77

Ögey ana vəhşiliyinin görünməyən tərəfləri

Baxış sayı: 2. 015
Belə bir deyim var ki, heç bir qız uşağı güclü qadın olmaq üçün doğulmaz. Hamısı günahsız xəyallar quran, ərköyün şahzadəyə bənzəyər. Taledir onları güclü qadın edən. Tutulmamış sözlər, yaşanmamış xoşbəxtliklər, çarəsiz xəstəliklər, ölüm və ayrılıqlar güc verər onlara… Lakin gücün tükəndiyi yerdə insan, zərif qadın olsa belə, insanlıqdan çıxıb vəhşiləşə bilər. Hətta uşaqkən şahzadə olmaq xəyalları quran o qızcığaz qatil qadına çevrilə bilər. Eynilə həyat yoldaşının rus qadından olan 2 yaşlı qızını çayda boğub öldürən həmyerlimiz kimi…
25 yaşlı və iki uşaq anası olan azərbaycanlı qadın 4 il əvvəl Rusiyaya ərinin yanına gedir. Uzun müddət ərinin sevgilisindən xəbərsiz olur. Əri S.Şirəliyevin kafedə tanış olduğu Yelena adlı qadından Yana adlı qızı dünyaya gəlir. Şirəliyev həyat yoldaşından ayrılmasa da, qızı Yanaya yardımını əsirgəmir. Lakin azərbaycanlı qadın o qədər vəhşiləşir ki, 2 yaşlı günahsız körpəni çayda boğur.
Biz ögey ananın doğmalığını, öz canından, qanından olmayan uşağa sevgisini “Ögey ana” filmində Nəcibə Məlikovanın timsalında gördük. Onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsi, ona əsl analıq etməsi hamıya məlumdur. Lakin İsmayılın anası kimi ögey analar, təəssüf ki, cəmiyyətimizdə barmaqla sayılacaq qədərdir.
Son günlər gündəmi zəbt edən, qan donduran ögey ana vəhşiliyi insanlar arasında birmənalı qarşılanmadı. Qadına haqq verən də oldu, onun həyat yoldaşını əsl qatil hesab edən də… Hətta qızcığazın anası olan rus qadını günahkar çıxaranlara da rast gəldik. Bəs kimdir günahkar? Ərinin  sevgilisindən olan uşağını öldürən ögey ana, rus qadın, bu iki qadınla münasibətdə olan kişi, yoxsa cəmiyyət?
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova deyir ki, burada günahkar qadını o həddə çatdıran kişidir: “Burada bircə günahkar var – bu qıza 17 yaşında evlənib onu özü ilə Rusiyaya aparan “kişi”! Əgər orda arvadı vardısa, rəsmi nikaha girmişdisə, başqasını niyə bədbəxt edirdi ki?! 17 yaşında yanına salıb aparanda və məlumatda göstərildiyi kimi, hər gün döyüb-söyəndə nə olmalı idi ki? Qadının uşaq qatili olması çox üzücüdür, ona haqq qazandırmıram. Lakin qadın – özü ana olan qadın körpə uşağa qıyırsa, bu onun çox ağır psixi hal yaşadığını göstərir. Ana olandan sonra bütün qadınlar, ən qəddarı belə yumşalır. .. Təxminən bu qızın taleyinə bənzər bir hadisənin şəxsən şahidi olmuşam. Amma əri tərəfindən eynilə belə alçaldılan qadın sadəcə havalanmışdı. “Ər”inin Rusiyadakı “oyun”larından, döyülüb-söyülməkdən, təhqir olunmaqdan zəif psixologiyalı qadın ağlını itirmişdi….”
Qafqazinfo.az saytının redaktoru Günel Əbilova hesab edir ki, qətli törədən azərbaycanlı qadın rus qadınlarının qurbanlarından biridir: “Hadisə çox dəhşətlidir. Ortada günahsız körpənin qətlindən söhbət gedir. Amma burada bir qurban da var. O da qətli törədən… Əlbəttə, biz onun bu işi görərkən psixologiyasının nə vəziyyətdə olduğunu bilmirik, bəlkə psixi problemləri olub. Bu qadının 25 yaşı var… Mənim, sizin, bəlkə hamımızın ətrafında yüzlərlə belə qadınlar var. Onlar Rusiyada işləyən, hətta üzünü ancaq toylarında gördükləri biri ilə ailə həyatı qurur. Bəziləri elə burada qalır, “yaxşı gəlin qayınana-qayınatasına baxar” prinsipi ilə ömrünün ən gözəl çağını ərsiz keçirir. Bəziləri isə bu ögey ana kimi “şanslı” çıxır və əri onu yanına aparır. Bir uşağın qatilisənsə, heç bir hadisə, hiss buna bəraət qazandıra bilməz. Lakin cəmiyyətdə Rusiyada olan oğlanlarla araşdırmadan evlənən, onlara avantaj kimi baxan qızlar olduqca belə hadisələr də çoxalacaq”.
