Şəbnəm Xeyrulla
Bakı kəndlərindən biri. 2016-cı ilin bir yay günü, axşamüstü.
Ömrünün 30 ilindən çoxunu orta məktəbdə idman müəllimi kimi çalışmış Rəsul müəllim küçədə – darvazasının qarşısında əyləşib velosipedlə küçə boyu o tərəf-bu tərəfə hərəkət edən gənclərə tamaşa edirdi. Bu seyrdə açıq-aşkar bir fəxr də var idi. Çünki bu 20-25 yaşlı gənclərin hər birini yaxşı tanıyırdı, məktəbdə onlara dərs demişdi. Ömrü boyu sağlam həyat tərzini təbliğ edən Rəsul müəlllim sevinirdi ki, keçmiş şagirdləri onun sözündən çıxmayıblar. Həmişə arzulayırdı ki, Bakıda da Avropanın inkişaf etmiş şəhərlərindəki kimi insanlar velosiped sürsün. Özü də bunu təbliğ etmək üçün evdən məktəbə velosipedlə gedirdi. Kənd camaatının ona rişxənd edib gülməyini vecinə almırdı, elə velosiped sürməyin xeyirlərindən danışırdı. Təəssüf ki, bu vaxta qədər kənddə yalnız 12-13 yaşa qədər uşaqlar velosiped sürürdülər. Sonra böyüyür və oyuncaq hesab etdikləri bu nəqliyyat vasitəsini də kənara atırdılar.
İndi qonşuluqda yaşayan bu 3 gəncin velosiped sürməyi Rəsul müəllim üçün əsl tərəqqi idi. Fəxarət hissi ilə gənclərə yaxınlaşıb, onları bir az da ruhlandırdı, velosipedin xeyirlərindən danışdı.
Keçmiş müəllimlərinin qəfil hərəkətindən tutulmuş gənclər anlaya bilmirdilər, müəllimləri həqiqətən onlarla fəxr edir, yaxud bu, sadəcə istehzadır.
Ümumiyyətlə, bu gənclər çox qorxaqdırlar. Sürdükləri velosipeddən hər an düşə bilmək təhlükəsi ilə yaşayırlar. Keçən həftə onlardan birini polis elə iş başında tutmuşdu. Velosipedi də elə küçədə yıxılı vəziyyətdə qalmışdı.
Amma hər halda bu işlə velosipedlə məşğul olmaq, piyada və ya maşınla olmaqdan daha təhlükəsiz və əlverişlidir. Bu ideyanı ağıllarına salana minnətdar idilər. Piyada halda müştərilərə yaxınlaşıb mal təklif etmək kənd yerində heç də təhlükəsiz deyil. Qonşuların diqqəti daim üzərindədir. Nəinki qonşuların, elə sahə müvəkkilinin də, kənardan “ova” gələn polislərin də. Balaca kəndlərdə də kimin nə ilə məşğul olması hamıya aydındır. Küçədə birinə yaxınlaşıb əlindəki bağlamanı ötürən kimi qonşular sənin neylədiyini anlayır. Həmin an arxanca düşən olsa da, piyada olduğun üçün canını qurtarmaq çətin olar. Amma velosiped belə deyil. Əvvəlcədən danışılmış vaxtda küçə ilə gedirsən, lazım olan maşının yanından keçəndə sürəti azaldıb, açıq pəncərədən malı ötürüb, pulunu alırsan, vəssalam. Təsadüfən kimsə şübhələnib arxanca düşsə də, velosipedlə can qurtarmaq daha rahatdır. Dar tin-dalanlara burulub, aradan çıxmaq olar. Velosiped maşın deyil ki, nömrəsini yadda saxlayıb, axtarışa versinlər. Bu da narkotik ötürməyin velosiped üsulu.
İndi Rəsul müəllim onlara sağlam həyatı təbliğ etdiyi üçün təşəkkür edəndə oğlanların hər biri təşvişlə ağlından keçirirdi: “Görəsən müəllim bizim hansı “sağlam həyatı” təbliğ etdiyimizi bilir? Bilirsə, polisə satmaz ki?”