Son illər dünyada tibbi texnikanın inkişaf etməsinə baxmayaraq, diş xəstəliklərinin qarşısını almaq mümkün deyil. Elə ölkəmizdə də, yeni diş xəstəliklərinin çoxaldığı müşahidə olunur. Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, həkim-stomatoloq Nazim Pənahov müsahibəsində bu məsələyə də aydınlıq gətirib.
– Son zamanlar xəstələr sizə ən çox hansı şikayətlərlə müraciət edirlər?
– Diş ağrıları qaçılmazdır. Xəstələr müxtəlif ağrı və problemlərlə bizə müraciətlər edirlər. Bizim şöbə ortopedik stomatologiyadır və əsasən, çəkilmiş, dağılmış dişlərin yerinin bərpası ilə məşğul oluruq. Bizim şöbə – bərpa, protezləmə, konstruksiya ilə dişlərin bərpasına qulluq edir. Məsələn, elə xəstəmiz də olur ki, ona implant qoyulur, 3-6 aydan sonra düzəlir. Yəni bizim müalicələr 1 gündən 6 aya qədər davam edə bilər, bu əlbəttə ki, patologiyadan asılıdır.
– Uşaqlarda ən çox hansı diş xəstəlikləri yayılıb?
– Uşaqlarda ən çox yayılmış xəstəlik diş-çənə anomaliyalarıdır. Təxminən 100 uşaqdan 70-də, 3 uşaqdan 2-də buna rast gəlinir. Bu, bütün dünyada yayılmış prosesdir. Buna səbəb ekologiya, qida xarakterinin dəyişilməsi, yumşaq qidalara üstünlük verilməsi, hamiləliyin problemli keçməsi və s. kimi məsələlərdir ki, əvvəl-axır uşaqda diş-çənə anomaliyasına gətirib çıxarır. Süd dişlərinin vaxtından öncə çəkilməsi də buna səbəb olur. Vaxtında müraciət olunarsa, 100 faiz bərpa olunur, lakin gec müraciət olunarsa, bərpa faizi aşağı düşür.
– Dişdə sarılıq xəstəliyinin yaranmasına nə səbəb olur?
– Necə ki, insanın rəngi doğuşdan olur, eləcə də dişin rəngi anadangəlmə olur. Yəni, bəzi insanlar doğulanda dişlərinin rəngi sarı olur. Amma müəyyən xəstəliklər nəticəsində də dişin rənginin dəyişməsi baş verə bilir. İçməli suda flüorun miqdarının çox olması, siqaret çəkmək və s. zamanı diş ərpi yaranır. Bunlar da dişin rənginin dəyişməsi ilə nəticələnir. Qeyd edim ki, rəng probleminin həlli bu gün stomatoloqlar üçün çox asan bir prosesdir.
– Bəs damaq qaşınması nədən yaranır?
– Əgər çəkilmiş diş varsa, həmin dişin yeri qaşınarsa, ola bilər ki, həmin yerdə alveolit deyilən proses gedir. Çıxarılmış dişin yeri tam sağalmayıb, nəticədə sağalma prosesi getdikcə qaşınma olur. Qaşınma deyilən hissiyyat əslində subyektiv hissiyyatdır. Damaq xəstəliyi kimi hesab edilmir.
– Fəaliyyətiniz dövründə hər hansı bir çətin patologiya ilə rastlaşmısınızmı?
– Çətin patologiya cavan yaşlardan dişlərin itirilməsi -deformasiya olmasıdır. Bunun bərpası artıq çətin proses hesab olunur. Yəni, belə halda tək ortoped deyil, terapevt də qoşulur müalicəyə, bəlkə də 1 il çəkir müalicə.
– Sağlam dişlərə malik olmaq üçün oxuculara nə məsləhət verərdiniz?
– İlk olaraq əlbəttə ki, gigiyenaya diqqət etsinlər. Mütəmadi olaraq, diş yuyulmalıdır. Dövrü olaraq ildə 2 dəfə diş müayinəsindən keçsinlər, həkimə müraciət etsinlər.