hamile

Hamiləlikdə bədənə qulluq necə olmalıdır?

Baxış sayı: 1. 922

Hamiləlik dövründə ana namizədlərinin bədənlərində bir çox dəyişikliklər yaranır. Ana namizədlərini narahat edən bu dəyişiklərdən ən az səviyyədə təsirlənmək üçün bədən baxımına diqqət etmək vacibdir.

 

Hamiləlikdə bədənə düzgün qulluq etmək üçün diqqət edilməsi vacib olan şərtlər hansılardır?
Hamiləlik dövrü bir qadının bədənində bir çox dəyişikliyi sürətli şəkildə yaşayacağı bir dövrdür. Bu dəyişikliklər sadəcə ana namizədinin çəkisinin artması və bədənin formasının dəyişməsi ilə məhdudlaşmır. Müxtəlif hormonal dəyişikliklərə görə demək olar ki, bədəninin hər yeri təsirlənir. Dəridə, saçlarda, dırnaqlarda, diş və diş ətlərində də bir çox dəyişikliklər meydana gəlir.

 

Dəridə baş verən dəyişikliklər hansılardır?
Ən diqqət çəkən dəyişiklər dəridə yarananlardır. Ana namizədlərinin dərisində quruluq, döş və qarın nahiyəsində çatlaqların yaranması, üzdə hamiləlik maskası adlandırılan ləkələrin meydana gəlməsi, dəri rənginin tündləşməsi, sızanaqların artması kimi narahatlıqlar yaşana bilir.

 

Nə etmək lazımdır?
Bir ana namizədinin bədənini yaxşı qoruması üçün hamiləliyi boyunca gigiyenik baxımına və bədən qulluğuna diqqət etməsi vacibdir. Dərisində quruluq yaşayan bir qadın normal sabun istifadə etmək yerinə dərini nəmləndirən qliserin tərkibli sabunlar istifadə edə bilər. Vanna qəbul edərkən bədən üçün yağlardan və duşdan çıxdıqdan sonra mütləq nəmləndirici kremlərdən istifadə etməlidir. Omba, qarın bölgəsində və döşdə meydana gələ biləcək çatlaqlara qarşı nizamlı olaraq bu bölgələrin badam yağı, kakao yağı və ya çatlaqlar üçün kremlər sürtərək masaj edilməsi vacibdir.

Dəridə meydana gələn rəng dəyişiklikləri və ləkələr əksəriyyəti qalıcı deyil və doğumdan sonra keçib gedirlər. Bu ləkələri gün ərzində kosmetik vəsaitlərdən istifdə edərək örtmək olar. Axşam yatmadan əvvəl isə dərinin havalanması üçün makiyaj təmizlənməlidi. Həmçinin dərinin çox hassaslaştığı bu dövrdə, yayda günəşə çıxmadan əvvəl ultrabənövşəyi şüalara qarşı yüksək qoruyucu tərkibli kremlərdən istifadə etməkdə fayda var.

 

Duş qəbul edərkən nələrə diqqət etmək lazımdır?
Hamilə xanımlara gigiyenik təmizliyi təmin etmək üçün hər gün duş qəbul etməkləri tövsiyə edilir. Hamamda ən çox diqqət edilməsi lazım olan nüans isə yaş zəmində sürüşüb yıxılmağın qarşısını almaq üçün müəyyən tədbirlərin alınmasıdı. Hər ehtimala qarşı hamamın qapısını bağlamamağınız məsləhətdir. Su çox soyuq və ya çox isti olmamalı, ideal istilik 36-37 dərəcə hesab edilir.

 

Vaginal gigiyenanı necə təmin etmək olar?
Hamiləlikdə ən çox şikayət edilən mövzulardan biri də vaginal axıntılardır. Hamiləlik dövründə vaginanın təbii florasında və pH dəyərində meydana gələn dəyişikliklər nəticəsində axıntılar çoxalır, infeksiyaya meyl artır. Əgər çox miqdarda sarı və yaşıl rəngli, pis qoxusu olan axıntılar gəlirsə həkimə müraciət etmək lazımdır. Qadın xəstəlikləri və doğum mütəxəssisi tərəfindən lazım gələrsə dərman və ya vaginal fitiller istifadə edilməsi tövsiyə edilə bilər. Bunlardan başqa ana namizədləri özlərini daha təmiz və rahat hiss etmələri üçün gündəlik ped istifadə edə bilərlər. Bu bölgənin nəmli qalmasına səbəb olan dar şalvarlar, möhkəm və sintetik paltarların əvəzinə hamiləlik üçün xüsusi hazırlanmış, genital və qarın bölgəsini sıxmayan , rahat və pambıq paltarlar geyinməlidirlər. Hamiləlik əsnasında vaginal duşların qəbul edilməməsi məsləhətdir.

 

Hamiləlikdə döşə necə qulluq etmək lazımdır?
Hamiləliyin xüsusilə son dövrlərində döş vəziləri işə başlayır və bu dövrdə döşdən kolostrum dediyimiz ağ-sarı rəngli südün gəldiyi müşahidə edilə bilər. Bunun ana namizədinin sağlamlığı baxımından hər hansı bir zərəri yoxdu. Döş giləsindəki ilk südü ilıq sabunlu bir bezlə təmizləmək lazımdır. Əgər gün ərzində narahatlıq verəcək qədər çox süd gəlirsə sinə üçün gündəlik qoruyucular istifadə edilə bilər. Hamiləliyin xüsusilə ikinci yarısından sonra büsthalterləri dəyişdirmək lazımdır. Döşü altdan dəstəkləyəcək, çox sıxmayan, pambıq alt paltarlardan istifadə etməkdə fayda var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir