kerim

Müğənni Kərim: “Bir qadın deyə bilməz ki, onunla…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 249

“Gencaile.az” Aile.lent.az-a istinadən müğənni Kərimin müsahibəsini təqdim edir.

– Müsahibə üçün başqa bir gün razılaşmışdıq, amma uşağın xəstələndiyini dediniz. Deyəsən, uşaqların qayğısına çox qalırsınız?

– Əlbəttə. Deyirlər ki, uşağın bütün qayğılarını ana çəkməlidir, ata isə ancaq pul qazanıb gətirməlidir. Bu sözlə razı deyiləm. Əgər insanın ürəyində övladına, həyat yoldaşına, ata-anasına qarşı sevgisi varsa, bunu göstərməlidir. “Mən kişiyəm, sevgimi bəlli etməməliyəm, qıraqda durmalıyam, hamısını evin xanımı etməlidir” – bu, düzgün deyil. Övladlarım mənim parçamdılar, həyatımdı. Mən onlar üçün canımı verərəm. Onları çimizdirməyi belə, mən heç kimə etibar etmirəm, nə həyat yoldaşıma, nə də anama. Deyirəm, sudur, uşaq sürüşüb əlinizdən düşər. Onları özüm çimizdirirəm. Onlara qulluq etməkdən zövq alıram. Evdə hamı yatır, mən onlara baxıram, qığıltılarını, səslərini, nəfəslərini dinləyirəm. Əlbəttə ki, uşaqları evdəkilər saxlayır. Amma mən də biganə qalmıram. Gecədən səhər saat 6-7-ə kimi uşağa mən baxıram, sonra deyirəm, indi siz baxın, mən yatım dincəlim. Hərdən elə bütün günü uşağı özüm saxlayıram.

– Yeməyini də siz verirsiniz?

– Uşağa yemək hazırlamaq da çətin deyil. Ana südü ilə qidalanır. Amma bəzən doymur. Onda uşaq yeməyi veririk. Mən hazırlayıb yedirdirəm.

– Nə qədər suya neçə qaşıq tökürsünüz?

– 120 qrama 4 qaşıq tökürəm, ilıq suda hazırlayıb verirəm yeyir (gülür). Sonra bir az qucağımda gəzdirirəm ki, köpü getsin.

– Oğlanlarınızın adı nədir?

– Böyük Səid, balaca Yusifdir.

– İkinci dəfə ata olmaq necə hissdir? İlk dəfə ata olanda daha həyəcanlı idiniz, yoxsa ikinci dəfə?

– Ümumiyyətlə, mən uşaqları çox sevirəm. Qaynım, baldızlarım, qohum-əqrəbamın uşaqlarını görəndə elə bilirəm doğmamı görürəm. Uşaqlarla oynayıram, maşında gəzdirirəm, gəzməyə aparıram. Bir də görürsən, qaynımın həyat yoldaşına zəng edib deyirəm ki, uşaqları hazırla, gəlirəm. Götürüb aparıram gəzməyə. Saatlarla zəng vurub maraqlanmırlar ki, hardayıq, nə edirik. Çünki arxayındılar ki, uşaqlar mənimlədir. Mənə özləri kimi inanırlar, bilirlər ki, uşaq Kərimdədirsə, rahat olmaq olar. Yəni Kərim uşaqları göz-bəbəyi kimi qoruyacaq. Uşaqlarla vaxt keçirmək çox gözəldir. Düzdür, arada yoruluram, əsəblərim gərginləşir. Körpəmizin 40 gün problemləri oldu. Əsəblərim gərgin idi, yata bilmirdim. Sabah efirə çıxmalıyam, səhərə kimi əlimdə uşaq yatızdırırdım. Səhər saat 10-da uşaq yatıb, mən də yatmışam, saat 12-də oyanıb efirə qaçmışam. Efirdə gözlərim qıpqırmızı, yuxu tökülür. Aparıcı soruşur ki, sənə nolub? Deyirəm sən də bütün günü uşaq yırğalasan belə olarsan. Cavab verir ki, niyə evdəkilər saxlamır? Deyirəm, evdəkilərlə bitmir axı, adam məsuliyyət daşıyır, uşaq ağlayanda mən necə rahat yata bilərəm?

– Belə getsə, gələcəkdə çoxuşaqlı ata olarsınız.

– Əslində sizə etiraf edim ki, əkiz uşaq istəyirəm. İndi bu saat mənim beynimdə əkiz uşaqlardır. Həyat yoldaşım deyir ki, qoy bunları böyüdək sonra (gülür). Düzdür, o biri böyüyüb, nənəsi baxır, artıq hazırlığa gedir. Amma həyat yoldaşım deyir ki, heç olmasa bu balaca ayağa qalxsın sonra.

– Yəqin ki, qız övladı arzulayırsınız.

– Mən Allahdan hər zaman övlad istəmişəm, demişəm, Allahım mənə 5 uşaq ver, 5-i də qız olsun. Oğlan istəməmişəm. Bilmirəm niyə? Hər zaman qızlarım olmasını arzulamışam. Şükr Allahın məsləhətinə, oğlan verib. Bundan sonra Allah mənə 5 övlad versin, 5-i də qız.

– Amma çoxları deyir ki, qız övladını saxlamaq asan deyil.

– Heç də çətin deyil. Qız olan evdə ruzi-bərəkət, xeyir-dua əskik olmur. 3 qızı olan, onu böyüdüb boya-başa çatdran valideynlərin yeri cənnətlikdir deyirlər. İstəyirəm bir cənnət qazanım. Allah qismət etsə.

– Çox vaxt çıxışlarınız qalmaqala səbəb olur. Sizcə, buna səbəb nədir, səmimiyyətiniz, emosionallığınız, yoxsa çılğın olmağınız?

– Bilmirəm bu camaat nə istəyir? Bəziləri insanı ikiüzlü görmək istəyir. İnsan yalan danışsın, yalanlarla onu aldatsınlar. Bəziləri yalan danışana deyir “halaldır”, alqışlayır. Mənim də yalanla aram yoxdur. Nə var onu deyirəm. Kim necədirsə, onu üzünə deyirəm. Qoy indi onlar üçün pis olum, amma vaxtı gələndə desinlər ki, sağ olsun, heç olmasa sözünü üzümüzə deyirdi, filankəs kimi arxamca danışmırdı. Mən beləyəm, məni belə də qəbul etsinlər. Qəbul edən etsin, etməyənin canı sağ olsun. Mən xasiyyətimi dəyişə, çılğınlığımı ata bilmərəm, bu, mənim qanımdadır.

– Bəs siz insanların səmimi və ya qeyri-səmimi olduğunu anlaya bilirsiniz?

– O dəqiqə anlayıram. Bu mövzuda təcrübəm çoxdur. 36 yaşım var, uşaq deyiləm ki. Tutaq ki, kiminsə performansını bəyənmirəm. Məni məcbur edib bəyəndirə bilməzsən. İnsan var ki, onu ümumiyyətlə sevmirəm. Amma radioda ifasına qulaq asıram. İnsan kimi tərbiyəsizdirsə, bunun onun ifasına aidiyyatı yoxdur.

– Bəs övladınız dünyaya gələndə Təranənin təbrikini səmimi qəbul etdiniz?

– Övladım dünyaya gələndə təbrik edənlər hədsiz dərəcədə çox oldu. Amma dediyiniz təbrik haqqında danışmaq istəmirəm. O insandan mən heç nə gözləmirəm, nə təbrikini, nə də başsağlığını. Onunla bağlı danışmaq istəmirəm, çünki qalmaqal yaranır. Efirlərdə danışır, amma bu, mənə lazım deyil. Mənə lazımdır ki, yeni mahnılarımdan danışsınlar. Sənətimlə məşğulam. Bir məqsədim var – işləyim, pulumu qazanım, ailəmi dolandırım. Kim nə edir, nə etmir mənə maraqlı deyil. Ondan pislikdən başqa heç nə gözləmirəm. Pislik etməsin, yaxşılığı başına dəysin.

– Bildiyimə görə, həyat yoldaşınız yaradıcılıqdan uzaq insandır.

– Həyat yoldaşımın şou-biznesə aidiyyatı yoxdur. Ali savadlı xanımdır. 6 ildir birlikdəyik. Düzdür, artıq məndən sənətin bütün incəliklərini öyrənib. Məsələn, səsin qaçmağı necə olur, deton, falş, ürəklə oxuyur, ürəksiz oxuyur. Bunların hamısını bilir. O gün “O səsə Türkiyə”yə baxırdıq. Kimin xaric oxumağını, kimin oxumadığını məndən əvvəl deyir. Bunların hamısını duyur artıq. Onu həyat yoldaşı və balalarından başqa heç nə maraqlandırmır.

– İşləmir?

– Xeyr.

– Siz də düşünürsünüz ki, qadın evdə oturmalıdır?

– Əslində elə düşünürəm. Mənim xanımım işləməməlidir. Onun evdə oturmağını istəyirəm. Ötən gün dedi ki, iş təklif ediblər, icazə ver gedim işləyim. Soruşdum ki, nə qədər maaş alacaqsan? Cavab verdi ki, 550 manat. Dedim, mən 550 manatı sənə verirəm, otur evdə. İcazə vermirəm işləsin. Canım sağdır, Allah onların rüzisini mənə yetirir.

– Söhbət təkcə maaşdan getmir. Xanımın ictimaiyyət arasına çıxması, bilik və bacarığını hansı yönəsə istifadə etməsi məsələsi var.

– Lazım olan yerə mənimlə çıxır. Gözəllik salonuna gedir, geyimlərini alır, makiyajı, manikür, pedikürü yerində. Əgər hansısa söhbəti eşitmək istəyirsənsə, istənilən gözəllik salonuna getmək kifayətdir. Bütün şəhərin dedi-qodusu, söhbətləri orada olur. İndi bütün söhbətlər gözəllik salonlarında gedir, heç televiziyaya baxmaq lazım deyil. Otur salonda hamı haqqında hər şey eşidəcəksən. Ona işləmək lazım deyil, niyə başın yorsun ki? Qoy uşaqları ilə başını qatsın.

– Hansı ixtisas üzrə ali təhsil alıb?

– Xəzər Universitetinin jurnalistika fakültəsini bitirib. Hərdən saytlarda işləmək istədiyini deyir. Televiziyada olan dostlarımız iş təklif edirlər. İmtina edirəm. Demişəm ki, bu sferadan uzaq olacaqsan, sənlik deyil. Çox saf, məsum insandır. Onu gətirib qoyaq sizin işin qarşısına, yolu tapıb evə gedə bilməyəcək, oturub ağlayacaq. Şəhəri tanımır. Soruşmaz ki, hara necə getmək olar. Qapalı ailədə böyüyüb. Qayınatamla qaynımın zəhmi çox ağırdır. Mən onların yanında çox rahatam. Hərdən mənə deyirlər ona çox sərbəstlik verirsən, belə olma. “Qadındır, evdə oturmalıdır” fikri ilə də razı deyiləm. Qadın əsir deyil, əsarət altında yaşamağa gəlməyib. Qadının qədrini bilmək lazımdır. Xüsusən də qarşına çıxan insan səni sevirsə, hörmət edirsə, sən get qıraqda ona xəyanət elə, gözün başqasında olsun, qətiyyən olmaz. Belə şeylərdə yoxam. 6 ildir ailəliyik. Bir dəfə də olsun xanımımı başqa xanıma dəyişməmişəm. Ürəklə deyə bilərəm ki, heç vaxt ona xəyanət etməmişəm. Onun sevgisinin qarşısında acizəm. Onun mənə olan sevgisi, mənim ona olan sevgimdən çoxdur. O, məni aşırı dərəcədə sevir. Amma mən sərhədlə sevirəm. Ona deyirəm ki, bu aşırı dərəcə sevgi bir gün sənə problem yaradacaq, özünü mənə həsr etmə, özünə də zaman ayır. O, bütün günü məni əzizləməyi xoşlayır, “başına dönüm, qurban olum, ordan oturma-burdan otur” deyir. Mən o cür qayğı görməmişəm. Onun qayğısından zövq qalıram. Amma arada sıxılıram ki, ay bala, imkan ver nəfəs alım, bu qədər də olmaz. Bu sevginin qarşısında da ona söz vermişəm ki, nə qədər bir yerdəyik səni heç bir xanıma dəyişmərəm. Bu 6 ildə bir qadın çıxıb deyə bilməz ki, Kərim mənimlə oturub-durub.

– Yəqin ki, bu sevginin içərisində ısqanclıq da var?

– Dəhşətli dərəcədə qısqanır. Məni o qədər qısandı ki, əsəbdən zob xəstəliyi tapdı. Bir il yarım onu müalicə etdirdik. Efirdə oxuyuram hansısa bir xanımla oynayıram, bu, artıq onun üçün böyük problemdir. Niyə o xanımla oynadın? Efirdə oxuyanda istər-istəməz obraza girirsən, deyir, obraz filan olmaz, məgər o mahnını onun üçün oxuyursan? Gördüm ki, bu gedişlə qız intihar edə bilər.

– Bəlkə özünüz də şou-biznesin içərisində olduğunuz və birinci həyat yoldaşınız da bu sahədən olduğu üçün xanımınızı bu aləmdən uzaq tutursunuz?

– Qətiyyən belə deyil. Şou-biznes aləminə pis baxmıram. Hər sənətdə pis və yaxşı insanlar var. Pisə görə yaxşıların adı çıxmamalıdır. Biri pisdirsə, hamıya pis demək doğru deyil. Meşə çaqqalsız olmaz. Şou-biznesdə başqa bir xanım qarşıma çıxsaydı, xasiyyətimiz uyğun gəlsəydi, ailə qurardım. Şou-biznesdə ailəli, uşaqlı o qədər xanımlar var ki. Sadəcə mənim qarşıma o çıxdı və buna çox sevinirəm.

– Heç tanışlığınızdan bəhs etmədiniz. Bir-birinizi hardan tanıyırdınız?

– Biz 25 il qonşu olmuşuq. Bizdən yuxarı mərtəbədə qalırdılar, həm də ailəvi dost olmuşuq. Ailədə 4 bacı, 1 qardaşdılar. Bacılarına “bacı” deyə müraciət edirdim. Qaynımla da dost olmuşuq. Məhləmizdə təkcə onunla səmimi münasibətimiz olub. Amma qəribəsi budur ki, həyat yoldaşımla heç vaxt münasibətimiz olmayıb. Biz bir-birimizə nifrət etmişik. O, evdən çıxanda bizim qapıdan keçirdi. Görəndə ki, qapıdan keçir evdən çıxmırdım. O da görürdü ki, mən çıxıram geri qayıdırdı. Bir-birimizə qarşı antipatiyamız olub. Sonra necə oldu münasibətimiz yarandı və evləndik hələ də başa düşmürəm (gülür). Bir-birinə nifrət edən insan bir-birinə necə bağlandı anlamıram.

– Bəlkə hansısa məqam və ya hadisə bu sərhədləri qırdı?

– Boşanmışdım, 2 il keçmişdi. Bir il İstanbulda yaşadım, sonra 5-6 ay Sankt-Peterburqda qaldım. Bura qayıtdım. Sonra yenidən İstanbula getməyə hazırlaşırdım. Anam gəldi, dedi, ay Kərim, sən hələ çox gəzəcəksən orda-burda? Bu qədər olmaz, evlənməlisən. Cavab verdim ki, indən sonra qız axtaran deyiləm. Qayıtdı ki, gəl filankəsin qızını sənə alaq. Söhbət də həmin nifrət etdiyim qızdan gedir. Dedim ana, sən onlardan soruşmusan? Cavab verdi ki, birinci mənim razılığımı almaq istəyir. Eyni zamanda qarşıma 3 qız şəkli qoydu. Şəkildəki xanımların heç birini bəyənmədim, çünki yaşları az idi. Mən də əmin idim ki, qonşumuzun qızı qəti olaraq “yox” deyəcək. Ona görə də əminliklə dedim ki, get de. Özüm də İstanbula hazırlaşdım. Sadəcə anamın ürəyi rahat olsun deyə, qonşuya deməyinə razı oldum. Mənə anamın “yox” cavabı eşitməyi lazım idi. Əmin idim ki, boşanmış bir oğlana qız verməzlər, üstəlik də qızın məndən zəhləsi gedir. Qardaşım da anamın təklifini eşidən kimi qıza sms yazdı ki, bizim gəlinimiz olarsan? Qardaşım o evin uşağı kimidir. Qız şoka düşüb, cavab verməyib. Anam gedib, deyib, qızı Kərimə istəyirik. Deyiblər ki, fikirləşib cavab verərlər. Mən də gördüm nə “hə”, nə “yox” cavabı verirlər, çıxıb getdim İstanbula. Bir aydan sonra qayıtdım. Qayınanam qızları ilə bizə gəlmişdi. Anama dedi ki, ay Rübabə, bəs sən gəldin bir söz dedin getdin, niyə maraqlanmırsan? Anam da onlardan xəbər gözlədiyini dedi. Qayınanam dedi ki, biz qızı Kərimə verməyə razıyıq. Bunu eşitdim və əhvalım korlandı. Sonra necə oldusa bir də baxdım ki, bir-birimizi sevirik. İndi çox xoşbəxtəm. Tayın tayını tapması çox qəliz məsələdir. Sadəcə mənim qarşıma bu Təranə çıxmalı idi.

– İki eyni adlı xanımın qarşınıza çıxması sizin üçün nəsə bir işarədirmi? Buna təsadüf demək olarmı?

– Mənim qarşıma bu Təranə çıxmalı idi. Alın yazımda Təranə yazılıb. Amma bu alın yazısı həyat yoldaşım olan indiki Təranədir. Sadəcə səhvən o biri Təranə çıxmışdı qarşıma. O biri mənim həyatımın ən böyük səhvidir.

– Bildiyimə görə, qayınatanız da sizə ev bağışlayıb.

– İki otaqlı evim var, onu da atam verib. Qayınatam da “Tarqovı”da ev verib. Orada yaşamırıq. Çünki maşın saxlamaq problemi var. 36 ildir atamın 2 otaqlı evində yaşayıram. İndi yaşadığımız evdə maşını düz qapıda saxlayıb girirəm evə. Amma “Tarqovı”dakı evə getmək üçün gərək neçə kilometr uzaqda saxlayım. Mən də tədbirlərə, məclislərə, efirlərə gedirəm. Geyinib evdən maşına, maşından evə getmək çətin olur.

– Ofisə daxil olanda ətrinizin qoxusu hər yana yayıldı. Kərim üçün baxımlı kişi necə olmalıdır?

– Baxımlı kişi dəblə geyinən kişi deyil. Görürsən ki, çox gözəl geyinib, amma üfunət iyi verir. Heç olmasa antipresperant istifadə edin də. Sadəcə gigiyenik qaydalara əməl etməlisən. Mən hər gün yuxudan oyanıram və iki dünya bir olsa da duş almalıyam. İnsan necə həftədə bir dəfə, 3 gündə bir dəfə çimə bilər? Efirə gedirsən, görürsən çox zövqlə geyinib, amma yanından keçəndə tər iyi verir. Baxımlı kişi siyahısına çox müğənnilərin adını sala bilmərəm. Baxımlı olmaq başqadır, zövqlə geyinmək başqa. Saçın, dırnaqların, gigiyenik təmizliyin yerində olmalıdır. Bir də görürsən kiminləsə danışırsan ağzından iy gəlir. Diş sürtmək çətindir? Saqqız çeynə. Özümü baxımlı hesab edirəm. Hər gün paltarlarımı dəyişirəm. Evdə mənim paltarlarımdan çox yuyulan paltar yoxdur. Uşaqdan çox mənim paltarım çıxır.

– Gözəllik salonlarına gedirsiniz?

– Yalnız saç düzümümə görə. Amma kosmetoloqa getmirəm. Gedənlərə isə pis baxmıram. Manikür-pedikür etmirəm. Ona görə yox ki, bunlar qadına məxsusdur. Ona görə ki, sadəcə olaraq xəstəliklər çox yayılıb, gigiyenik baxımdan qorxuram. Özüm edirəm. Kişi ilə qadın seçilməlidir, ya yox? Mən də manikür-pedikür edim, qadın da? Mənim özəlim harada olacaq? Kişi kobud olmalıdır, nərmənazik yox. Kişinin danışığı, davranışı əlinin ağırlığı olmalıdır. Kişi nədir, manikür-pedikür nədir?

– Bir çoxları qüsurlarını aradan qaldırmaq üçün plastik əməliyyat etdirir. Buna da münasibətiniz pisdir?  

– Qüsur düzəltməyə pis baxmıram, amma dini baxımdan qəbul etmirəm. Allah səni necə yaradıbsa, elə qalmalısan. Ancaq əgər insan burnunun yekəliyi, ya xalı və ya üzündə başqa bir qüsurla kompleks keçirirsə, onu aradan qaldırmaq olar. Bütün günü gözəllik salonlarında olan kişilərə metroseksual kişi deyillər. Onlar botosk etdirirlər, dodaqlarını şişirdirlər. Bu, artıq aşırı dərəcədir. Mən hər şeyə normal baxıram. Amma özüm etmirəm. Eliyir, yaraşırsa, etsin. Özü bilər. Qınamıram heç kimi.

– Səhnə tələb etsə, siz də estetik-plastik əməliyyata və ya digər kosmetoloji prosedurlara üz tutarsınız?

– Hələ ki, ehtiyacım yoxdur, heç istəmirəm də. Sənət aləmində 28 yaşı olan botokslu kişi tanıyıram. Botoks əlindən üz-gözündə yer yoxdur. Başa sala bilmirəm ki, o botosk əriyib gedəcək üzün sallanacaq.

– Saçlarınız ağarsa, 10 ildən sonra rəng qoydurarsınız?

– Məncə bunu edərəm. Bütün xanəndələrimiz saçlarnı rənglədir, 99 faizinin saçı qara saç rəngidir. Buna normal baxıram.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir