usaqlar

Ailədaxili münaqişələr uşaqların küçələrə üz tutmasına səbəb olur

Baxış sayı: 1. 483

Bir neçə gün öncə Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşağın itkin düşməsi barədə xəbər yayılmışdı. Bir gün sonra isə tapılan uşağın qaraçı qadınlar tərəfindən oğurlandığı, dilənçilik etməyə məcbur olunduğu iddia edilirdi. Ümumiyyətlə, uşaq oğurluqları hazırda dünyada yayılmış və qarşısı alınmaqda çətinlik çəkilən oğurluqlar sırasında zirvədədir.

Son zamanlar İraqda, Əfqanıstanda və Suriyada baş verən müharibələr uşaq oğurluqlarının da artmasına səbəb olub. Həmin uşaqlar insan alveri qurbanına çevrilməsi, orqanların transplantasiyası, cinayətlərə cəlb olunma baxımından çox böyük risk altındadırlar. Ən gəlirli qeyri-qanuni biznes sayılan orqan mafiyasının uşaqları hədəf seçməsi isə sonuncuların orqanlarının “bazar”da sürətlə satılmasıdır. Bundan əlavə, oğurlanmış uşaqlar “dilənçilik biznesi”nin ən gəlir gətirən sahələrindəndir.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, balacaların nəzarətsiz qalması, bəzən ailələrdə baş verən ailədaxili münaqişələr uşaqların küçələrə üz tutmasına səbəb olur: “Bu da orqan mafiyasının işinə yarayır. Sosial şəbəkələrdə uşaqların şəkillərinin və onlar haqqında dolğun məlumatların paylaşılması məqsədəuyğun deyil. Son zamanlar bəzi ölkələrdə sosial şəbəkələrdə uşaqlara aid bilgilərin toplanıb saxta sənədlər hazırlanaraq ölkə xaricinə qaçırılması hallarına rast gəlinib. Bu səbəbdən də şəkillər və bilgilər yayılsa belə, onlara hər kəslə paylaşmaq olmaz”.

Müsahibimiz bildirir ki, daha çox küçə həyatına məruz qalmış uşaqlar nəzarətsiz qaldığından, onların hüquqlarının pozulması hallarına rast gəlinir: “Azərbaycan müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunu qəbul olunub. “Uşaq hüquqları haqqında” qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Mən hesab edirəm ki, uşaq oğurluqlarının qarşısının alınmasını tək hüquq mühafizə orqanlarından tələb etmək olmaz. Qeyri-hökumət təşkilatları və cəmiyyət olaraq biz insanlar arasında (əsasən də ailədaxili münaqişələrin baş verdiyi ailələrdə) maarifləndirmə işlərinin artırmalıyıq”.

Həmidlinin dediyinə görə, nəzarətsiz qalmış uşaqlar gələcəkdə cəmiyyətin faciəsinə çevrilə bilər. Bu gün dünyada baş verən terror hadisələrində ən çox istifadə edilən şəxslər küçələrdə böyümüş və yaxud oğurlanmış uşaqlardır.

Sosioloq Əhməd Mansurov hesab edir ki, uşaqların oğurlanmasında əsas səbəb onların himayəçilərinin laqeydlik göstərməsidir: “Valideyn nəzarətinin olmaması, uşaqların qayğı, sevgi görməməsi və nəzarətsiz buraxılması onların küçə həyat təzinə meyl etməsinə səbəb olur. Belə uşaqlar özlərindən böyük şəxslərin təsiri altına düşür və müəyyən xoş olmayan işlərlə məşğul olmağa başlayırlar. Onlar küçələrdə fiziki, mənəvi, cinsi istismara məruz qalırlar. Küçəyə düşən uşaqlar isə sonradan müəyyən şəxslər və qruplaşmalar tərəfindən oğurlanırlar. Oğurlanan uşaqlar müəyyən müddət sonra düşdükləri vəziyyəti qəbul etmiş olurlar”.

Həmsöhbətimizə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial risk altında olan ailələrlə iş aparmalıdır.  Onlar haqqında məlumat toplamaq və onlara müəyyən yardımlar edilməldir: “Problemlərin qarşısı alınmasa, bu, sonradan müəyyən fəsadlarla nəticələnəcək”.

Psixoloq Fərqanə Mehmanqızı da hesab edir ki, uşaqlar ancaq baxımsızlıqdan oğurlana bilər: “Bəzi valideynlər uşağı geyindirmək, yedirtməklə vəzifələrinin bitdiyini hesab edirlər. Uşaq isə daim qayğı, sevgi axtarışında olur. Uşaq bu gün anasından mehribanlıq görmürsə, ona mehribanlıq göstərən birini axtaracaq. Bu zaman küçədə, məktəbdə, parkda ona mehribanlıq edən hər hansı bir insana yaxınlıq göstərə bilər. Ümumiyyətlə, insanın fitrəti belədir, istilik gördüyü insana can atır. Əgər uşaq evdə laqeydliklə qarşılanırsa, onunla maraqlanmırlarsa, o, evdən, valideynindən bezir, başqa insanların təsiri altına tez düşür. Buna görə də hər bir valideyn çalışmalıdır ki, uşağına yeməkdən, geyinməkdən öncə sevgi versin. Sevgi ilə böyüyən uşaq heç bir insanın təsiri altına düşə bilməz”.

Dediyinə görə, uşaqlar oğurlandıqdan sonra onların tapılması  çox çətinliklə həyata keçirilir. “Çünki çox zaman uşaqlar ölkədən çıxarılır və ya orqan mafiyasının əlinə düşə bilir. Buna görə də, uşaqlarınızın dəyərini bilin, sevgi göstərin ki, sizi başqasına dəyişməsinlər”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir