Daim tədris proqramlarını və istiqamətlərini yeniləyən, yeni ixtisasları tədris sahəsinə gətirən Qərb Universiteti ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq növbəti tədris ilindən etibarən yeni ixtisaslar üzrə kadr hazırlığına başlayacaq.
Bakalavr səviyyəsi üzrə “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə növbəti il üçün qəbul aparılacaq.
Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan ediləcək. Belə ki, növbəti ildən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə tədris aparılacaq.
Magistratura səviyyəsi üzrə də yeni ixtisaslar yaradılıb. Növbəti tədris ilindən başlayaraq digər istiqamətlərlə yanaşı “Psixologiya” və “Ekologiya” ixtisaları üzrə magistr təhsili almaq istəyənlər də Qərb Universitetini seçə biləcəklər.
Hazırda universitetin infrastrukturunun müasirləşdirilməsi üçün də işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi həyata keçirilir.
Məlumat üçün bildirək ki, 1991-ci ildə yaradılan Qərb Universiteti ölkənin ən qabaqcıl təhsil ocaqlarından biridir, bir sıra beynəlxalq təhsil konsorsiumlarının üzvüdür və xarici universitetlərlə birgə ikili diplom layihələri həyata keçirir. Böyük Britaniyanın “Koventri” və bu ölkənin Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın Mendel Universitetləri ilə ikili diplom layihələri hazırda uğurla davam edir.