Hər bir gənc qızın arzusu qarşılıqlı sevgi əsnasında xoşbəxt bir ailə qurmaqdır. Hər bir gənc qız xoşbəxt olmağı istəyər və bunun üçün də addımlar atar. Təəssüf ki, həyat çox zaman xoşbəxtliyi hər qıza nəsib etməz. Yəni həyat həm yaxşı, həm də pis mənada sürprizlərlə doludur. Sabah kimin başına nə gələcəyi bəlli deyil. Bəzən xoşbəxt başlanğıcla başlayan ailənin bir neçə aydan sonra dağıldığını eşidirik. Və yaxud da qurulan ailələrdə tərəflərdən hansınınsa nikah ürəyincə olmadıqda bu ailənin sonunun yaxşı olmayacağını proqnozlaşdırırlar. Lakin praktikada bu cür ailələr nümunəvi ailəyə çevrilir. Ona görə də sabah nələrin baş verəcəyini, qarşıda bizləri nələrin gözləyəcəyini əminliklə söyləmək mümkün deyil. Sadəcə olaraq ailənin qorunub saxlanılması üçün tərəflər cəhd etməlidirlər. Hər şey tərəflərdən asılıdır. Əslində mükəmməl ailəyə sahib olmaq hər kəsə də nəsib olmur. Çox az adam ailə həyatının nə olduğunu dərk edir. Ailə cütlüklərin məsuliyyətli olmasını tələb edir. Bir-birlərini anlamağı, bir-birlərinə güzəştə getməyi tələb edir. Elə ailələr var ki, bir-birlərinin sözü boğazlarından keçmir. Ailədə hər gün qanıqaralıq yaranır. Lakin bu cür hallar ailənin təməlinin boşalmasına gətirib çıxara bilər. Ona görə də ailədəki münasibətlər ailənin ailə olmasına təsir edən əsas amillərdən biridir. Ailəni daim qorumaq lazımdır. Kimsənin ailənin içərisinə daxil olub təsir etməsinə imkan vermək olmaz. Bəzən ətrafdan müdaxilələr edirlər. Buna yol vermək olmaz. Hər bir problem ailənin daxilində həll edilməlidir. Hesab edirəm ki, ailənin sirri ətrafa yayılmamalıdır. Düzdür, bəziləri ailə sirlərini hər kəsə deyirlər. Əslində bu qəbuledilməzdir. Belə olan halda ailənin nüfuzuna xələl gəlmiş olur. İstər-istəməz ailə hörmətdən düşür. Bundan başqa yeni ailə qurmuş cütlüklər bir-birlərini dəyişdirməyə çalışırlar. Əslində bir insanı tamamilə dəyişdirmək mümkün deyil. Ona görə də belə halların üstünə çox getmək düzgün deyil. Çalışmaq lazımdır ki, bir-birinizi başa düşəsiniz. Hərə bir ailədən gəlir. Və hər kəs öz ailəsində gördüklərini yeni qurduğu ailədə tətbiq etməyə çalışır. Bu isə fikir ayrılığına səbəb olur. Ona görə də ortaq məxrəcə gəlmək lazımdır. Bir-birinizin xırda qüsurlarına göz yummalısınız. Xoşbəxt bir ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz. Ancaq bu cür problemlərdən uzaq ola bilərsiniz. Kiçik və ya böyük qüsurlarınıza görə bir-birinizi tənqid etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.Yersiz və əsassız qısqanclıqlara və şübhələrə yol verməyin. Bunlar ailəni uçuruma aparar. Həyat yoldaşınızda həm sizə, həm də özünə qarşı inam təlqin edin. Ona inandığınızı hiss etdirin. Nəzərə alaq ki, həyatda ideal insan yoxdur. İnsan istədiyi xüsusiyyətləri başqasında tapırsa, həmin insan onun üçün ideal hesab olunur. Sözsüz ki, hər kəsin idealı fərqlidir. Birinin istədiyi xüsusiyyətlər digərinin istədiyi xüsusiyyətlərdən fərqli ola bilər. Ona görə hər kəsin öz idealı var. Çalışın bir-birinizin idealı olun.
Günel Mehdi