UNİCEF dünyada 700 milyondan çox qızın 18 yaşını tamamlamadan evləndiyinə və bunlardan 250 milyonunun 15 yaşdan kiçik olduğuna diqqət çəkmək üçün videoçarx hazırlayıb.
1 dəqiqə 32 saniyəlik videoda oyun oynadığı dostlarından ayrılmaq məcburiyyətində olan uşaq gəlin canlandırılır və UNİCEF bu video ilə hər kəsi haqsızlıqla mübarizə aparmağa, uşaq evliliklərinə son qoyulmasına çağırıb.
UNİCEF-in son statistik məlumatlarında 18 yaşından tez evlənən qadınlarda məktəbə davamiyyətin aşağı düşdüyü, ailədaxili şiddətə məruzqalma səviyyəsinin isə artdığı vurğulanıb. 20 yaşındakı qadınlardan fərqli olaraq yeniyetməlik çağında olan qızların hamiləlik zamanı yaşadıqları problemlərdən dolayı həyatlarını itirmə riskinin yüksək olduğu bildirilir.
“Save The Children” (Uşaqları qoruyun) təşkilatının rəhbəri Karolin Miles dünyada hər 7 saniyədə bir 15 yaşdan kiçik bir qızın evləndirildiyini, 13, ya da 24 yaşına gəlmədən uşaq sahibi olduğu üçün həyatının təhlükəyə girdiyini açıqlayıb. K.Milesin sözlərinə görə, qız uşaqlarının yaxşı yaşadığı ölkələrin siyahısına İsveç, Finlandiya, Norveç, Hollandiya, Belçika liderlik edir. 144 ölkənin olduğu siyahıda Amerika 32-ci yerdədir. Ən pis durum Nigeriya, Çad, Orta Afrika Cümhuriyyəti, Mali və Somalidədir. Türkiyə isə bu siyahıda 55-ci sırada yerləşib.
“Save The Children” təşkilatının məlumatına görə, 2030-cu ildə uşaq evliliklərinin sayı 700 milyondan 950 milyona kimi yüksələcək.