Ehtiras və cinsi aktivliyi gücləndirən bitki və heyvan mənşəli maddələri sevgi ilahəsi Afroditanın şərəfinə Afrodiziak adlandırırlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, min illərdir istifadə olunan bu maddələrin bəzi tərkiblərinin quruluşu hormonları xatırladır. Məhz onlar beyinə təsir göstərir və seksual istəyi artıran endorfinin yaranmasına səbəb olur.
Afrodiziaklardan aromaterapiyada geniş istifadə olunur. Ümumiyyətlə insana təsirinə görə afrodiziaklar 2 hissəyə ayrılır:
Fizioloji afrodiziaklar – potensiyanı gücləndirir, friqidliyi ( qadınlarda cinsi soyuqluq) aradan qaldırır, qan dövranını yaxşılaşdırır, cinsi əlaqə vaxtını uzadır, erkən eyakulyasiyanın qarşısını alır.
Psixotrop afrodiziaklar – ehtiras və şəhvət hissini gücləndirir, eroqen həssaslığı və və cinsi istəyi artırır.
Sizlər üçün ən çox istifadə olunan afrodiziakların siyahısını hazırladım:
İlanq ilanq: İndoneziyada bu çiçəklərlə yeni evlənənlərin yatağını bəzəyirlər. Romantik ab hava yaradır, seksual münasibəti daha rəngarəng edir.
Səndəl: ədviyyatlı, qətranlı qoxusu ilə potensiyanı artırır və ehtiraslandırır.
Paçuli: eroqen zonaların hissiyatını gücləndirir, maddələr mübadiləsini sürətləndirir, harmonal fonu qaydasına salır.
Sidr ağacı: diskomfort hissini aradan qaldıran, seksual hissləri üzə çıxaran güclü afrodiziaklardandır.
Rozmarin: qanadlandırır, isidir, sevgililərin cinsi münasibətdən aldıqları həzzi artırır.
Ağ müşk: ehtiraslandırır, erotik hissləri oyadır, əks cinsin diqqətini cəlb etməyə yardımçı olur.
Ənbər: Fransız saraylarında ehtiraslandırmaq məqsədi ilə şokolad konfetlərin tərkibində istifadə olunurdu.
Vetiver: yüngül seksual stimulyatordur, münasibətlərə erotik harmoniya qazandırır.
Jasmin: potensiyanı və özünəinamı artırır.
Zəncəfil: seksual gücü və əlaqənin müddətini artırır, isidir, kişilərdə öz güclərinə inam yaradır.
Darçın: erotik hissiyatı gücləndirir və enerjini artırır.
Ətirşah: orta yaşlı qadınların seksual hisslərini gücləndirir.
Mixək: şəhvət hissini artırır və orqazm müddətini uzadır
Mirra: erotik stimulyatordır, komplekslərdən azad edir, utancaqlığın qarşısını alır.
Büxur: Yuli Sezar onu “Sevgi Atəşi” adlandırırdı. Təbiətin ən güclü afrodiziaklarından sayılır və cinsi həyəcanı artırır.
Adaçayı: seksual mövzuda qorxuları aradan qaldırır və aktivliyi artırır.
Şam ağacı: güc və enerji dalğası bəxş edir, əks cinsin diqqətini çəkir.
Portağal: sinir sistemini sakitləşdirir, yorğunluğu aradan qaldırır və əhvalı yüksəldir.
Lavanda: relaksasiya üçün istifadə olunur, insana rahatlıq hissi bəxş edir və artıq fikirlərdən azad edir.
Berqamot: depressiyadan çıxarır, fantaziyaları gücləndirir və seksual yaxınlıqdan həzz hissini artırır.
Bu yağlardan ayrı-ayrılıqda və ya qarışdıraraq istifadə edə bilərsiniz.
Kişiləri ehtiraslandırmaq üçün 2 damla sidr, 1 damla ilanq-ilanq, 1 damla paçuli, 3 damla səndəl yağını qarışdırıb, alınan ətirli maddəni 1:10 nisbətində yağda həll edə bilərsiniz. Qadınların həssaslığını artırmaq üçün isə 2 damla qızılgül yağı, 2 damla jasmin, 1 damla berqamot, 1 damla səndəl yağını qarışdırıb, alınan ətirli maddəni 1:10 nisbətində yağda həll edirik. Baza yağı üçün badam, şaftalı və ya ərik tumu yağlarından istifadə məsləhətdir. Qeyd olunan efir yağlarını apteklərdən əldə edə bilərsiniz. Hazırladığınız afrodiziakdan ətir kimi istifadə etməyiniz mümkündür. Duşdan sonra çox cüzi miqdarda təmiz dərinizə damcıladın.
Afrodiziak efir yağlarından istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Bəzi maddələrə qarşı allergiyanız ola bilər, bəzi maddələr individual dözümsüzlük yaradar. Bu tənəffüsün çətinləşməsi, baş ağrısı, baş gicəllənməsi, qulaqların cingildəməsi, nəbzin sürətlənməsi, dərinin qıcıqlanması, səpgi kimi simptomlarla özünü göstərə bilər. Bu zaman dərhal duş qəbul etmək lazımdır, əgər halınız çox pis olarsa efir yağı istifadə etdiyiniz nahiyəni spirt və ya toniklə silin.
Lakin hər hansı bir qoxunun dəyərləndirilməsi subyektivdir. Hər bir insanın afrodiziakı fərqlidir. Birinə xoş gələn ətri digəri bəyənməyə bilər. Bir də unutmayın ki, afrodiziaklar sevgi hissi yaratmır, yalnız ehtiras və şəhvət hissini gücləndirir.