“Yüz ölç, bir biç”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova açıqlamasında bildirdi ki, ölkədən kənarda ailə qurub yaşayan qadınların dəqiq statistikası aparılmayıb. Lakin əcnəbilərlə, vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahlar və onların doğurduğu problemlər bu gün ən aktual məsələlərdəndir: “Eyni zamanda, belə bir nikah bütövlükdə demoqrafik prosesin tərkib hissəsi kimi dəyərləndirilir. Demoqrafik prosesdə 3 istiqamət var və bunlardan biri də miqrasiyadır. İstər ölkəyə gələn, istərsə də ölkədən gedən vətəndaş orada yaşayır, oxuyur, işləyir, özünə dost seçir və yaxud da sevib-sevilib ailə qurur. Bu proses hər bir şəxsin həyatında baş verir. Amma xaricdə yaşayan insanlarla  ailə quran şəxslər müəyyən məsələləri göz önünə gətirməlidirlər ki, sonradan problemlərlə üzləşməsinlər. Çünki belə insanlar bir çox hallarda qanunları, öz hüquqlarını bilmirlər. Böyük əksəriyyətin rəsmi nikahı olmur. Bu zaman doğulan uşaqlarla bağlı sənədləşmədə, boşanan zaman əmlak və ya mülkiyyət hüququ ilə bağlı problemlər yaranır. Ən əsas problemlərdən biri  isə onların yaşadığı mənəvi-psixoloji problemlərdir”.
Komitə rəsmisi deyir ki, qadınlar ailə qurarkən yüz ölçüb, bir biçməlidir: “Biz heç bir insana qadağa qoya bilmərik ki, kimisə sevməsin, ailə qurmasın. Ancaq yüz ölçüb, bir biçmək lazımdır. Ailə quracağın şəxs haqqında ətraflı öyrənmək lazımdır. Bu cür şəxslərlə nikaha girmək üçün bizim qanunvericilikdə xüsusi sənədlər var. Məsələn, Ailə Məcəlləsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətlərinin tətbiqi barədə xüsusi bölmə var. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanun var. Bu qanunları dəqiq oxumaq, bilmək lazımdır ki, başqa ölkədə hər hansı problem yaşasan, hüququndan istifadə edə biləsən. Təəssüflər olsun ki, çox az adam öz hüquqlarını bilir. Xaricdə yaşayan azərbaycanlı və yaxud əcnəbilərlə ailə quran qadın ailə quracağı insan haqqında ətraflı məlumat almalıdır və bilməlidir ki, onu həmin ölkədə nələr gözləyir. Bir çox hallarda belə qadınlar insan alverinin qurbanına, cinayətkara çevrilirlər. Yaşadığı həyatın dözülməzliyi, çətinliyi onları bu problemlərlə üz-üzə qoyur. Bizim məsləhətimiz odur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran zaman onların haqqında məlumat toplasınlar və mütləq rəsmi nikara girsinlər”.
“Qaz vurub qazan dolduran oğlanlar”
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, günahkar tək dərdi qızını ərə vermək olan valideynlərdir: “Bizdə Rusiyaya və digər xarici ölkəyə gedənlər barəsində belə bir fikir yaranıb ki, bunların hamısı orada yaxşı güzəran qurub, qaz vurub qazan doldururlar. Evlənmək istəyən oğlan da gəlib birinin üstünə beşini qoyur, özünü başqa cür təqdim edir, qızı aldadıb aparır. Təəssüf ki, qızlarını tez ərə vermək istəyən valideynlər də bu tilova düşürlər. Bizim bununla bağlı sosioloji tədqiqatımız olub. Valideynlərdən soruşanda ki, niyə araşdırmadığın, tanımadığın adama qız verirsən, çox maraqlı cavablarla qarşılaşmışıq. Valideynlər deyir ki, 30-40 il bundan öncə uşaqları idarə etmək çox asan idi. İndi yaşları ötən kimi nəzarətdən çıxırlar. Valideyn deyir ki, qız uşağını tez ərə vermək lazımdır ki, bir az yaşı keçən kimi arzuolunmaz davranışlara yol verməsin. Ona görə valideynlər qızı ərə verib canlarını qurtarırlar. Rusiyada ailə qurub yaşayan uğursuz cütlüklər çoxdur. Vəziyyətdən çıxış yolu kimi televiziyada, KİV-lərdə şou xarakterli yox, məzmunlu, təhlilli, insanları maarifləndirən verilişlər olmalıdır ki, bu sahədə onların gözü açılsın. Bilməlidirlər ki, xaricdə yaşayan hər bir insan qaz vurub qazan doldurmur. Ailə qurarkən hər şeyə diqqət etmək lazımdır. Qızlarınızı ərə vermək xatirinə kimə gəldi verməyin ki, sonra onların həyatını məhv etməyəsiniz”.
Qızlar oğlanları idarə edə bilərmi?
“Əsas odur ki, ərə gedim” problemi bir çox ailələrin, insanların həyatını məhv edir”. Bu sözlərin müəllifi isə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Həmsöhbətimiz hesab edir ki, indiki qızlar özlərindən çox əmindir və düşünürlər ki, ailə qurduqları oğlanları istədikləri kimi idarə edə biləcəklər: “Bizim birinci problemimiz odur ki, əcnəbi vətəndaşlara və ya xaricdə yaşayan azərbaycanlılara ərə gedən qızlar onların haqqında kifayət qədər məlumat toplamırlar və hesab edirlər ki, bütün situasiyanı əllərinə alacaqlar və oğlanı idarə edəcəklər. Ümid edirlər ki, hər şey öz bildikləri kimi olacaq. Bu da faciəvi nəticələrə gətirib çıxarır. Burada daha çox vaxt valideyn məsuliyyət daşıyır. Çünki əksər vaxt qızlarımız özü qərar vermir, onların yerinə valideyn qərar verir. “Əsas odur ki, ərə gedim” problemi belə faciələrə gətirib çıxarır. Ailə quracağın şəxsi öyrənməmək, informasiyanı dəqiqləşdirmək, onun keçmişini araşdırmadan ailə qurmaq və həmin şəxsi öz istədiyin formaya salmaq iddiası dəhşətli nəticələrə gətirib çıxarır”.
Müsahibimiz deyir ki, hər bir qadın belə problemlərlə üzləşməmək üçün əvvəlcədən nə istədiyini bilməli və ailə quracağı şəxslə müzakirə etməlidir: “Bu da həqiqətdir ki, bizim oğlanlar da əcnəbi xanımlara göstərdiyi nəvazişi bizim xanımlara göstərmirlər. Bu xanım öz həyat yoldaşı, uşaqlarının anası ola belə. Əcnəbilərə hər şey olar, amma bizim xanımlara olmaz. Kifayət qədər məhdudiyyət qoyurlar və kifayət qədər kobud davranırlar. Bu baxımdan xanım öz haqqını ərə getməmişdən əvvəl müəyyənləşdirməlidir. Ərə getmək xatirinə bütün məsələlərə razılıq verib sonra razılaşdıqlarından imtina etmək etik normalara sığmır və qarşı tərəfdə qıcıq yaradır. Ona görə qızlar çəkinməsinlər, arzu-istəklərini əvvəlcədən razılaşdırsınlar. Hər şey dəqiq olmalıdır. Mən demirəm ki, qadın qaba rəftara, döyülməyə imza atmalıdır. Qadın əvvəlcədən hansı yaşam forması ona uyğundursa, onu müzakirə etməlidir. Bizim qızlar qorxurlar ki, ərə getməyib evdə qalacaqlar, buna görə də istənilən şəxslə razılaşırlar. Qadınlar ərə getmək xatirinə yox, möhkəm və davamlı ailə qurmaq xatirinə ailə qurmalıdırlar”.
“Situasiya insanı formalaşdırır”
Psixoloq Elnur Rüstəmov deyir ki, hər bir qadının həyat tərzi onu müsbət və mənfi xarakterli insana çevirə bilər: “Situasiya özü insanı formalaşdırır. İnsan hər məsələyə fərqli reaksiya verə bilər. İnsan var ki, psixoloji travma alır, amma həyat tərzi o qədər yaxşı istiqamətə gedir ki, bu travmanı unudub xoşbəxt şəkildə həyatına davam edir. İnsan da var ki, ömür boyu bunun təsirindən çıxa bilmir. Bəzilərinin isə normal həyat tərzi olur, heç bir genetik problemi yoxdur, amma üzləşdiyi problemlər onun bütün psixologiyasını alt-üst edir. Rusiyadakı vəziyyət də araşdırılmalıdır ki, qadının həyat tərzi necə olub? Əvvəlcədən genetik problemi olubmu, nələr yaşayıb, necə olub ki, situasiya bu yerə gəlib? Bu cur hallarda affekt vəziyyətdə insanın belə bir reaksiya verməsi mümkündür. Proses bu yerə gələnə qədər qabaqlayıcı tədbir görmək lazımdır. Mən inanmıram ki, insan adi bir situasiyada uşağı öldürsün. O özü anadır. Bir xanım üçün uşağa əl qaldırmaq, onu öldürmək çətindir. Çünki analıq instinkti onlarda həmişə var. Müxtəlif psixoloji narahatlıqları olan insanlar da bu cür hallara pillə-pillə gedirlər. Belə insanlara birmənalı şəkildə psixoloji dəstəyin göstərilməsi vacibdir. Çünki gərgin psixoloji vəziyyətin zaman keçdikcə bədbəxt bir hadisə ilə nəticələnməsi qaçılmazdır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir