brend

Böhran dövrlərində yaranan məşhur brendlər

Baxış sayı: 1. 580
Təcrübə göstərir ki, iqtisadi böhranlar həm də yeni biznes növlərinin yaranmasına zəmin yaradır. Bu zaman iqtisadi sistemin tipindən aslı olaraq innovativ ideyaların tətbiqi daha effektiv nəticə verir. Buna sübut kimi tarixə nəzər yetirsək, bir çox tanınmış brendlərin iqtisadi böhran zamanı yarandığını və inkişaf etdiyini görürük.
 
“FedEx
1973-cü ildə “neft embarqosu” adlanan böhran bütün dünyada avtomobil və aviasiya sənayesinə ciddi zərbə vurdu. Həmin ildə OPEK üzvü olan müsəlman ölkələri Misir və Suriya ilə müharibədə İsraili dəstəkləyən ölkələrə neft ixrac etməkdən imtina etdiklərini bəyan etdilər. OPEK-in gündəlik neft hasilatını azaltmaqda məqsədi təkcə neftin qiymətini öz xeyirlərinə dəyişdirmək deyildi. Əsas məqsəd siyasi və iqtisadi təsir vasitəsilə ABŞ və Qərb dövlətlərinin İsrailə dəstəyinin azaldıması idi.
Nəticədə dünya neft bazarında qiymətlər 4 dəfə qalxaraq 1 barel üçün 12 dollar oldu. Hətta vəziyyət o həddə çatdı ki, ABŞ prezidenti R.Nikson çıxış edərək insanları avtomobildən az istifadə etməklə benzini israf etməməyə çağırdı. Bununla yanaşı ölkədə avia-şirkətlərə reyslərin azaldılması, dövlət idarələrində avtomobil parklarını maksimum ixtisara salmaq və enerji daşıyıcıların istifadəsində qənaət edilməsi tapşırıldı.
Bu cür iqtisadi sistem şəraitində Frederik Smit yeni növ avia-daşınma üçün nəzərədə tutulan “Federal Express” şirkətini təsis edir. O fikirləşirdi ki, müasir dövrdə zaman puldan daha qiymətlidir və sürətli daşıma servisinə böyük ehtiyacın olduğunu hiss edirdi. Həmin dövrdə yükdaşıma sistemində olan mürrəkəb daşınma sxemi və ləngimələr ümumi iqtisadi sistemə mənfi təsir göstərirdi. “Federal Express” isə müştərilərinə yüklərin daşınması üzrə ilk dəfə olaraq “qapıdan qapıya təslim” sistemi təklif etdi.
1975-ci ildə isə Smit marketinq strategiasını dəyişərək yalnız təcili avia-poçtların daşınmasına start verdi. 1994-cü ildə “Federal Express” adını dəyişərək “FedEx” qoydu və həmin il “fedex.com” saytını yaradaraq ilk dəfə olaraq poçt və yüklərin daşınmasını onlayn rejimdə izləmək imkanı verdiki bu da internet üzrəindən ticarət edən müştəriləri üçün böyük imkanlar yaratdı.
“Adidas”
Birinci dünya müharibəsi bitdikdən sonra Almaniyanın iqtisadiyyatındakı tənəzzül, inflyasiya və işsizliyin getdikcə artdığı bir dövrdə Desslerlər ailəsi acından ölməmək üçün 1920-ci ildə kiçik ayaqqabı biznesi ilə məşgul olmağa qərər verir. İlk məhsulları evdə geyinmək üçün tərliklər və əlillər üçün ortopedik ayaqqabılar idi. Altlıq kimi köhnə avtomobil şinlərindən, material kimi isə müharibədən çıxan əsgər geyimlərindən istifadə edirdilər. 1924-cü ildə “Dassler qardaşları ayaqqabi fabriki”nin əsası qoyulur və 1 il sonra qardaşlardan biri – Adolf ilk dişli futbol butsisini yaradaraq satışa çıxarır. Qisa müddətədə Dasslerlər idman üslubunda olan ayaqqabıları ilə məşhurlaşırlar.
İkinci dünya müharibəsi bitdikdən sonra qardaşlar biznesə yenidən sıfırdan başlamalı olurlar. Lakin 1948-ci ildə ata Dasslerin vəfatından sonra qardaşlar arasında narazlıq yaranır və şirkəti 2 hissəyə bölmək qərarına gəlirlər. Adolf öz firmasını “Adidas” Ruda isə “Puma” adlandırır və dünyaca məşhur “Dassler” brendinin varlığına son qoyulur. Qardaşlar ömürlərinin sonuna qədər danışmırlar və yaratdıqları “Adidas” və “Puma” hal-hazırda da bir-biri ilə ciddi rəqibət aparırlar.
 
“Starbucks”
1987-ci il 19 oktyabrda ABŞ fond birjası tarixinə “qara bazar ertəsi” kimi düşən hadisə baş verdi. Sənaye indeksi olan “Dou-Djons” tarixində ilk dəfə olaraq 22,6% düşdü. Bu hadisə təkcə ABŞ-ın deyil dünyanın bir çox ölkələrinin fond birjalarına öz mənfi təsirini göstərdi. İndekslər Avstraliyada 41,8%, Kanadada 22,5%, Honq-Konqda 45,8%, Böyük Britaniyada 26,4% aşağı düşdü.
Həmin il iqtisadi durğunluğa baxmayaraq Qovard Şuls satışları zəifləyən “Starbucks” qəhvə satışı üzrə dükanlar şəbəkəsini alır və özünün sahib olduğu “Giromine” kafelər şəbəkəsinə birləşdirərək “Starbukc Corporation” şirkətini təsis edir.
Əslində “Sturbucks” 1971-ci ildə Sietl şəhərində iki müəllim və bir yazıçı tərəfindən, hər biri 1350 dollar investisiya qoymaqla yaradılmışdı. İlk 10 ildə şirkət qəhvəni dənə şəklində fermerlərdən alaraq qovurub satırdı. Onlar qəhvə növlərini və qovrulma metodlarını yaxşı bilirdilər. Lakin hesab edirdilər ki, yaxşı qəhvəni yalnız evdə hazırlamaq olar.
Lakin 1987-ci ildə Qovard Şuls “Starbucks”a sahib olduqdan sonra qəhvə dükanları bazası əsasında “İtalyan stili – qəhvə sevənlərin görüş yeri olan kafelər” açmağı və keyfiyyətli qəhvənin birbaşa müştərinin gözü önündə hazırlanaraq təqdim etmək ideyasını irəli sürdü. O, həmçinin “üçüncü məkan” termininin müəllifi olaraq fikirləşirdi ki, qəhvəni sevən insanların iş yeri və evləri arasında ləziz qəhvənin dadına baxaraq eyni zamanda həm görüşüb söhbət etməyə, həm də işguzar müzakirələr aparmaq üçün ideal məkan olan “Starbucks” kafelərinə ehtiyac var. Bu ideya şirkətə böyük uğur gətirir. 1992-ci ildə səhmləri dünya fond birjasında qiymətləndirilərkən “Starbucks”ın artıq 49 ölkədə 165 satış məntəqəsi vardı.
 
“Lego”
1929-cu ildə yaşanan “Böyük depresiya” Avropaya o cümlədən də Danimarka iqtisadiyyatına öz təsirini göstərmişdi. Fermerlərin müflisləşdiyi, sənaye müəsissələrinin bağlandığı və işsizliyin maksimum həddə çatdığı bir dövrdə dülgərliklə məşğul olan Ole Krik Kristiansen gələcək adı “Lego” olan şirkəti yaradır. Ole Krikin taxtadan olan uşaq oyuncaqlarının istehsalına qərar verir. Çünki valideyinlər iqtisadi böhranın olduğuna baxmayaraq uşaqlarına oyuncaqlar almağa davam edirdilər. Şirketin adı “Leg godt” – yaxşı oyna mənasını verir. 1947-ci ilə qədər şirkət adi taxta oyuncaqların istehsalını davam etdirir. Lakin həmin ildən başlayaraq Ole Krikin oğlu Qotfrid şirkəti o dövr üçün yenilik olan plasmas oyuncaqların istehsalına yönəltdi. Beləliklə şirkət taxta oyuncaqlardan plastik oyuncaqlar istehsalına keçdi.
 
“Pepsi”
Pepsi kompaniyasının yaranmasının əslində 2 tarixi var. İçkinin özü 1898-ci ildə Kaleb Bridhman tərəfindən yaradılaraq “Brads drink” adı ilə satışa çıxarılmışdı. 1903-cü ildə isə içki “Pepsi Cola” adını almışdır. Lakin 1923-cü ildə dünyada şəkər bazarında qiymətlərin qalxması nəticəsində şirkət müflisləşir.
Yeddi il sonra 1930-cu ildə şirkətin yeni sahibi Çarli Qut ABŞ-da o zaman “Böyük depresiya” dövründə (1929-1939) “Pepsi”ni yeni konseptdə bazara çıxarır. Həmin dövrdə bazarda əsas rəqib “Coca-Cola” idi. “Pepsi” bazarda əsas satış payına sahib olmaq üçün aqressiv satış planına əl atdı: “Pepsi” satışda 5 sentə olan 180 ml-lik qabları 360 ml-lik qablarla əvəz edərək satışa buraxdı. Əsas şüarı “əvvəlki kimi ödə lakin iki dəfə çox al” olan reklam kompaniyası çərçivəsində insanları cəlb etmək idi. Bu tip təkliflər böhran dövründə daha çox qənat etmək istəyən insanar üçün bir fürsət idi. Nəzərə almaq lazımdırki o dövürdə ABŞ-da qazlı işkilər əsasən 5 sent qəbul edən avtomatlarda satılırdı.
Bu qərar “Coca-Cola” üçün gözlənilməz oldu. Çünki “Pepsi”nin buraxdığı həcmdə olan butulkaların istehsalı üçün bütövlükdə istehsalatı dəyişmək lazım gələcəkdi və bunula yanaşı həmin dövr üçün “Coca-Cola”nın anbarlarında 180 ml-lik butulka ehtiyatı kifayət qədər çox idi. Artıq 1939-cu ildə “Pepsi” brendi bazarda satış payını artıraraq “Royal Crown” və “Dr Peper” kimi markaları keçərək “Coca-Cola”dan sonra 2-ci ən böyük içki brendi oldu.
 
“Burger King”
1957-ci ildə ABŞ-da növbəti iqtisadi durğunluq – “Eyzenhauer epoxasının resesiyası” adalanan dövr yaşanırdı. Böhran dövründə ən yaxşı fəaliyyət növü “fast food” biznesi hesab olunurdu. Lakin bazarda “Mc Donalds” kimi nəhəngin olduğu vaxtda bunu necə etmək olardı? Əsası 1954-cü ildə Deyvid Edjerton və Djems Maklamor tərəfindən yaradılan “Burger King” həmin il yeni strategiyaya əl atdı. “Mc Donalds” bazarda artıq öz sözünü demiş brend olaraq yeniliklərə can atmırdı. “Burger King” bundan istifadə edərək öz müştərilərinə “burger” və sendviçlərin tərkibini özlərinin istəyinə uyğun təyin etməyi təklif etdi. Yəni, müştərinin özünü xüsisi hiss etməsi üçün menyuda istədiyi dəyişikliyi edə bilərdi.
Bu strategiyadan istifadə edərək 60 il ərzində “Burger King” yeni sendviç növlərini satışa çıxarmağı bacardı. Lakin bu 1982-ci ilə qədər davam etdi. Buna səbəb, françayz əsasında fəaliyyət göstərən restoranlar strateji yenilikləri tətbiq edə bilməmələri səbəbindən bazarda əsas rəqib olan “Mc Donalds”a keyfiyyətdə uduzmağa başladılar. Bu zaman “Burger King”in strateqləri yeni reklam kampaniyasına başlayırlar: “Bizim “burger”lər daha dadlıdır, çünki açıq alovda hazırlanır, “Mc Donalds”dakı kimi plitədə qızdırılmır”. Təbii ki, bu hadisədən sonra “Mc Donalds” “Burger King”i məhkəməyə verdi və bütün kütləvi informasiya vasitələrində bu hadisə geniş müzakirəyə səbəb oldu. Nəticədə “Burger King”in satışları 10% artdı.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir