torpaq

Torpaq alarkən nəyə fikir verməli?

Baxış sayı: 2. 110

İnsanların əksəriyyəti ev problemini həll etməyin yolunu şəhər kənarında torpaq sahəsi alıb, ev tikməkdə görür. Ancaq çox zaman satılan torpaqların sənəd problemi olur. Bir müddət sonra onların qanunsuz satıldığı belə üzə çıxır. Son zamanlarsa bu sahədə daha çox bələdiyyələrin adı hallandırılır.

Bu ilin 9 ayı ərzində Azərbaycanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb. Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun “Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir” adlı məqaləsində deyilir. Məqalədə bildirilib ki, 9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti sahəsi üzrə ekspert Ramil Osmanlının bildirdiyinə görə, torpaq sahələri də daşınmaz əmlak subyektləri kimi oxşar kateqoriyadan olan əmlakdır: “Torpaq sahələrinin də alqı-satqısı bir qayda olaraq notarial qaydada həyata keçirilməlidir. Bunun üçün vacibdir ki, satışa çıxarılan torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiq edən sənədi, yəni çıxarışı olsun. Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımdır. İnsanlar düşünmədən maddi vəsaitlərini riskə atırlar”.

Dediyinə görə, bələdiyyələr bir qayda olaraq hərraclar vasitəsilə torpaq sahələri ilə bağlı elan verməli və hərrac komissiyasının iştirakı ilə bələdiyyə torpaqları satışa çıxarılmalıdır. Əks təqdirdə bələdiyyədən alınan torpaq sahələri reyestrə düşmür və alqı-satqı əməliyyatları qanunsuz hesab olunur. Müsahibimiz bildirir ki, gələcəkdə onların sənədləşdirilməsi problem olacaq. “Eyni zamanda, bəzi hallarda bələdiyyələr dövlət fonduna aid olan torpaqlar üzərində qeyri-qanuni sərəncam verirlər. Onun alqı-satqısını həyata keçirirlər və sonrakı mərhələdə bu məsələ aşkarlandıqda həmin torpaq sahəsi geri alınır”.

Qanunsuz torpaq sahəsinin geri alınması zamanı vətəndaşın ödədiyi vəsaitin qaytarılmasına gəlincə Osmanı bildirir ki, bu artıq vətəndaşla bələdiyyə arasındakı hüquqi münasibətlərə dayanan məsələdir. “Bu artıq vətəndaşla bələdiyyə arasında məhkəmə qaydasında həll olunmalıdır. Bu isə uzunmüddətli problemdir və onun həlli üçün uzun müddət məhkəmədə mübarizə aparılmalıdır”.

Ekspert tövsiyə edib ki, insanlar etibarnamə ilə hər hansı formada şifahi razılaşma ilə və yaxud ikitərəfli notarial qaydada təsdiq olunmayan müqavilələrlə alqı-satqılara getməsinlər və bu alqı-satqı əməliyyatları qanunsuzdur: “Bunun mülki hüquqda tənzimlənmə mexanizmi təəssüflər olsun ki, mövcud deyil”.
Qeyd edək ki, bəzən alıcılar torpaq sahəsi alsa da, ev tikdirmək istəyəndə, icazə vermirlər. R.Osmanlı vurğulayıb ki, bütün torpaq sahələrinin sənədlərində onların təyinatları barədə məlumatları qeyd olunub: “Ona görə çıxarışın olması vacibdir ki, çıxarışda torpaq sahəsinin mülkiyyətdə olmasıyla bağlı məlumatlarla yanaş onun təyinatı barədə də məlumat verilir. Əgər yaşayış məntəqəli təyinatlı torpaqdırsa, ev tikintisi üçündürsə, bu torpağı alıb orada ev tikmək olar. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı həyata keçirilir. Sonradan orada ev tikintisinə başlanılır. Bu həm tikinti prosesində, həm də sonrakı mərhələdə həmin obyektin sənədləşməsində çox ciddi problemə gətirib çıxarır. Hesab edirəm ki, heç bir sənədi olmayan torpaq sahəsi ilə ayrı təyinatı olan torpaq sahəsinin alınması oxşar məsələdir. Kifayət qədər pul, vaxt, əsəb itkisinə gətirib çıxaran məsələdir”.

Onun dediyinə görə, “torpağın sənədi yoxdur, onu aldıqdan sonra sənədini düzəldərsiniz” təklifini ümumiyyətlə qəbul etmək olmaz: “Bunun arqumenti ondan ibarətdir ki, sənədini düzəlt, alqı-satqı üçün normal vəziyyətə gətir və biz alqı-satqıya gedərik. Ola bilər iki tərəf arasında qarşılıqlı razılaşma ilə notarial qaydada müqavilə bağlanar. Sənədlərin düzəlməsi üçün məbləğin bir hissəsi beh şəklində qarşı tərəfə ödənilsin. Lakin bütünlükdə torpağın sənədinin düzəldilməsinin alıcıya yüklənilməsi dələduzluğun başlanğıcıdır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir