı. Qeyri-rəsmi nikahda yaşadığı qadınla mübahisə edən kişi onu amansızlıqla öldürüb. Ağır cinayət paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Hadisədən iki gün sonra qəsəbə sakini 37 yaşlı Altay Həsənov Xəzər polis bölməsinə gedərək 34 yaşlı Yasəmən Novruzovanın itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Gəncədə ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.  Qətli törədən şəxs həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib. Ərlə-arvad arasındakı mübahisəni sakitləşdirmək istəyən baldız da “payını” alıb. Hər iki bacı xəstəxanaya aparılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Gəncədə ailə münaqişəsi ölümlə nəticələnib. Samux rayonu, Əlibəyli kənd sakini, 33 yaşlı Ruslan Qurbanov Gəncənin Cavad Xan qəsəbəsində yaşayan baldızı Nailə Vəliyevanın evinə gələrək, həyat yoldaşı – 30 yaşlı Məhəbbət Vəliyevanı bıçaqlayıb. Məhəbbət Vəliyeva ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Bəs insanların bu qədər aqressivləşməsinə səbəb nədir?  Sosial psixoloq Aynur Əlibəyli hesab edir ki, kişilərin aqressiv olmasının əsas səbəbi maddiyyatla bağlıdır. Yəni, işsiz, pulsuz kişi həm aqressiv olur, həm də özünə inamsız: “Maddiyyat kişilər üçün çox önəmlidir. Hətta bir məsəl var, deyir, “qadını pulsuzluqda, kişini isə pul olan zaman tanıya bilərsən”. Kişilərin pulu olmayan zaman daha aqressiv, əsəbi, özünə inamsız olurlar. Bu səbəbdən də qarşısındakının kim olmasının onun üçün fərqi olmur. Əsəbi, aqressiv olan kişi ən xırda bir hadisəni böyüdüb qətllə sonlandıra bilər”.

Müsahibimiz bildirir ki, maddi sıxıntılar kişiləri alkoqol, narkotik və psixotrop maddələrin vərdişkarına da çevirə bilər. Bu halda isə istənilən cinayətin baş verməsi mümkündür. “Kişilərdən “niyə içirsən, niyə siqaret çəkirsən, niyə narkotik maddə istifadə edirsən” soruşanda “dərdlərimi unutmaq üçün” cavabını verirlər. Kişinin əsas dərdi isə pulsuzluqdur”.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində 434 məişət zorakılığı cinayəti baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu cinayətlərin 7,4 faizi sərxoş vəziyyətdə törədilib. 11,8 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 0,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 1,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 96,1 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,9 faizi əzab vermə, 0,9 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı cinayətləri nəticəsində 521 nəfər zərər çəkib ki, onların da 81 faizini qadınlar təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyyə İbrahimovanın sözlərinə görə, 2015-ci ildə uşaqlara qarşı 2248 fakt qeydə alınıb. Ailə münaqişələri zamanı 867 məişət zorakılığı faktı qeydə alınıb. Şöbə müdiri son zamanlar məişət zorakılığı faktlarında artımın müşahidə edildiyini deyir. Bunun da müəyyən səbəbləri var: “Zorakılıq halları gənc qızlara qarşı daha çox edilir. Burada sosial və dini məsələlər mühüm rol oynayır. Cəmiyyətimizdə müəyyən stereotiplər var ki, bu da zorakılıq hallarının sayını artırır. Ailədaxili zorakılıq halları gender stereotiplərindən irəli gələn məsələdir. Xüsusilə kənd yerlərində bu cür yanaşmalar daha çoxdur. Yetkinlik yaşına çatmayan qızlarla bağlı həm ailə münaqişəsi, həm qısqanclıq zəminində belə hallar çox baş verir”.

Psixoloq Fərqanə Mehmanqızı isə bildirir ki, kişilərin  qadınlara qarşı aqressiv münasibəti hər zaman olub. “Amma keçmiş dövrdə baş verən hadisələrlə müqayasə etsək, görərik ki, bu gün kişilərin aqressiyası azalıb, artmayıb. Çünki qadınlar da cəmiyyətdə mühüm yer tutmağa başlayıb, işləyirlər. Qadınlar daha müstəqil düşünürlər, daha azaddırlar. 20 il bundan əvvəlin qadınları ilə müqayisə etsək, görərik ki, bu günün qadınları daha az zorakılığa məruz qalır”.
Onun sözlərinə görə, bu gün kişilərin aqressiyasını başa düşmək çətin deyil. Maddi sıxıntılardan, işsizlikdən  əziyyət çəkən kişilər məcbur qalıb öz aqressiyasını övladından, yoldaşından və sevgilisindən çıxır: “Çünki maddi və mənəvi problemlər insanları artıq boğaza yığıb”.

Sosial şəbəkələrdə apardığımız sorğularda da maddiyyatın  önəmli olduğu qeyd edilir. Nərgiz Sadıqlının sözlərinə görə, bütün cinayətlərin başında maddi vəziyyət durur. Maddi vəziyyətin aşağı olması cinayət riskini artırır.

Digər sorğu iştirakçı Rahim İmanov deyir ki, baş verən bütün cinayətlərin səbəbləri var. Yəni heç bir kişi boş yerə azadlıqdan məhrum olunmaq istəməz: “İstənilən halda kişi qadına əl qaldırmamalıdır. Əgər qadın lap xəyanət edibsə,  ən böyük günah yenə kişidədir. Sadəcə, xəyanətə görə qadını öldürən kişidən soruşulmalıdır ki, sən necə kişisən ki, qadın xəyanət edir?”

İradə CƏLİL