Nermine  Abbasova

Qeyri-sabit hava şəraitinin sağlamlığımıza görünməz təsiri

Baxış sayı: 524

Son illərdə iqlim dəyişikliklərinin təsiri ilə hava şəraitində qeyri-sabitlik daha qabarıq şəkildə hiss olunur. Gün ərzində temperaturun kəskin dəyişməsi, atmosfer təzyiqinin oynaq olması, küləyin güclənməsi və rütubətin dəyişkənliyi insan sağlamlığına birbaşa təsir göstərir. Bu təsirlər xüsusilə xroniki xəstəlikləri olan insanlar, yaşlılar və uşaqlar üçün daha həssas xarakter daşıyır.

 

Hava dəyişkənliyi orqanizmə necə təsir edir?

Mövzu ilə bağlı danışan terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, insan orqanizmi ətraf mühitə uyğunlaşmaq qabiliyyətinə malikdir. Lakin hava şəraitində qəfil dəyişikliklər bu uyğunlaşma mexanizmlərini çətinləşdirir.

Həkim deyir ki, nəticədə orqanizmdə bir sıra funksional pozuntular – məsələn, qan dövranında dəyişiklik, sinir sistemində gərginlik, hormonal balansın pozulması, immunitetin zəifləməsi baş verir:

“Bu dəyişikliklər müxtəlif simptomlarla özünü göstərir. Ən çox rast gəlinən sağlamlıq problemləri baş ağrıları və migren tutmaları, ürək-damar xəstəlikləri, tənəffüs sistemi problemləri, oynaq və əzələ ağrıları, psixoloji təsirlərdir.

Atmosfer təzyiqinin dəyişməsi damarların daralmasına və ya genişlənməsinə səbəb olur. Bu isə xüsusilə migren xəstələrində tutmaların artmasına gətirib çıxarır.

Qeyri-sabit hava ürək fəaliyyətinə ciddi təsir edir. Hipertoniya olan insanlarda təzyiq yüksələ bilər, halsızlıq və başgicəllənmə artır, ürək ritmində pozuntular yarana bilər. Bu səbəbdən belə şəxslər hava dəyişikliklərinə daha həssas olurlar.

Qeyd edim ki, külək, rütubət və temperatur dəyişiklikləri bronxial astma tutmalarını artıra bilər. Allergik reaksiyaları gücləndirir, soyuqdəymə və virus infeksiyalarına yol açır.

Rütubətin artması və temperaturun enməsi xüsusilə oynaq xəstəlikləri olan insanlarda ağrıların artmasına səbəb olur. Bu hal daha çox Revmatizm və digər degenerativ problemlərdə müşahidə edilir”.

Ailə həkimi vurğuladı ki, havanın dəyişkənliyi yalnız fiziki deyil, psixoloji vəziyyətə də təsir edir – əhvalın enməsi, yorğunluq hissi, yuxu pozuntuları, stress və əsəbilik. Həkimin sözlərinə görə, bəzi insanlarda bu vəziyyət meteohəssaslıq kimi tanınır. Məsələn, yaşlı insanlar, uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, stressə meyilli şəxslər.

Nərminə xanım bildirdi ki, qeyri-sabit hava şəraitində sağlamlığı qorumaq üçün sadə, amma effektiv tədbirlər mövcuddur:

“Gün ərzində kifayət qədər maye qəbul edilməlidir. Qidalanmanı balanslı saxlamaq lazımdır. Hava şəraitinə uyğun geyinməli, fiziki aktivliyi tam dayandırmamalı, lakin normaya diqqət etməli. Eyni zamanda, yuxu rejiminə diqqət edilməlidir. Bununla yanaşı, xroniki xəstəliklərdə dərmanlar vaxtında qəbul edilməlidir”.

Həkim deyir ki, qeyri-sabit hava şəraiti sadəcə narahatlıq yaradan amil deyil, həm də sağlamlıq üçün ciddi risk faktoru ola bilər:

“Orqanizmin siqnallarına diqqət yetirmək, profilaktik tədbirlər görmək və lazım gəldikdə həkimə müraciət etmək bu təsirlərin qarşısını almaqda mühüm rol oynayır. Unutmayaq ki, sağlam həyat tərzi və düzgün yanaşma ilə təbiətin dəyişkənliyinə uyğunlaşmaq mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir