sevgi

Kişiləri daha çox hansı qadınlar cəlb edir?

Baxış sayı: 1. 976

Hər bir kişi bəyəndiyi xanımla rahat tanış olmaq və münasibət qurmaq istəyir. Lakin xanımları başa düşmək elə də asan deyil. Bəziləri tez “hə” desələr də, bəziləri sonuna qədər təslim olmurlar. Psixoloqlar bildirirlər ki, qadınların psixologiyasını bilməklə onları ələ almaq (cəlb etmək) olar.

Psixoloq Aygün Ağabalayevanın bildirdiyinə görə, kişilərlə qadınların psixologiyası fərqlidir: “Qadınlar görünüşündən tutmuş səs tembrinə qədər hər bir şeyi ilə kişini cəlb edir. Kişilər isə diqqəti ilə qadını maraqlandıra bilərlər. Bəzən görürsən ki, gözəl xanımdır, amma yanındaki kişi çirkindir. Özündən asılı olmadan düşünürsən ki, “Görəsən, qadın bunu nəyinə görə sevir?” Sevirsə, demək ki, buna səbəb var. Yəqin o, qadına qarşı çox diqqətli və qayğıkeşdir. Ona xoş münasibət göstərir”.

Kişi qadını cəlb etmək üçün ilk növbədə, onun xasiyyətini öyrənməyə çalışmalıdır. Elə şıltaq və dəyişkən qadınlar var ki, onları qane etmək çox çətindir. Məsələn, bəzi qadınlar mətbəxdə iş görərkən kişinin onlara kömək etməsini istəyir, bəzilərini isə bu əksinə, əsəbləşdirir. Kişi də qadını, həqiqətən, sevirsə, nədən xoşlandığını, nədən əsəbləşdiyini bilməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar həddindən çox danışan kişiləri sevmir. Elə kişilər də var ki, onlardan çətinliklə söz çəkmək olur ki, bu da qadınlara darıxdırıcı gəlir. Kişilərin gözəl danışıq qabiliyyətinin olması isə qadınları çox cəlb edir.

Qadınları cəlb etməkdə kişilərin xarici görünüşü rol oynayır, amma əsas amil deyil. Məsələn, kişini bəyənib onunla münasibət qurduqdan sonra onun həddindən artıq qısqanc olduğunu görüb məyus olmaq olar. Hədsiz qısqanc kişilər qadına karyera qurmağa, nəsə öyrənməyə heç bir şərait yaratmırlar. Onlarda sahiblənmək hissi baş qaldırır.

Kişidən tər iyi gəlməlidir?

Xanımlar təmizliyə və səliqəyə də fikir verir. Kişinin geyiminin bahalı olması əsas deyil, amma geyim səliqəli və zövqlü olmalıdır. Hər bir özünə hörmət edən qadın yanında səliqəli geyimdə olan kişinin olmasını istəyir. Ən azından kişinin yanından keçəndə ondan tər iyi gəlməməlidir. Qadınlara bu, çox pis təsir edir. Bəzi qadınlar məhz kişilərin ayaqqabılarına baxırlar. Əgər ayaqqabısı təmizdirsə, deməli, o, təmizkardır. Kişinin səliqəsi ayaqqabısından bilinir.

Xanımlar fərqlidirlər

Elə yüngül təbiətli qızlar var ki, onlara yaxınlaşıb “Sənlə tanış olmaq olar?” demək olar. Bu zaman oğlanın “siz” və ya “sən” deyərək müraciət etməsi elə də vacib deyil. Lakin hər xanıma da yanaşma üsulu fərqlidir. Elə xanım var ki, kişi ona asanlıqla yaxınlaşıb “sən” deyə müraciət edə bilər, elə xanım da var ki, ona bu cür müraciət yolverilməzdir. Kişinin necə davranması xanımdan asılıdır. Qadın özünü necə təqdim edərsə, kişi də o cür ona münasibət bəsləyər. Elə tip qadınlar var ki, kişilər onlara baxıb deyir: “O, xanımla ünsiyyət qurmaq problem deyil”. Amma xanım var ki, ona adi salamı belə kişi çətinliklə verir.

Psixoloq qeyd edib ki, bu gün kişilərin qadınlar üçün qeyri-adi fədakarlıq etməsi nadir haldır. Artıq xanımın ayaqlarının altına qızılgüllər səpənlər, eyvanın altında musiqi ifa edənlər, şeir söyləyənlər çox azdır.

Ciddi xanımları necə cəlb etmək olar?

Ciddi xanımları özünü ağır aparan kişilər cəlb edir. Birinci görüşdən “Səni sevirəm” və s. kimi xoş sözlər deyən, hisslərini dərhal büruzə verən kişilər ciddi xanımları maraqlandırmır. Düzdür, kişi ciddi və işgüzar xanıma “sevdiyini” deyə bilər. Lakin bunu əməli ilə göstərsə, daha yaxşı olar. Gün ərzində 10-15 dəfə “Səni sevirəm” deməsi, amma bunun əməli ilə üst-üstə düşməməsi ciddi xanım üçün heç bir əhəmiyyət kəsb etmir. Kişilər onu da nəzərə almalıdırlar ki, yaşlandıqca qadınlar kişinin hər bir hərəkətinə fikir verirlər. Belə qadınlar insanın duruşuna, davranışına, cəmiyyətdə özünü necə aparmasına həssas yanaşırlar. Çox şit danışan, boş-boşuna gülən, gələn-gedənə söz atan oğlanlar gənc ciddi xanımların da xoşuna gəlmir.

İşgüzar və ciddi xanımlarda xoş təəssürat yaratmaq üçün kişi geyiminə ciddi yanaşmalıdır. Lakin bu, o demək deyil ki, ciddi olduğu üçün hər yerə kostyum və qalstukda getməli, hər yerdə ciddi danışmalıdır. Sadəcə, hər yerə uyğun geyinməlidir. O, qadınla təklikdə olanda sərbəst olmalı, amma adam arasında özünü ağır aparmalıdır. Çox danışan, dinləməyi bacarmayan, öz sözünü yeritməyə çalışan, özünü tərifləyən, lovğalanan kişilər belə xanımları cəlb etmir. Kişi özünü tərifləmək əvəzinə, hərəkətləri ilə necə olduğunu göstərməlidir. Bəzən görürsən ki, kişi hansısa bir kollektivə daxil olur. İlk vaxtlar o, öz görünüşü ilə qadınlarda maraq oyatmır. Lakin qadınlar onu tanıdıqca “O, mənə lazım olan kişidir” düşünürlər.

Yaradıcı xanımlar nə axtarır?

Yaradıcı xanımlar üçün maraqsız və sadə kişilərlə münasibət qurmaq mənasız gəlir. Kişi yaradıcı xanımın rəğbətini qazanmaq üçün onun yaradıcılığını anlamalı, fəaliyyətinə marağı olmasa da, xanıma bunu göstərməməlidir. O, xanımda sevgi hisslərini oyatmaq üçün, həqiqətən də, onunla maraqlandığını göstərməyi bacarmalıdır. Kişi qadına bağlıdırsa, bu, onda təbii alınacaq. O, xanımı sevdiyi üçün ona xoş olan şeylərə maraq göstərməyə çalışır. Məsələn, bəzi qızların futboldan zəhləsi gedir. Amma oğlanı o qədər sevir ki, onda futbola qarşı da maraq yaranır. Oğlanın sevdiyi məşğuliyyətə qızın marağı olmasa da, sevgilisinə xoş təəssürat bağışlamaq üçün onun məşğuliyyəti ilə maraqlanmağa başlayır.

Qeyd edək ki, ciddi xanımlar seçdiyi kişinin ünsiyyətdə olduğu dost-tanışlara da fikir verir. Bəlkə o, elə bir adamdır ki, münasibət qurmağın mənası yoxdur.

Yüngül təbiətli xanımlar hədiyyəyə aldanırlar

Hər bir qadın xüsusilə də sevdiyi kişidən qayğı və diqqət gözləyir. Hər bir qadın diqqət istəyir. Sevdiyi insandan adi bir gül belə almaq qadını çox sevindirir. Lakin yüngül təbiətli qadınlar hədiyyəyə daha çox aldanır. Kişi onlara hədiyyə verən kimi, sevildiklərini zənn edirlər. Onlar kişinin sevgisinə dərhal əmin olurlar. Ciddi xanımlar isə belə düşünmürlər. Onlar hədiyyələrə, hansısa sözlərə aldanmırlar.

Kişilər yüngül təbiətli qızlardan çox vaxt qeyri-ciddi münasibət istəyirlər. Bu cür xanımlarda maraq oyatmaq üçün onlara xoş söz demək, gözəlliyini tərifləmək, hədiyyə vermək lazımdır. Bunları etməklə kişi yavaş-yavaş yüngül xanımla münasibət yarada bilir. Ciddi xanımla isə bu yolla münasibət yaratmaq mümkün deyil.

Yüngül təbiətli qızlar ailə həyatı qurmaq istəyərkən dərindən düşünmürlər. Oğlanın xarici görünüşü normaldırsa və bir az pul qazana bilirsə, onunla ailə həyatı qurmağa razılaşırlar. Belə qızların ilk görüşdən oğlan xoşuna gəlirsə, onunla ailə həyatı qurmaq istəyəcəklər.
Çox vaxt da yüngül təbiətli qadınlarla münasibət qurmaq asan olduğu üçün kişilər onları hədəf seçirlər. Əksər hallarda onlarla qeyri-ciddi münasibət qurur və evlənmək istəmirlər. Qeyri-ciddi münasibət qurmaq istəyən kişilər bir qayda olaraq ciddi və ya yaradıcı xanımlara yaxınlaşmırlar. Amma istisna hallar da olur.

“Alfons” tipli kişilər

Çox sakit, utancaq, özünə güvən hissi aşağı olan kişilər isə ana qayğısı, nəvazişi göstərməyi xoşlayan qadınlarla ailə həyatı qurmağa üstünlük verirlər. Adətən belə kişilər onlara ana kimi yanaşan qadınlarla daha xoşbəxt olurlar. Eləcə də, “Alfons” tipli kişilər də belə qadınlarla daha xoşbəxtdirlər. Lakin hər qadın bu cür kişini qəbul etmir. Bəzi hallarda sakit oğlanlar özünə sakit həyat yoldaşı seçirlər.

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir