cay

Qışda içinizi isidəcək ÇAY RESEPTLƏRİ

Baxış sayı: 1. 944

Soyuq havada isti bir şokolada kim “yox” deyə bilər? Və ya xoş ətirli darçınlı alma çayından imtina etmək olarmı? Həm içinizi isidən, həm də sağlamlığınızı qoruyan qış çayları bu mövsümün imtinaedilməz içkiləridir. Ancaq bu içkilərin sağlamlığınıza zərər verməməsi üçün miqdarına və hazırlanma qaydasına mütləq diqqət yetirmək lazımdır. Əks təqdirdə, sizə faydadan çox zərər verə bilir. “Gencaile.az” Aile.lent.az-a istinadən qış aylarında içə biləcəyiniz içkilər haqda məlumatları təqdim edir.

Öskürəyə qarşı alma çayı

Qışın ən sağlam meyvələrindən biri də almadır. Tərkibində olan E və C kimi antioksidant vitaminlər sayəsində həm dərini, həm immuniteti qoruyur. Alma lif quruluşu sayəsində, eyni zamanda həzmsizlik problemlərinin də qarşısını alır. Lif quruluşu və ehtiva etdiyi flavanoidlərlə immunitet sistemini qüvvətləndirir. Havanın soyuq keçdiyi bu günlərdə alma çayı sizi soyuqdəymə və qrip kimi xəstəliklərdən qoruyar. Həmçinin, boğazı yumşaldaraq öskürəyin qarşısını alır. Çayınıza əlavə edəcəyiniz mixək isə tərkibindəki “eugenol” sayəsində qanın laxtalanmasına mane olaraq ürək sağlamlığını qoruyur. Qara bibər isə qan dövranını sürətləndirərək mikrobları bədəndən uzaqlaşdırır.

Ərzaqlar:

– 1 ədəd alma

– 2-3 mixək

– 2-3 toxum qara bibər

– 1 ədəd darçın

– Limon

Hazırlanması:

Almanı qabıqlı-qabıqlı qaynayan suyun içinə dilimləyin. Tənzif içərisində mixək, qara bibər və darçını qaynayan suya atın. Almaların qaralmaması üçün içərisinə limon sıxın. Yaxşıca qaynatdıqdan və rəng aldıqdan sonra ocaqdan götürün. Bir az ilındıqdan sonra içərisinə limon və istəyə bağlı olaraq az miqdarda bal əlavə edə bilərsiniz. Aşağı kalorili, vitaminlə zəngin bu çayı istədiyiniz miqdarda şəkərsiz içə bilərsiniz.

İmmuniteti gücləndirən portağallı zəncəfil çayı

Qış çaylarının bəlkə də ən sağlam olanlarından biri də zəncəfillə hazırlanan xüsusi bitki çaylarıdır. Dadı çox adama xoş gəlməsə də, zəncəfilin faydaları saymaqla bitmir. Ürək sağlamlığını qoruyur, immuniteti gücləndirir, köklərində olan proteaz sayəsində həzmi asanlaşdırır. Eyni zamanda mədə bulanması və qaz problemini aradan qaldırmağa da kömək olur. Portağal və ya limonla dadlandıraraq həm ləzzətli, həm də sağlam zəncəfil çayı dəmləyə bilərsiniz. Portağallı zəncəfil çayını şəkərsiz halda istədiyiniz miqdarda içə bilərsiniz.

Ərzaqlar:

– 1 kök zəncəfil

– 1 ədəd portağal

– 1 çay qaşığı bal

– Limon

Hazırlanması:

Kök zəncəfili rəndələyib, ya da halqa-halqa doğrayaraq qaynayan suya əlavə edin. 10 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Portağalı sıxın və bu qarışığa əlavə edin. İstəsəniz, limon və ya balla da dadlandıra bilərsiniz.

Stresdən xilas edən gül yarpaqlı razyana çayı

Fərqli ləzzətləri sevirsinizsə, evinizdə də asanlıqla tapa biləcəyiniz bitki və meyvələri qarışdıraraq, özünüzə xüsusi bir çay hazırlaya bilərsiniz. Gül yarpaqları, razyana və limon qabığı ilə həm sağlam, həm də ləzzətli bir çay hazırlamağınız mümkündür. Qurudulmuş gül yarpaqları C, E və A vitamini baxımından zəngin olan dəmir, kalsium, maqnezium və selenium mineralları ehtiva edir. Eyni zamanda, şirin qoxusu ilə də çayınıza ləzzət qatar. Razyana yarpaqları soyuq qış günlərində azalan bağırsaq fəaliyyətini sürətləndirir və sakitləşdirici təsiri ilə stressi azaldır.

Hazırlanması:

Bir qabın içərisində qarışdırdığınız gül yarpaqları və razyananın içinə həm dad verməsi, həm də C vitamini dəyərini artırması üçün limon qabığı əlavə edin. Həmçinin, qabıq darçın və qurudulmuş qarağat əlavə edərək çayınıza fərqli bir qoxu qata bilərsiniz.

Tez-tez istifadə etdiyiniz cökə, adaçayı, itburnu da qış çaylarının imtinaedilməz qoxularındandır. Bu bitkiləri istədiyiniz miqdarda qarışdıraraq dəmləyə bilərsiniz. Amma qaynatmayın. Qaynayan suyu bir az qaldıqdan sonra çaydanın içərisində dəmləmə üsulu ilə saxlayın.

Rahatladan keçibuynuzlu isti şokolad

İsti şokolad olan yerdə əsas məqamlardan biri də kalori dəyəridir. Əlbəttə ki, hazırlanması zamanı istifadə edilən vəsaitlər kalori dəyərini olduqca yüksəldə bilər. Ancaq həm ləzzətli, həm də sağlam bir şəkildə isti şokolad hazırlamaq mümkündür. İçkinizi hazırlayarkən tam yağlı süd yerinə, yağ nisbəti aşağı, zülal keyfiyyəti yüksək süd seçin. Bunun sayəsində gündəlik kalori miqdarınızı nizamlaya bilərsiniz. Laktoza qarşı həssaslığınız yoxdursa, badam südü seçə bilərsiniz. Südün içərisinə əlavə edəcəyiniz şokoladı seçərkən bitterə üstünlük verin. Qara şokolad qan təzyiqini nizamlayır. İsti şokoladınıza sonda keçibuynuzu tozu əlavə edə bilərsiniz. Keçibuynuzu tərkibindəki galin turşusu sayəsində antiallergik və antibakterial təsirə malikdir. Bu təsir də immunitet sistemini qüvvətləndirir.

Lazım olanlar:

– 1 stəkan yağsız süd və ya badam südü

– 3 kvadrat bitter şokolad

– 1 ədəd keçibuynuzu

Hazırlanması:

Südü isdin. Əritdiyiniz bitter şokoladı südə əlavə edin. Keçibuynuzu tozundan 1 yemək qaşığı əlavə edib qarışdırın və isti şokoladı ləzzətlə için. Bitter şokoladlı keçibuynuzlu isti şokolad 212 kalori ehtiva edir. Bu kalorinin 8 qramı zülaldan qarşılanır. Ancaq gündə 1 stəkandan çox içmək kalori qəbulunun artmasına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir