Firudin Qurbansoy

Firudin Qurbansoy: “5-10 dəqiqə gec gəlsəydim…”

Baxış sayı: 1. 642

Ona görə hər yaşda oxumaq, öyrənmək vacibdir. O özü də hərfləri tanıyandan indiyə qədər marağını çəkən, ehtiyacı olan hər kitabı oxumağa çalışıb. Bu maraq onda uşaq yaşlarından formalaşıb və o istək sayəsində də hazırda evində 50 min kitabdan ibarət şəxsi kitabxanası var.
Müsahibimiz tanınmış ədəbiyyatşünas, dramaturq, astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur.
İkinci dünya müharibəsi qurtarandan 9 il sonra – 1954-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Yaddaşı gözəl olduğu üçün hətta iki yaşında olan bəzi hadisələri də xatırlayır. Ümumiyyətlə isə uşaqlığının gözəl keçdiyini deyir: “Uşaqlıq yox, çocuqluq deyək. Çünki uşaqlıq sözü bir az anatomik termindir. Mənim çocuqluq zamanım həmyaşıdlarım ilə birgə çox maraqlı keçib. İndiki zamanla müqayisədə o dövrdə iqtisadi imkanlarımız o qədər də geniş olmasa da, insanlar həddindən artıq bir-biriylə səmimi idi. Bir-birinin evinə qonaq getmədikləri həftə olmazdı. Hər həftə biz də qonaq gedirdik, bizə də qonaq gəlirdi. Bazar günləri bizim evdə vur-çatlasın olurdu. İnsan nə qədər bir-biri ilə ünsiyyətdə olsa, o qədər də öz adını doğruldar. Çünki insan sözünün mənası “ünsiyyət saxlayan” deməkdir. Düzdür, 54-cü il yadıma gəlmir (gülür), amma Səməd Vurğunun dəfni – 1956-cı il yadıma gəlir. Mənim iki yaşım varıydı. Atam da hündürboylu olduğu üçün məni qaldırıb qoydu boynunun arxasına və mən Səməd Vurğunun necə dəfn olunduğunu gördüm. Ondan sonrakılar da yadımdadır, yaddaşım çox yaxşıdır”.

“7 nəfər 7 kv metrdə yaşayırdıq”
Uşaqlıq illərindən onun yadından heç vaxt çıxmayanlar atasının tərbiyə üsullarıdır. O üsulları indiyə qədər də örnək olaraq götürür: “Onun insanlarla münasibətdə çox zərif üsuları vari idi. Özüm də çalışıram ki, onlardan istifadə edim. Çox həssas adam idi. Bəlkə də 20 il sonranı əvvəldən görürdü. Bilirdi ki, nə etsə, bu uşaqlar hansı mərtəbəyə gəlib çata bilər”.

O, Dağlı məhəlləsində böyüyüb. Uşaqlığı da orda keçib. Amma 25 may 1968-ci ildə güclü yağış bir çox Bakı sakinləri kimi, onların evini də yaşanmayacaq vəziyyətə gətirir: “O qədər yağış oldu ki, sel-su az qaldı Bakını yuyub aparsın. Balaca evlər bundan daha çox əziyyət çəkmişdi. O cümlədən də bizim evə xəsarət dəymişdi. Ərizə ilə müraciət edənlərə ev verirdilər. Bizim ev də xırda olduğu üçün bizə bir otağı da əlavə verdilər. Biz beş uşaq idik, valideynlərimizlə birgə 7 nəfər 7 kv metrdə yaşayırdıq. Heç kim inanmırdı ki, bu qədər adam burda yaşaya bilər?! O otağı iki yerə bölmüşdük. Biri yataq otağı idi, o biri isə mətbəx. Komissiya üzvləri inana bilmirdilər ki, 7 nəfər böyük adam bu evdə yaşaya bilər. O vaxt mən 10-cu sinifdə oxuyurdum. Əvvəl bizə 4 otaq nəzərdə tutmuşdular, sonra dedilər ki, bir otağı da biz sizə hədiyyə edirik, bu qədər əziyyət çəkmisiniz. 68-ci ildə Əhmədliyə beş otaqlı evə köçdük”.
“…bir arzuma çatdım, Azərbaycan müstəqil oldu”
9-cu sinifdə oxuyanda 20 dost bir yerə yığışıb sovet hökumətini yıxmaq üçün təşkilat yaradırlar. Son onilliklərdəki proseslər də onların istəyinə uyğun gedir. Çünki həmin iştirakçılar sovetin yıxılmasında iştirak edirlər: “Hər şey bizim istəyimizlə uyğun gəldi və zaman elə gətirdi ki, arzumuz yerinə yetdi. O ərəfədə xalq hərəkatının genişlənməsində bizim də xeyli zəhmətimiz oldu, hamımız iştirak elədik. İnsanların sümükləri üzərində qurulan bu dinsiz hökuməti devirmək üçün Leninin yolunu, konspiransiya üsullarını öyrənirdik. Mən indi bir yandan sovet hökumətini tərəfləyirəm, bir yandan da pisləyirəm. Pisdi ona görə ki, dinsiz idi. Amma yaxşı tərəfləri də varıydı. O vaxt dövlətlilər özlərini dövlətli kimi harın göstərə bilmirdi və çalışırdılar ki, kasıba həmtay olsunlar. Çünki vahid cəmiyyət idik. Kitablar çox ucuz, demək olar ki, havayı idi. Hamı kitab oxuya, ali təhsil ala bilirdi. Həkimlər də insaflı idilər. Lazımsız dərmanları onu öldürsəydin də xəstəsinə yazmazdı. Amma indi tamam başqa cürdür.
O vaxt Azərbaycan coğrafiyası dərsliyinin müəllifi olan, professor Gül vardı. Deyirdi ki, Azərbaycan neftinin bir tonuna görə büdcəmizə 1 qəpik keçirirlər. Ondansa, gəlin neft quyularımızı bağlayaq, gələcək üçün saxlayaq, mineral sularımızı çıxarıb, satışa verək. Bu zaman bir litr sudan 10 qəpik qazancımız olacaq, respublikamız 9 qəpik uduşda olacaq. Bu cümləyə görə də o böyük vətənpərvəri gözümçıxdıya saldılar. Biz bunları oxuyurduq və Azərbaycanın təəssübünü çəkirdik ki, sovet dövlətinin tərkibində Azərbaycan özünü göstərə bilmir, gəlin, müstəqilliyimizə görə çalışaq. Bir qrup dost bu istiqamətdə 9-cu sinifdə oxuyandan çalışırdıq. Bu əlaqələrimiz axıradək davam etdi. Tələbə olanda bizi hamının “tük tökdüyü” idarəyə çağırıb qulaqburması verdilər… Daxili qürurla özümə gözaydınlığı verirəm ki, bir arzuma çatdım, Azərbaycan müstəqil oldu. Düzdür, daha yaxşı olmasını arzu edirdik”.

“Məcburən donuz əti də yemişik”
Orta məktəbi bitirəndən sonra 6 saylı texniki-peşə məktəbinə daxil olur. Dördüncü dərəcəli radiomontajçı ıxtisasına yiyələnir. Bu ən böyük dərəcə hesab olunurdu. Çünki ondan sonra usta dərəcəsi gəlir. Peşə məktəbini bitirəndən sonra onu Əhmədlidə evlərinə yaxın ərazidə yerləşən Radiozavoda işə göndərirlər. Məktəbi fərqlənmə ilə bitirdiyinə görə onu ən gəlirli sexə nizamlayıcı işinə göndərirlər. Sexdə yüksək maaş alan 5 işçidən biri olur. Amma işə təzə başladığı vaxtlarda saçlarınını tökülməyə başladığını görür. İş yoldaşları buna gün ərzində qulaqcıqla işləməyin səbəb olduğunu deyirlər. Maaş çox olsa da, 18 yaşında keçəl qalmaq istəmədiyi üçün az maaş olan sexə keçir. Bir il sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinə, di və ədəbiyyat fakültəsinə daxil olur. Oranı bitirdikdən sonra 9 ay Qubanın Qonaqkənd qəsəbəsində müəllim işləyir. Sonra əsgərlik həyatı başlayır. İlyarım əsgərliyi Uzaq Şərqdə – Primorski vilayətində keçirir: “Həmin ərazinin bir tərəfi Yaponiya, o biri tərəfi Çin. Orda Azərbaycan musiqilərinə həsrət idik. Ayda bir dəfə «Mayak» radiosu ilə bir Azərbaycan musiqisi verirdilər. O da Rəşid Behbudovun 1946-cı ildə yazılmış bir mahnısı idi. Özü də Azərbaycan mahnısını rusca oxuyurdu. Amma mən o mahnıya nəfəsimi içimdə sıxıb gözümü qırpmadan qulaq asırdım. Əsgərlikdə olanda poçtda işləyirdim, həm də dviziyanın rəssamı idim. Ona görə, sərbəstliyim bir az çox idi. Bizim ailə mömin, milli adət-ənənələrə, dəyərlərimizə bağlı ailədir. Amma məcburən donuz əti də yemişəm. İslam qaydasında belədir ki, ölüm təhdidi qarşısındasansa, haram buyrulan qidaları yeyə bilərsən. Təbii ki, sonra heç vaxt yemədim”.
“5-10 dəqiqə gec gəlsəydim…”
Aspiranturaya qəbul olmağının isə maraqlı tarixçəsi var: “84-cü ildə br tələbə yoldaşımla küçədə rastlaşanda dedim ki, neynirsən? Dedi ki, Ədəbiyyat İnstitutunda işləyirəm. Dedim ki, Moskvada? Dedi, yox, Bakıda. Dedim ki, Bakıda Ədəbiyyat İnstitutu var? “Niyə yoxdur, Elmlər Akademiyasında, mən müdafiə də etmişəm” – dedi. Gülümsüyərək qayıtdım ki, yəqin tanışlıqla girmisən. Sözüm acığına gəldi. Ciddi dedi ki, sən mənə paxıllıq edirsən! Əgər sənin doğrudan da gücün, elmin varsa, sənədlərini düzəlt ver aspiranturaya. Hazırda qəbul var. Bu sözü yeyə bilməzdim. Həmin gün sənəd qəbulunun bitməsinə bir həftə qalmışdı. Sənədləri birtəhər yığıb, taksi ilə tələsik təqdim etməyə gəldim. Mən çatanda sənəd qəbul edən qapını bağlayıb gedirdi. Özü də cümə günü idi. Şənbə-bazar işləmir, birinci gün də imtahan idi. Dedi ki, gecikmisən. Dedim ki, siz də burdasız, mən də. Baxdı üzümə, dedi ki, bəlkə girəcəksən, bilmək olmaz. Qapını açıb, sənədlərimi qəbul etdi. 5-10 dəqiqə gec gəlsəydim, orada heç kimi görməyəcəkdim. Bu da Allahın işidir… Elə oldu ki, mən qəbul olundum. Həmin dostuma da dəfələrlə deyirəm ki, Allah sənin canını sağ eləsin. O sözü mənə deməsəydi, mən bura girə bilməyəcəkdim. “Məhəmməd Füzulinin şeir sənətində poetik obraz və bədii təsvir vasitələri” adlı dissertasiya mövzusunu mənə etibar etdilər. Özüm həmin mövzunu işləmək arzusundaydım… 1990-cı ildə müdafiə elədim”.
Fərqli universitetlərdə, fərqli fakültələr, fərqli dərslər…
İş həyatı da fərqli olub. Belə ki, müxtəlif universistelərdə müxtəlif fakültələrdə fərqli fənnlərdən dərs deyib: “Lənkəranda Hirkan, Bakıda Qızlar seminariyası, Bakı Dövlət Universitetində dərs demişəm. İndi Azərbaycan Milli Konservatoriyasında İctimai elmlər kafedrasının müdiriyəm. Qızlar seminariyasının jurnalistika fakültəsində jurnalistika texnologiyaları fənnindən dərs keçirdim. “Bakının səsi” qəzetinin, cəmi bir nömrəsi çıxan “Molla Nəsrəddin” jurnalının, “Türkün səsi” qəzetinin baş redaktoru olmuşam. On görə tələbələrimə bu sahədə dərs deyə bilirdim. Mətbəə işi ilə bağlılığım olduğundan, əyani şəkildə danışa bilirdim. Sonra Hirkan Universitetində islam dininin əsaslarından dərs demişəm. Bakı Dövlət Dövlət Universitetində islam dininin əsasları, nitq mədəniyyəti və sufizmdən dərs keçirdim. Filologiya elmləri namizədi olsam da, neçə illər fəlsəfə kafedrasında çalışdığımdan elə biliblər ki, fəlsəfədən müdafiə etmişəm. Mənə politologiyadan dərs verdilər. Elə bildim ki, mədəni şəkildə bununla “çıx get” demək istəyirlər. Ona görə işə getmədim. Sonra evə zəng elədilər ki, bu müəllim niyə dərsə gəlmir. Gəldim, gördüm ki, ciddiyyətlə onlar mənə həmin fənnləri veriblər. Dedilər ki, sənə politologiyadan magistraturada, rus qrupunda dərs vermişik. Şənimə sığışdırmadım deyim ki, bu dərsi deyə bilmərəm. Getdim rus dilində politologiya dərslikləri tapdım. Cümə, şənbə, bazar günü politologiyadan 3 kitab oxudum. Birinci gündən dərsimi dedim. Heç kim bilmədi ki, mən bu fənni bilirəm, ya yox. İndi istənilən politoloqla oturub söhbət edə bilirəm”.
“O vaxtın gəncləri ilə indiki cavanlar arasında fərq görmürəm”
Astrologiyaya gəlişi isə Füzulini dərindən araşdırmaq istəyindən sonra baş verir. Aspirantura dövründə Füzulini araşdıranda fikirləşir ki, o öz zamanında hansı elmləri öyrənibsə, onları öyrənmədən Füzuli sənətinin sirlərini açmağa girişə bilməz: “İlk növbədə Quran elmlərini imkan daxilində öyrəndim. Eyni zamanda, astronomiya, astrologiya, ondan sonra kimya, simiya, cifr kimi elmləri öyrənməyə çalışdım. Fars, ərəb dillərindəki biliklərimi aspiranturada təhsil zamanı artırdım. Astrologiya haqqında bəzi məsələlər barədə yazdım. Sonra aylıq qoroskop hazırladım, radio və televiziyada bu sahədə verilişlər apardım”.

O indiki gəncləri, gəncliyimizi qınayanlarla razılaşmır. Deyir ki, hər bir dövrdə yaxşılar və pislər olur: “Yaşlı adamlar bəzən deyirlər ki, bizim zamanımız ideal idi, indi xarabdı. Elə deyil. İndi müdrik, ağıllı, gələcəyi görməyə çalışan, zəhmətkeş, ədəb-ərkan sahibi olan gənclərimiz çoxdu. Pis, tərbiyəsiz cavanlarımız da var. Bu cür gənclər bizim zamanımızda da varıydı. Ümumiyyətlə, hər bir xalqın 20 faiz çıxdaşı var. O iyirmi faizə xiyar qabığı deyirlər, soyulub atılır. Əslində onlar olmasa, sən yaxşının qədrini bilməzsən. Demək olar ki, mən o vaxtın gəncləri ilə indiki cavanlar arasında heç bir fərq görmürəm”.

“50 min kitabım var”
Hesab edir ki, əksər insanlar gəncliyinin və səhhətinin qədrini bilmir. Amma ən azından vaxtını boş keçirmədiyi üçün peşman olmadığını deyir. Vaxtının əsas hissəsini isə kitablara həsr edib. Bunu 50 min kitabı olan kitabxanasına əsasən də demək olar: “Çayxanalarda saatlarla oturub vedrələrlə çay içməmişəm. O vaxt mobil telefon olmadığından insanlar bir-birini adət etdikləri yerlərdə tapırdılar. Şəxsən məni axtarsaydılar, ya Axundov, ya Lenin, ya da Sabir adına kitabxanalarda tapardılar. Çünki elə şeylər var ki, sən onu müəllimdən eşitmirsən. Bəlkə müəllim də heç bilmir, ya da bəlkə bilib və unudub. Amma kitabla canlı təmasda olanda elə bilirsən ki, həmin adamla söhbət edirsən, müəllif öz bildiklərini ancaq sənə danışır. Özümün 50 min kitabım var. Nəsildən qalma kitablar da var, özüm aldığım kitablar da… Onların hamısını oxumuşam. Əlli min kitabın hamısının adını deyə bilərəm. Hətta mənim diqqətimi çəkən nə varsa, səhifənin harasında olduğunu da deyə bilərəm. Hərf tanıdığım, əlifbanı öyrəndiyim gündən oxuduğum kitabları yığmışam. Demək olar ki, hər gün təzə kitab alırdıq. Evdə kitab qoymağa yer qalmamışdı”.

Sonda gənclərə məsləhətlərini də öyrəndik: “Birincisi, unutmasınlar ki, yerin-göyün, bəşəriyyətin sahibi – Allah var və o təkdir. İkincisi, vətəni, xalqı, milləti son dərəcə çox sevsinlər. Əgər bunu bacarmasalar, millətə, xalqa lazımsız adam olacaqlar. Vətəni sevmək, onun uğrunda döyüşməyə hazır olmaq lazımdır. Tarix boyu itirdiklərimizi yada salsaq, bilməliyik ki, onları geri qaytarmağın zamanı çoxdan çatıb”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir