10410157_10152675408067445_6159573227606554244_n

“Dönmə işarəsini yandıranda işıqpulu yazır?!” – HƏKİM RƏŞAD SULTANın xətti

Baxış sayı: 8. 247

Ümumiyyətlə, nədir mədəniyyət? Əlbəttə ki, klassik qərb musiqisi dinləmək deyil, bıçağı sağ əldə, çəngəli sol əldə tutub steyk yemək də deyil. Mədəniyyət iki və daha artıq insan olan yerdə, yəni cəmiyyətdə, fərdlərin bir-birinə mane olmaması, narahat etməməsi, qıcıqlandırmaması deməkdir. Necə deyərlər, öz içində başqalarına hörmət bəsləməyə bilərsən, amma zahirdə hörmətli davranmaq məcburiyyətindəsən. Niyə? Niyə mədəni olmaq zərurəti meydana çıxıb?

Bu sualın cavabını vermək üçün bizim orta məktəbdə keçdiyimiz bir hekayəni xatırlatmaq istərdim: “tərs keçilər”. Körpüdə bir-birinə yol verməyən keçilərin uçuruma yuvarlanması kimi sonluq gözləyir mədəni ola bilməyən cəmiyyətləri. Bugünki yazımızda da ümumi mədəniyyətdən uzun-uzadı danışmaq fikrimiz yoxdu. Yollardakı “tərs keçilər”dən yazsaq, elə böyük bir mövzu alınar. Söhbət təkcə dar yollarda qarşı-qarşıya gələndə bir-birinə yol verməyən sürücülərdən getmir. Mədəniyyətsizliyin hər növünə bu gün yollarımızda rast gələ bilirik. Maşının pəncərəsindən yola zibil atmaq deyil ki, təkcə. Yol hərəkəti qaydalarının pozulması da deyil mövzumuz. Bunlar müvafiq orqanlar tərəfindən artıqlamasıyla cəzalandırılır onsuz da. Mədəniyyət, etika dedikdə yazılan və yazılmayan bütün qanunlara hörmətlə yanaşmaq nəzərdə tutulur. Arxadan gələn maşına hörmətlə yanaşmalısan ki, dönəndə dönmə işarəsini yandırasan, o da işini bilsin, sürət və istiqamətini ona görə tənzimləsin. Son vaxtlar sürücülər elə bilir ki, dönmə işarəsini yandıranda işıqpulu yazır, ona görə artıq bunu heç kim yandırmır. Əllərini pəncərədən çıxarıb işarə verməyə ərinmirlər, amma dönmə işığını yandırmağa ərinirlər. Yandıranlar da elə yandırır ki, yandırmasa, yaxşıydır: tam döndüyü anda. İşarəni vermədən ən soldakı zolaqdan ən sağdakı zolağa tullandıqdan sonra ancaq döndüyün anda siqnalı yandırmaq kimə lazımdı ki?! Dönmə işarəsi təkcə dönəndə yox, yolda zolaq dəyişəndə də yandırılmalıdır, maşın yola çıxanda və hətta park ediləndə də. Hansı tərəfə park edilirsə və ya yola çıxılırsa, o tərəfə doğru işarə verilməıidir. Yəni maşın park ediləndə qəza işıqlarını (“dördləri”) yandırmağa ehtiyac yoxdur. Bunu kim kəşf edibsə, özü üçün saxlasın, bunun üçün dönmə işarəsi yetərlidir. Heç bir işarə vermədən maşını saxlayanlara isə uzun ömür və qarşılarında qəflətən əyləcə basan maşınlar arzu edirəm.

Yolun solu ilə asta-asta sürən xanım sürücüləri və buna bənzər digər sürücüləri isə yolun sağına dəvət edirəm. Xanım sürücüləri yolda tanımaq çox da çətin deyil. Ən sol zolaqda qarşısında heç bir maşın yox ikən ola biləcək ən yavaş sürətlə gedib, arada-sırada səbəbi bilinmədən əyləcə basan sürücünün cinsiyyətini təyin etmək mənimçün ultrasəsdə dölün cinsiyyətini təyin etməkdən daha asandır. Əlbəttə ki, maşının rəngi və içindəki tüklü heyvan kuklaları bu baxımdan işi asanlaşdırır. Bir də xanım sürücülər yolda telefonla danışmağı, hətta mesaj yazmağı çox sevirlər. Ümumiyyətlə, telefonla danışan kişi sürücüləri də uzaqdan tanımaq olur. Əgər çox böyük və bahalı maşın yolun ortasında sürətini azaldıbsa və bir az sonra, sanki alovlanmış raket kimi bir anda yerindən fırlayırsa, sürücü telefonla danışığını bitirmişdir, arxasındakılar rahat yola davam edə bilərlər deməkdir. Ümumiyyətlə, maşının ölçüsü artdıqca mədəniyyətsizlik ehtimalı da artır, sanki. Bu maşınlar yolun ikinci və üçüncü zolağında park edilməyi sevirlər. Yəni bu maşının sürücüsü daxil olduğu bina və ya obyektin qapısının önündə park etməlidir, bir az öndə boş yer olması onu fikrindən döndərə bilməz. Axşam həmin sürücünü bahalı idman zalında qaçış zolağında qantər içində görsəniz, təəcüblənməyin, bu, bayaq 5-10 metri piyada getmək istəməyən dostumuzdur. Səki kənarına park etsəydi də, iki maşının yerini tutacaqdı zatən. Başqalarının yer tapmaması onu maraqlandırmır.

Bir də başqa maşının qarşısına park edib, onun çıxışını əngəlləyənlər var. Belələrinin düşüncə mexanizmi həmişə maraqlı olub mənə. Görəsən həmin maşının oradan necə çıxacağını düşünüb, yoxsa çıxmasın, qalıb qonaq olsun qərarını verib?! Ümumiyyətlə, düşünmə qabiliyyəti var?

 

Son bir neçə qeyd.

Piyada keçidi olmayan yerdə qəflətən əyləyib, piyadaya yol verənlər, ehtiyatlı olun, həm özünüzün, həm arxadan və yandan gələn avtomobilin, həm də elə həmin piyadanın həyatını təhlükəyə atırsınız.

İkizolaqlı yolda tən orta ilə gedənlər, qərar verin artıq: hansı zolağı seçirsiniz?

Sol əlini pəncərədən çıxarıb, dinlədiyi musiqiyə uyğun ritm tutan sürücülərin sənətə sevgisini alqışlayıram. Çətin vəziyyətlərdə qadın sürücülərə yol verənlər isə, hələ də bizim köhnə azərbaycanlı centlmenliyini unutmayıblar, onlara ayrıca alqış düşür.

Həyatda və yollarda tək olmadığımızı unutmamaq diləyi ilə.

 

Həkim-ginekoloq Rəşad Sultan




2 şərh ““Dönmə işarəsini yandıranda işıqpulu yazır?!” – HƏKİM RƏŞAD SULTANın xətti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir