kart

Avropa ölkələrinin vətəndaşı olmaq üçün şərtlər və qiymətlər

Baxış sayı: 5. 044
Hazırda təxminən hər 10 azərbaycanlıdan birində mühacirətlə bağlı planlar, arzular var. Araşdırır, axtarır, xoşbəxtliyin xarici ölkədə olduğunu düşünüb, bu istiqamətdə hərəkətə keçirlər. Amma bununla yanaşı, artıq Avropa ölkələrində də gələn mühacirlərə qarşı şərtlərin dəyişməsi heç kimə sirr deyil. Qaçqın düşərgələrində keçən ağır günlər, şərtlər, məhrumiyyətlər. Heç də hər kəsin durumu, əsəbləri, dözümü buna uyğun deyil…
Amma qaçqın olmaq da şərt deyil. Hansısa Avropa ölkəsində vətəndaşlıq almaq istəyənlər üçün də yaşıl işıq yanıb. Xarici ölkələrdə vətəndaşlıq almaq üçün bir az məsrəfli, amma alternativ yollar var. Bunlardan biri də xaricdə mülk almaq və ya yatırım qoymaqdır. Axtarış apararkən “Washington Post” qəzetində  “Pulun varsa, vətəndaşı ola biləcəyin və ya yaşayış icazəsi ala biləcəyin 7 ölkə” adında yazıya rast gəldik. Həmin məqalədə cəmi 7 ölkədən söz açılır.
 
Vətəndaşlıq almaq olar – amma milyonlar “havada uçuşarsa…”
Bunlardan birincisi Macarıstandır – 2012-ci ildə Macarıstan immiqrasiya haqda qanununa əlavə etdi. Həmin əlavəyə görə, Macarıstanın xüsusi hökumət bondlarını, yəni qiymətli kağızlarını, istiqrazlarını alan xariciyə vətəndaşlıq verilə bilər. Bunun üçün onun 322 min dollarlıq bond alması kifayətdir. Başqa Avropa Birliyi ölkələrindən fərqli olaraq Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir.
Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Malta 2013-cü ildə bu qərarını elan edəndə vətəndaşlığın satış qiymətini 865 min dollar qoymuşdu, ancaq müxalifətin etiraz nümayişlərindən sonra hökumət qiyməti az qala iki dəfə qaldırdı. Həmin etirazlar qanunda məhdudiyyətlərə də gətirdi. Malta vətəndaşlığı almaq istəyən Maltada daimi yaşamalıdır və vətəndaşlıq ən çoxu 1800 adama veriləcək.
Qəzetin yayımladığı siyahıda ən bahalı vətəndaşlıq verən ölkə olaraq Kiprin adı qeyd olunub. Burada vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır.
Kiprin bu proqramı varlı rusiyalıları hədəf götürüb.
Dominikan Respublikasında vətəndaşlıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müraciəti verənlərin ölkədə yaşaması tələb olunmur.
Müqəddəs Kits və Nevlis – Karib dənizində iki adadan ibarət olan bu ölkədə vətəndaşlıq almaq müraciəti cəmi 3 səhifədən ibarətdir. Vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır və ya ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir.
Antiqua və Barbuda – bu ölkələr də Müqəddəsd Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən.
Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən Qrenadada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir.
 
Küveytdə vətəndaşlıq almaq çətin, BƏƏ-də isə asandır 
Dünyada vətəndaşlıq almaq baxımından ən çətin ölkə Küveyt əmirliyidir. Hətta bu ölkə vətəndaşı ilə evlənmək və övlad sahibi olmaq da vətəndaşlıq almağa kifayət deyil. Küveyt vətəndaşlığını şəxsən əmir IV Sabah özü verir. Yalnız bayram günlərində vətəndaşlıq paylayan əmir ildə yalnız 20-30 miqrantı sevindirir. Miqrant Küveyt və əmir qarşısında xüsusi xidmətlərə görə, məsələn, sui-qəsd zamanı əmirin həyatını xilas etdiyinə görə vətəndaşlığa ümid edə bilər.
Yaxın Şərqin ən zəngin ölkələrindən sayılan Birləşmiş Ərəb Əmirliklərində ən asan vətəndaşlıq yerli sakinlərə ərə getmiş qadınlara verilir. Lakin bu proses də xeyli vaxt aparır. Əmirliklərin vətəndaşı ilə ailə həyatı qurmaq, 10 il bu nikahda yaşamaq və öz vətəndaşlığından imtina belə, əcnəbi qadına vətəndaşlıq verməyə kifayət etmir. BƏƏ Daxili İşlər Nazirliyinin razılığı bu prosedurda həlledici rol oynayır. Maraqlıdır ki, bu imtiyazlar yalnız əcnəbi qadınlara aiddir. Ərəb Əmirliklərinin sakini olan qadınlarla evlənmək əcnəbi kişilərə vətəndaşlıq almaq hüququnu vermir. BƏƏ Küveyt, Bəhreyn və Oman vətəndaşlarına 3 ildən, digər ərəb ölkələrinin sakinlərinə isə 7 ildən sonra vətəndaşlıq hüququ verir.
Qalan ölkələrin vətəndaşları isə bu hüququ yalnız 30 il BƏƏ-də yaşadıqdan sonra əldə edirlər. Bu müddətdə onların əldə etdikləri gəlir, yaxud məşğul olduqları biznes önəmli olmur.
Böyük maliyyə imkanları olan şəxslər Avropa Birliyinin üzvü olan Cənubi Kiprdə asanlıqla vətəndaşlıq ala bilərlər. Bunun üçün adada dəyəri 2,5 milyon avrodan ucuz olmayan daşınmaz əmlak alınmalıdır. Ya da investor eyni məbləği Kiprin qiymətli kağızlarına və yerli biznesinə yatırmalıdır. Bütün bunlar, ölkə qarşısında xidmətlər sayılacaq və 4-5 aya vətəndaşlıq almağa kifayət edəcək.
 
Fransada vətəndaşlıq üçün 5 il burda yaşamaq lazımdır, amma… 
Digər dünya ölkələrində də vəziyyət o qədər “ucuz” deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt ödəmək kifayətdir. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba yatırılmalıdır. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. Beş ildən sonra ailə yaşayış icazəsi, bir ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.
Avstraliyada 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir.
Almaniyada nisbətən ucuzluqdur. Burada isə minimum kapital 250 min avro təşkil edir. Sözügedən məbləği ödəyən xaricilər ölkənin vətəndaşlığı qazanırlar.
Araşdırmalara görə, İngiltərə 13 ildə 2 milyondan artıq qaçqına vətəndaşlıq verib. İngiltərə hər 2,5 dəqiqədə bir şəxsə vətəndaşlıq verir.
Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən az 10 işçisi olanlar Makedoniya vətəndaşı ola bilərlər.
Bolqarıstan azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.
Polşa və Fransa orada müvəqqəti yaşamaq hüququ olan əcnəbidən ölkə ərazisində daim olmasını tələb etmir, lakin bu ölkələrdə daimi yaşayış hüququ almaq çox mürəkkəbdir. Polşada bu ölkənin tarixindən imtahan vermək və polyak dilində kifayət qədər səlis danışmaq tələb olunur. Fransada isə yerli dili bilməkdən əlavə, həm də ayda 2600 avrodan az olmayaraq gəlirə malik olmaq lazımdır.
Fransada vətəndaşlıq almaq üçün azı 5 il bu ölkədə yaşamaq lazımdır. Yerli universiteti bitirən,  yaxud yerli vətəndaşla ailə həyatı quran miqrantlara bu müddət qısaldılır. Fransanın əcnəbilərdən təşkil olunmuş Xarici Legionunda xidməti zamanı yaralanan şəxslərə isə vətəndaşlıq dərhal verilir. Amma bütün vətəndaşlıq almış şəxslər fransız dilini lazımi səviyyədə bildiklərini sübut etməlidirlər. Fransanın xeyrinə beynəlxalq yarışlarda mükafat qazanmış idmançılar da asanlaşmış şərtlərlə yerli pasporta sahiblənirlər.
 
İspanlarla bir ölkənin vətəndaşı olmaq üçün 500 minlik ev almaq yetərlidir 
İspaniya hökuməti isə 2013-cü ilin sonlarından etibarən 500 mindən çox avro ödəyərək daşınmaz əmlak alanlara vətəndaşlıq verməyi qərara alıb. Bundan əlavə, dövlət istiqrazlarına 5 il müddətinə sərmayə yatırdıqda vətəndaşlıq əldə etmək olar. Bunu ispan şirkətlərinə 1 milyon avro sərmayə yatırmaqla, yaxud bu məbləği depozit hesabına yatırmaqla etmək olar. Lakin ümumi qaydalara görə, investor yalnızca 10 ildən sonra vətəndaşlığını təsdiq edə bilər.
Portuqaliya hökuməti də 2013-cü ildə “Golden Residence” proqramını yaratdı və bu proqram əsasında əcnəbilərə asanlaşdırılmış şərtlərlə vətəndaşlıq təklif edirdi. Bunun üçün 500 min avroya daşınmaz əmlak almalı və növbəti 5 il ərzində satmamalı idi. Yaxud da investor Portuqaliya iqtisadiyyatını minimum 1 milyon avro həcmində investisiya etməlidir. Bundan sonra investor ölkəyə ilk səfəri zamanı 1 illik yaşayış hüququ rəsmiləşdirə bilər. Gələcəkdə o bu müddəti uzada bilər. İnvestor ölkədə 6 il yaşadıqdan sonra vətəndaşlıq əldə edə bilər. Proqramın şərtlərinə görə, ilk ildə ölkədə məcburi qalma müddəti 7 gün və növbəti illərdə 14 gün təşkil edir.
Kanadada da investisiya qarşılığında vətəndaşlıq almaq mümkündür. Bunun üçün xarici ölkə vətəndaşları biznesi idarə etmək təcrübəsinə malik olduğunu və kapitalının 1,6 milyon Kanada dollarından çox olduğunu və sərvətinizi qanuni yollarla qazandığınızı sübut etməlidir. Bundan sonra əcnəbi şəxs ölkə iqtisadiyyatına 800 min Kanada dolları sərmayə yatırmalıdır. Kanada hökumətinin rəsmi saytında bu investisiyanın nəyə xərclənməsinin göstərilməsi ilə yanaşı, bu ölkədə 5 il və 3 ay yaşadıqdan sonra investisiyanın geri qaytarılmasına zəmanət verilir. Burada yalnız bir mənfi cəhət var ki, ərizənin baxılması müddəti 2 ilə çata bilər. Burada Quebec əyaləti də investorlara proqram təqdim edir. Bu proqramın şərtləri də demək olar ki, eynidir. Yeganə fərq ondadır ki, burada bütün investisiya Quebec iqtisadiyyatının inkişafına xərclənir və ərizənin baxılma müddəti 1 ildir.
Amerika miqrasiya üçün ən populyar ölkələrdən biridir. Bununla belə, ən adi turistik viza almaq istəyən əcnəbilər bir qədər zəhmət çəkməli olur. Lakin varlı investorların digər bir çıxış yolu var: amerikan start-uplarına minimum 500 min dollar sərmayə yatırdıqda və minimum 10 leqal iş yeri yaratdıqda, biznesmen məşhur amerikan “Green Card”ını əldə edə bilər. “Green Card” ABŞ-da yaşama hüququnu təsdiq edən şəxsiyyət vəsiqəsidir. Gələcəkdə ölkənin vətəndaşlığını əldə etmək üçün investor 5 il ABŞ-da yaşamalı, ingilis dilini, ABŞ-ın tarixini və hüquq sistemini bilməli və sədaqət andı içməyə hazır olmalıdır.
Sevinc TELMANQIZI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir