Rio-2016

Şou-biznes nümayəndələri ölkəmizin Yay Olimpiya Oyunlarındakı nəticələri haqda nə düşünürlər?

Baxış sayı: 1. 829
İsti yay günlərində idmansevərlərin əsas diqqəti Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına yönəlib. Belə ki, bu ilin Yay Olimpiya Oyunları XXXI dəfə dünyanın sülh elçilərini Olimpiya bayrağı altında toplayıb. Planetin 205 ölkəsinin 12 500-ə yaxın idmançısı 17 gün ərzində Braziliyanın stadionlarında ən güclünü müəyyən etmək üçün  sözün əsil mənasında məharətlərini göstərirlər.
Yay Olimpiya Oyunları içində idman həvəsi olan insanları – uşaqdan böyüyə hər kəsi bu oyunları izləməyə sövq edir. İdman azarkeşlərinin arasında məşhurlar da az deyil. Biz də mövzumuzu məhz onlara həsr etdik. Oyunların getdiyi bu günlərdə məşhurlarla onların idman sevgisindən və  ölkəmizin Yay Olimpiya Oyunlarındakı nailiyyətlərindən danışdıq.
Məlum oldu ki, Xalq artisti Azərin idman həvəskarlarından imiş. O əmindir ki, sağlam bədəndə sağlam ruh olmalıdır: “Yaşadığımız gündəlik həyatda hər bir insan sağlamlığı üçün sevdiyi hər hansı bir idman növü ilə məşğul olmalıdır. Ölkəmizdə idmanın inkişafı bizim gələcək nəsillər üçün də çox önəmlidir. Hesab edirəm ki, bugünkü nailiyyətlərimizlə yetinməməli, bu yolda daha çox çalışmalıyıq.  O ki qaldı Rio de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına, mütəmadi olaraq oyunları izləyirəm. Ölkəmizi təmsil edən hər bir idmançı bizim övladımızdır, vətəndaşımızdır. Biz bir vətəndaş olaraq onları sonuna qədər dəstəkləməliyik”.
Xalq artisti deyir ki, üzgüçülüyü, taekvandonu çox sevir. Özü də gündəlik olaraq yüngül qaçışla məşğul olur və hər gün 5 km qaçır. İfaçı deyir ki, işlərinin çoxluğundan Yay Olimpiya Oyunlarını tam olaraq izləmək imkanı əldə edə bilməyib: “Oyunları tam olaraq izləyə bilməsəm də, idmançılarımızın oynayacağı günləri dəqiqləşdirib, yalnız onların oyunlarını izlədim. Mənim üçün önəmli olan ölkəmizin hansı yeri tutması və kimlərə qalib gəlməsidir. Rəsul Çunayevi izlədim və ona sonuna qədər dəstək verəcəyəm”.
Xalq artisti Tünzalə Ağayeva Feysbuk sosial şəbəkəsi vasitəsi ilə  Yay Olimpiya Oyunları ilə bağlı fikirlərini izləyiciləri ilə bölüşüb. Olimpiya səfiri olaraq idmançılarımızı təbrik edib və onlara uğurlar arzu edib: “Azərbaycanın idman şərəfini qoruyan, ölkəmizə medal qazandıran qəhrəman idmançılarımızı təbrik edirəm. Olimpiya səfiri olaraq sizinlə fəxr edirəm. Nəinki mən, milyonlarla Azərbaycan vətəndaşı sizlərlə fəxr edir. Bu gündən sonra yarışan idmançılarımıza güc, açıq yol diləyirəm. İnanıram ki, siz şanslı idmançılardan olacaqsınız. Əziz idmançılarımız, siz bizim fəxrimizsiniz və  biz sizinləyik və biz bir yerdə güclüyük”.
Əməkdar artist Lalə Məmmədova bizimlə söhbətində oyunları izlədiyini, ancaq hələ ki istənilən nəticənin əldə edilmədiyini deyir: “İstəyirəm ki, ölkəmizin uğurları daha çox olsun. İnşallah, bizi qızıl medalla sevindirərlər. Bu gün Azərbaycan idmanında inkişaf gedir, Böyük uğurlar əldə etmək üçün bizə bir qədər zaman lazımdır. Hər şeyə birdən-birə nail olmaq olmur. 20 il ərzində çox modern bir ölkəyə çevrilmişik və bu ölkədən çox şey tələb etmək də düzgün deyil. İdmanımıza, incəsənətimizə göstərilən qayğı da danılmazdır. İdmanda bir dəfə uğursuzluq əldə etmək o demək deyil ki, bu, daima belə gedəcək. Bu dəfə uduzduqsa, gələn dəfə qalib gələ bilərik”.
Üzgüçülüyə böyük marağının olduğunu bildirən Əməkdar artist deyir ki, mütəmadi olaraq üzgüçülüyə gedir.
Əməkdar artist Baloğlan Əşrəfov deyir ki, qızıl medal almadığımıza görə təəssüf hissi keçirir: “Gümüş, bürünc medallara sahib olduğumuzu eşidəndə sevincimin  həddi-hüdudu yox idi. Ölkəmin hər bir uğuruna sevinirəm. İstəyirəm ki, ölkəmin uzaq-uzaq ellərdən xoş sədası gəlsin. Danılmaz faktdır ki, idmanın inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılıb. Hər şey göz qabağındadır – gözəl stadionlarımız, üzgüçülük salonlarımız, atıcılıq məkanlarımız var. İdmançılarımıza hər cür şərait yaradılıb. Belə olan halda nə üçün qızıl medalımız olmasın? Dünya onları tanımasın? Oyunçularımızın qızıl medalı almağa az qalmış məğlub olduqlarını görəndə məyus oldum. Bu, mənə də təsir edir”.
İfaçı deyir ki, onun futbola, voleybola böyük həvəsi var. Azərbaycan daha çox boks, güləş üzrə inkişaf edir.
Xalq artisti Səməd Səmədov köhnə idmançılardan olduğunu dedi. Bildirdi ki, zamanında o da idmanla məşğul olub: “Vaxtilə boksla məşğul olmuşam. Boks ustası Tofiq Babanlının tələbəsi olmuşam. Vaxtım olmadığı üçün idmanla çox az məşğul oluram”.
Olimpiya oyunlarının hər dəqiqəsini izlədiyini deyən Xalq artisti  ABŞ və Çinin öndə olduğunu deyir: “Rusiya, Qazaxıstan digər idman növlərində irəlidədir. Ölkəmiz 30-cu yerdədir. Hazırda 11 medalımız var. Rəsul Çunayevi də izlədim. Çox məyus oldum. Bürünc medal aldı. Mən onun müsahibəsini oxudum. O deyir ki, mənim arzum var idi və o arzuya çatmadım. O, ölkəmizə bürünc medal gətirib. Qızılımız olmasa da, gümüş və bürünc medallarımız var. O da pis nəticə deyil. Taekvandoda, cüdoda çox yaxşı iştirak etdilər. Hələ oyunlar qabaqdadır. Ümid edirəm ki, qızıl medal alacağıq. Mən bilirəm ki, bizim iştirakçılarımız qızıl medal almağa qadirdirlər. Əslində iştirakçılarımızın hamısından yüksək performans gözləyirdim. Bizim idmançılarımız Avropa çempionatında qalib olublar. Azərbaycan boksçuları dünyaca məşhurdurlar. Yenə də şükür bu günümüzə”.
 Əməkdar artist Ədalət Şükürov bizimlə söhbətində Yay  Olimpiya Oyunlarını zaman tapdıqca izlədiyini bildirdi: “11 medal kiçik bir ölkə üçün böyük uğurdur. İdmançılarımız nə bacarırdılarsa, onu da göstərdilər. İnşallah, bundan sonrakı oyunlarda qızıl medal qazanarıq. Əhalimizin sayına görə isə əldə etdiyimiz nailiyyətdən çox razıyam. ABŞ-ın əhalisinə uyğun olaraq onlar birinci yerdədir, bu, normaldır. Çinin  bir milyarddan çox əhalisi var. Onlar üçün 50 medal azdır. Bizim nəticələrimiz çox yaxşıdır”.
İfaçı stolüstü tennisə, cüdoya, güləşə marağının olduğunu dedi: “Çoxu elə bilir ki, mən idmanla məşğul olmuşam deyə formada qalmışam. Əksinə, ciddi şəkildə idmanla məşğul olmamışam. Həmişə bədən tərbiyəsi ilə məşğul olmuşam. İdmanla bədən tərbiyəsi tamamilə başqa şeylərdir. Hamıya məsləhət görərdim ki, bədən tərbiyəsi ilə məşğul olsunlar”.
 İfaçı söhbət əsnasında öz iradlarını da qeyd etdi. Bildirdi ki, idmanda udmaq da olar, uduzmaq da: “Məni narahat edən bir məqam var. Çox istəyirəm ki, sizin vasitənizlə onu oxuculara çatdırım. Sosial şəbəkələrdə məğlub olan  idmançılarımız  haqqında xoşagəlməz ifadələr səsləndirirlər. Bu da mənə xoş gəlmir. Normal insanın düşüncəsi varsa, bilir ki, bu, normal haldır. Bu, yaxşı dərslərdən biridir ki, gələn oyunlara ciddi hazırlaşın. Ancaq təhqir etmək heç də düzgün deyil. Biz erməniləri nə qədər udmuşuq? Ona görə də heç kimi qınamaq lazım deyil. Elə idmançı varmı ki, həmişə udsun? Rəqibdən, idmançının hazırlığından çox şey asılıdır”.
Əməkdar artist  Səlim Abbasov bizimlə söhbətində bildirdi ki, oyunları izləyir. İfaçı qeyd etdi ki, bircə qızıl  medalımız olsa belə, bu, qaneedici nəticə ola bilər: “Heç olmasa 1 dənə qızıl medalımız olsun ki, öyünməyə dəysin. Rəsul Çunayevə görə də çox məyus oldum. Adi kiçik bir səhv onu məğlub etdi. Ona böyük ümidlərimiz var idi. Qismət belə imiş”.
Səlim deyir ki, bütün idman növləri ilə maraqlanır və futbola xüsusi marağı var. Mütəmadi olaraq dostları ilə futbol oynayır.
Rejissor Ramin Hacıyev bizimlə söhbətində bildirdi ki, mütəmadi olaraq idman xəbərlərini izləyir. İdmana böyük marağının olduğunu da gizlətməyən rejissor üzgüçülüyü çox sevdiyini dedi: “Üzgüçülüyü sevsəm də, hazırda velosiped sürməklə məşğulam. İdman sağlamlıqdır. Biz də sağlam olmaq üçün əlimizdən gələni edirik”.
R.Hacıyev bildirdi ki, oyunları tam olaraq izləmək imkanı əldə etməsə də, yerli idmançılarımızın 95 faizinin oyununu izləyib: “Biz qızıl medal gözləyirdik, sərbəst güləşçilərimiz və taekvandoçularımız qalıb. İstəyərdik ki, öz azərbaycanlımız qalib gəlsin. Qızıl medalımız yoxdur deyə bir az məyus olmuşuq. Mənə maraqlı gələn odur ki, olimpiadada iştirak edən idmançılarımızın əksəriyyəti digər beynəlxalq çempionatlarda iştirak etdikdə hər zaman qalib gəliblər. Ancaq bu gün niyə belə göstərici ilə çıxış edirlər, anlamıram. Ən çox Rəsul Çunayevdən böyük performans gözləyirdik. Erməni idmançının məşqçisi də təəccüb içində idi ki, bu necə oldu. Ancaq gəlin qəbul edək ki, bu, idmandır. Hər zaman Rəsulun arxasındayıq və ona sevgi ilə hörmət edirik. İdman aləmində rəqibin milliyətindən asılı olmayaraq məğlubiyyət də var, qalibiyyət də. Rəsul Çunayev vətənpərvər, öz ölkəsini sevən, bayrağını daim uca tutmağı qarşısına məqsəd qoyan idmançılardan biridir. O, dünyanın ən mötəbər yarışından yenə öz ölkəsinə bürünc medalla qayıdır. Biz inanırıq ki, Rəsul Çunayev gələcəkdə daha da yüksək əyarlı medallar əldə edəcək. ”.
Rejissor idmanımızın bugünkü durumundan də danışdı. Qeyd etdi ki, idmançılarımız  dünyada kifayət qədər tanınırlar: ”Prezidentin idmana olan böyük qayğısının nəticəsidir ki, Azərbaycanda istedadlı oyunçular yetişir. Hər bir yaşayış kompleksinin yanında idman obyektləri tikilir. Misal üçün, mənim yaşadığım ərazidə 6 futbol meydançası var və bu da dövlətin vətəndaşlara olan qayğısı nəticəsində meydana gəlib. Hamı idmanla məşğul olur. Dənizkənarı bulvara çıxsanız, görərsiniz ki, insanlar velosiped, konki sürür, qaçır. Bunun özü də bir idmandır”.  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir