toy

Bəyi yerdə sürüdülər, qız evi ilə oğlan evi savaşa çıxdı – VİDEO

Baxış sayı: 1. 844

Afrika ölkələrində toyların çox fərqli adət-ənənəsi var. Məsələn, Afrikada gəncin razılığı olmadan valideyn qərar qəbul edə bilməz. Mövzu ilə bağlı Bakıda yaşayan nigeriyalı Elvis maraqlı məlumatlar verib.

Elvis öncə elçilikdən söz açıb:

“Nigeriyada elçiliyə dostları ilə birlikdə oğlan özü gedir və qızın ata-anasının qarşısında ağzı üstə yerə uzanır. Bu bir növ yalvarışdır. Ata öz qızını çağırır və bu oğlanı istəyib-istəmədiyini soruşur. Əgər qız razılıq verirsə, vəssalam, izdivac baş tutur. Yox əgər qız razı deyilsə, məsələ elə ordaca bitir. Çarəsiz kərtənkələ kimi yerdə yapışıb qalan oğlan isə qızın razılığını alana qədər yalvarışı davam etdirir. Bu, onlarda milli adətdir və “yoruba” adlanır”.

Elvis bildirir ki, Afrika ölkələrində toya pul yazdırmaq ənənəsi yoxdur. Orda toya gəlib iştirak etmək ən vacib məsələdir. Sənin toya gəlməyin özlüyündə hədiyyə hesab olunur. Kim istəsə özü ilə hədiyyə də gətirə bilər.Toyun axırında bütün qonaqlar yığışır meydana və gətirilən hədiyyələr bir-bir ortaya çıxarılaraq müzakirə olunur.

Nigeriyalı Elvis afrikalı xanımların toy geyimlərindən də danışıb:

“Afrikada əksər xanımlar toya xüsusi baş geyimi ilə gedir. Çalmaya bənzər bu geyim isti materikdə xanımların sevimli geyim aksesuarıdır. Afrikada oğlan evi ilə qız evini təmsil edən gənclərin bənzər geyim dəstləri də diqqət çəkir”.

Afrikalı bəy və gəlin əksər toylarda çox sərbəst davranışları ilə seçilirlər. Toy günü başında hədiyyə ilə oynayan xanımlar görsəz, bilin ki, onlar qız evidir və qızlarının ərə getməsinə ürəkdən sevinirlər.

Bir çox Afrika toyları nə qədər müasir keçsə də, onlar əcdadlarından qalan tarixi adətlərini də toyda nümayiş etdirirlər.

Daha bir diqqət çəkən məqam: Bəzi Afrika ölkələrində toy günü oğlan evi ilə qız evi üz-üzə gəlir. Onlar döyüşçü obrazında bir-birlərinə meydan oxuyurlar. Axırda hamı qaynayıb-qarışır və rəqs edir.

Rəqsdən söz düşmüşkən, bəzi Afrika ölkələrinin rəqsi bizim milli rəqs ritmlərinə bənzəyir. Oxşar zərb texnikası var.

Rəqs mövzusundan danışarkən, Elvisdən öz ölkəsində dəbdə olan müasir bir rəqsi bizə nümayiş etdirməsini istədik. Çəkiliş məkanına öz xanım həmyerlisi ilə gələn Elvis razılıq verdi.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir