“Dərd varsa, dərman da var” – deyirik. Düzdür, dərman hədsiz çoxdur, amma burada əsas olan dərdimizin dərmanının tapılmasıdır. Bu isə həkimlərin üzərinə düşür. Amma müalicənin yarısı da həkimə inamdır. Bu cəhətdən isə bizdə problem olduğu hər kəsin gözü önündədir.
Həkim və ya diaqnostika aparatlarının müayinəsi üçün klinika-klinika gəzənlərin sayı həddindən çoxdur. Adətən bir neçə həkimin və müayinə aparatlarının nəticələrini tutuşdurub, sonra müalicəyə gedirlər. Hətta bəzən xəstə inamsızlıqdan müayinələrə o qədər pul xərcləyir ki, müalicəyə pul da qalmır.
Yaxud imkan daxilində müalicə üçün xarici ölkələri seçənlər də var. Amma ölkəmizdə yaxşı əməliyyatlar edən, müalicələr aparan həkimlər az deyil. Buna baxmayaraq, “Azərbaycanda həkim yoxdur” ifadəsi hələ də deyilir. Bu ifadəni işlətməklə, biz bu sahədə olan peşəkarların işini də kölgə altında qoymuş oluruq. Bəs bu fikrin insanların beynindən silinməsi nələrdən asılıdır?
“İnsanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar”
Trend-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bəzi şəxslər xarici ölkələrdə Azərbaycandakı klinikalardan o qədər də yüksək səviyyədə tibbi xidmət göstərməyən klinikalarda müalicə alırlar, sonra da o klinikaları Azərbaycanda təbliğ edirlər, insanlar da onlara inanır”.
Ə.Əmiraslanov bildirib ki, belə hallar çoxdur: “Belə hallara qarşı mübarizə aparmalıyıq. Almaniyanın tibb sahəsində tanınmış bir mütəxəssisini Azərbaycana dəvət etmişdim. O, burada Tibb Universitetində mühazirə oxudu, bir sıra tibb mərkəzlərində oldu. Sonra mənə dedi ki, Azərbaycandan insanların müalicə üçün niyə Almaniyaya gəldiyinə təəccüb edirəm. Mənim orada etdiklərimi Azərbaycanda bir çox mərkəzlərdə də edirlər”.
Komitə sədrinin sözlərinə görə, bunun səbəblərindən biri odur ki, insanlarımız xarici klinikaları Azərbaycanda təbliğ edirlər: “Azərbaycanda insanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar, Azərbaycanda mütəxəssis olmadığını deyirlər və s. Təəssüf ki, hətta savadlı ziyalılarımız da bunlara inanır və müalicə olunmaq üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar, Azərbaycanda olan klinikalardan qat-qat aşağı səviyyəli klinikalarda böyük məbləğdə vəsait xərcləyirlər”.
Ə.Əmiraslanov qeyd edib ki, burada həkimlərin, mütəxəssislərin də günahı var: “Biz gördüyümüz işləri, həyata keçirdiyimiz müalicə, diaqnostika tədbirlərini yaxşı təbliğ edə, insanlara lazımınca çatdıra bilmirik. Hər bir tibb işçisi bu sahədə çox fəal olmalı və görülən işlərin təbliğatını aparmalıdır”.
“Həkim seçimini düzgün aparmaq lazımdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirdi ki, “Azərbaycanda həkim yoxdur” fikri emosional bir yanaşmadır. Bu cür düşüncə isə həkimdən çox, şarlatanlarla, özünü reklam etdirənlərlə, aşağı səviyyəli tibb təhsili verən universitetləri bitirənlərlə qarşılaşma nəticəsində yaranıb: “Sadəcə, həkim seçimini düzgün aparmaq lazımdır. “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir. Bu münasibət isə bumeranq effekti verir. Xəstə özü bu münasibətdən əziyyət çəkir. İrana bir müddət kütləvi axın oldu. Sonradan məlum oldu ki, İranda səhv, yarımçıq müalicə olunanlarla bağlı xeyli nümunələr var. Həm də İranda bu gün müalicə xeyli bahalaşdığından insanlar ora az gedirlər”.
“Məmurlar başqa ölkələrdə müayinə, müalicə olunurlar”
A.Qeybullanın sözlərinə görə, Azərbaycan səhiyyəsində problem olmadığını da demək olmaz: “Birinci məsələ odur ki, ölkəmizdə səhiyyə xərcləri vətəndaşların çoxunun cibinə uyğun deyil. Bəlkə də icbari tibbi sığorta olsa, bu problem aradan qalxar. Digər tərəfdən, xəstələrin bizim səhiyyəmizə güvənini azaldan bir fakt məmurların özünün bütövlükdə həkimlərə münasibətidir. Məsələn, məmurlar başqa ölkələrdə müayinə, müalicə olunurlar, ən xırda şey üçün xaricə gedirlər. Bu şeylərə diqqət etmək lazımdır. Bu gün Azərbaycana Avropanın müxtəlif ölkələrində, Türkiyədə təhsil alıb qayıtmış xeyli tibb mütəxəssisləri var. Onlar Qərb səhiyyəsinin standartlarını bilirlər. Hesab edirəm ki, səhiyyənin təşkilində müəyyən qüsurlar olsa da, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr cəhətdən xeyli irəli getmişik. Sadəcə, bu iş düzgün təşkil olunmalı, həkimlərin həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edilməlidir. Həm də icbari tibb sığrotası tətbiq olunsun ki, vətəndaşla həkim arasında bu neqativ münasibətlərə son qoyulsun. Efirlərdə səhiyyədə olan problemlər işıqlandırılmalıdır, sanitariya istiqamətində maariflənmə işi gücləndirilməlidir. İnsanlar özlərini hansı xəstəliklərdən necə qorumalı olduqlarını bilməlidirlər”.
A.Qeybulla “Azərbaycanda ən yaxşı həkim filankəsdir” deyimini real olmayan bir hal adlandırır: “Ən güclü həkim anlayışı o istiqamətdə çalışan digər həkimlərin işini kölgə altında qoyur. Nəticədə məlum olur ki, o ad verilən həkim sadəcə, reklam sayəsində bu adı qazanıb, işə gələndə isə belə deyil. Məsələn, Qərb təbabətində həkimlərin yetişdirilməsi prinsipləri var. Bir sahənin mütəxəssisi konkret bir xəstəliyin diaqnozunu qoymaq, müalicə etmək üçün beynəlxalq protokolları öyrənir. Həmin ixtisası almış hansı həkimə getsən, onlar sizi eyni cür müalicə edəcəklər. Qayda-qanunla. Amma həkimlik özfəaliyyətə dönəndə, qarmaqarışılıq yaranacaq. Bu kimi hallar sistemə düşməlidir”.
“Dünyanın heç bir yerində “Hippokrat andı” anlayışı yoxdur”
A.Qeybulla həkim səhlənkarlığı məsələsində cəmiyyətdə yanlış anlaşılmaların çox olduğunu deyir: “Həkimlərə qarşı neqativ münasibəti cəmiyyətə hər yerdə, hər təbəqədən olan insanlardan görürük. Əslində həkim səhlənkarlığı məsələsində həqiqət payı var. Amma müəyyən qədər obyektiv olmayan fikirlər də var. Məsələn, deyirlər ki, “Hippokrat andı” içib, o, sona qədər fədakarlıq etməlidir. Bu, sovet dövründən qalma boş bir şeydir. Əslində dünyanın heç bir yerində “Hippokrat andı” anlayışı yoxdur, həkimlə xəstə arasında bütün münasibətəri hüquqi olaraq tənzimləyən həkim etikası kodeksi var. Hansısa məsuliyyət məsələsi olanda, həkim etikası kodeksinə əsasən müzakirə olunur və qərar verilir. Həkim səhlənkarlığı deyilən məsələni jurnalistlər, polislər deyil, xüsusi tibbi komissiyyalar araşdırıb müəyyən etməlidir. Dünyanın hər yerində belədir. Bəzi obyektiv səhvlər var. Dünyanın hər yerində xəstədə tromboembaliya da ola, xəstə narkozdan ayılmaya da bilər. Amma elə səhvlər var ki, subyektivdir. Həkim nələrisə qaydasında etsə, problem olmaya da bilərdi. Bu artıq səhlənkarlıq, peşəkarlığın olmaması ilə bağlıdır və araşdırılmalıdır. Hamilə qadınlar bəzən 9 ay ərzində həkimə getmirlər, amma doğuşda təhlükə yaradan problemləri var və bundan xəbərsizdirlər. Doğuş zamanı həmin problemdən kimsə öləndə, dərhal “həkim terroru” kimi ifadələr səslənir. Mətbuatda yazılan bütün bu kimi məsələlər reallığı əks etdirmir. Həkimlərə münasibət nisbətən sayğılı olmalıdır”.
Müsahibimiz qeyd etdi ki, ABŞ-da səhiyyə xərcləri hərbi büdcədən 8 dəfə çoxdur: “Antibiotikin təsirindən olan bir ağırlaşma var ki, ABŞ-da ondan ildə 5000 adam ölür. Halbuki onu bizdə həkim səhvi adlandırardılar. Ona görə “Bizdə həkim yoxdur” anlayışına etiraz etməliyik. Yerində olmayan həkimlər də var, səhv edənlər də var. Dünya təcrübəsində də həkim səhvləri çox olur. Amma bunların azalması, peşəkarlığın, xəstələrə qayğının yüksəlməsi üçün çalışmalıyıq. Azərbaycanda kifayət qədər vicdanlı, peşəkar həkimlər var”.
“Xarici həkimlərin həddindən artıq reklamını apardıq”
Millət vəkili Musa Quliyev bildirdi ki, son 10 ildə səhiyyə sistemimizin maddi-texniki bazası tamamilə yenilənib, idarəetmə sistemi qabaqcıl ölkələrin səviyyəsinə yaxınlaşıb, hüquqi bazası kifayət qədər zəngindir: “Eyni zamanda, kifayət qədər həm sovet məktəbini keçmiş təcrübəli, bilikli, həm də son dövrlər Avropa səhiyyə təhsilini almış, Türkiyədə, Almaniyada formalaşmış uzmanlıq, elmlər doktoru səviyyəsində həkimlərimiz var. Bu gün Azərbaycanda qaraciyər, böyrək, sümük iliyi köçürmələri, açıq ürək əməliyyatları kimi ən mürəkkəb əməliyyatları etmək imkanlarımız varsa, deməli, səhiyyəmizin ümumi inkişafı bizi qane edir”.
M.Quliyev həkimlərimiz haqda bu cür fikrin formalaşmasının bir neçə səbəbi olduğunu dedi: “Bu, ilk olaraq 90-cı illərdən qaynaqlanan fikirdir. Çünki o illərdə bizim səhiyyəmiz o qədər də ürəkaçan səviyyədə deyildi. İkinci səbəb odur ki, kütləvi informasiya vasitələrində, televiziyalarda xarici həkimlərin həddindən artıq reklamını apardıq. Bu da əsasən İran və Türkiyədən gələn həkimlərin siyasəti idi. Reklam siyasətində səmimi və sadəlövh bir siyasətimiz varıydı. Oradan gələn həkimlər isə bu sahədə xüsusilə reklam etmək cəhətdən böyük təcrübəsi olan insanlar idilər. O reklam da həkimlərimizə qarşı inamın azalmasında müəyyən bir rol oynadı. Burada özlərini reklam edəndən sonra xəstələri öz ölkələrinə çəkib apardılar”.
Bu inamın qaytarılmasına gəlincə, millət vəkili dedi ki, əsas iş xidmətin keyfiyyətinin yüksəldilməsidir: “İnam tam ölməyib. Sadəcə daha çox olmasına çalışmalıyıq. Bunun üçün həm də gördüyümüz işləri təbliğ etməliyik. Reklam siyasətimizi kifayət qədər milliləşdirməliyik. Həm də qonşu ölkələrə müalicəyə gedənlər görürlər ki, həmin müalicə burda da olunur, daha ucuz və rahat başa gəlir. İcbari tibbi sığorta işə düşəndən sonra isə problem müəyyən qədər həll olunacaq. Səhiyyə turizmi var ki, bu, dünyanın hər yerində yayılıb. Ona görə xarici ölkələrə müalicə üçün üz tutanlara da normal yanaşmaq lazımdır. Bu, həkimlərimizə inamın olmaması deyil. 10 milyon əhalimizin lap 10 faizinin xarici ölkəyə müalicəyə getməsi elə də faciə deyil. Xaricə müalicə üçün gedənlərin sayı 50 min nəfərə çatmaz. Amma qalan əhali ölkəmizdə müayinə və müalicə olunur”.
“İnam olduğu halda, xəstəlik tez müalicə edilir”
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, xəstəni sağaldan onun inamıdır: “Xəstəliyi xəstə özü sağaldır, həkim kömək edir. Həkim vasitəçidir. İnam olduğu təqdirdə, xəstəlik tez müalicə olunur. Həkimə inam xəstəliyin müalicə olunmasına müsbət təsir göstərir”.
Psixoloq deyir ki, “həkim yoxdur”, “həkimlər insanlardan istifadə edirlər” yanaşması səhiyyəmiz üçün heç də yaxşı hal deyil: “Azərbaycan həkiminə olan bu inamsızlıq insanlarımızın müayinə və müalicə üçün daha çox qonşu ölkələrin tibb sisteminə üz tutmalarına gətirib çıxardı. Qonşu ölkələrə – Türkiyə, İran, Rusiyaya gedib, əməliyyatdan sağ çıxmayanalar da olur. Onun hesabatını kimdən soruşmaq olar? Səhiyyədə problemlər var, amma inkişafı üçün işlər gedir. Əgər həkimimizə qarşı inam olsa, səhiyyəmizin böyük bir problemi həll olunacaq. Bu, böyük bir problemdir. Çünki çox yaxşı həkimlərimiz var. Bütün sahələrdə yaxşı və pislərlə rastlaşırıq. Azərbaycanda səhiyyənin elə sahələr var ki, qonşu ölkələrdən geri qalmır. Mən daha çox bələd olduğum sahələrdən misal çəkim. Nevrologiya, psixologiya, psixiatriyamız Türkiyədən də, İrandan da üstündür. Əksinə, gedənlərə yüksək dozalı dərmanlar yükləyirlər, bir müddət özlərini yaxşı hiss edirlər, sonra yenə eyni vəziyyətə qayıdırlar”.