Ölkədə 15-17 yaşlı qızların il ərzində 3 minə yaxın uşaq dünyaya gətirməsi həyəcan təbili çalmaq üçün ciddi əsasdır
“İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir. Bu qədər uşaq dünyaya göz açırsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq hansı sayda günahkarlar məsuliyyətə cəlb edilir? Bununla əlaqədar hüquq-mühafizə orqanları ilə bərabər digər icra strukturları da qanunvericiliyi pozan insanların məsuliyyətə cəlb olunmasında aktıv iştirak etməlidir. Yerli orqanlar da bu sahədə problemlərə həssaslıqlarını artırmalıdırlar” – bu sözləri Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi qruplarının iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib.
Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə 4392 olub. 2012-ci ildə bu rəqəm 3236-ya, 2013-cü ildə isə 2855-ə enib, amma 2014-cü ildə bu rəqəm yenidən artaraq 3296 olub. 2015-də isə 2895 belə hal qeydə alınıb. Rəqəmlə ifadədə ola bilsin ki, hansısa illərdə müəyyən azalma olub. Amma istənilən halda, uşaqların ildə orta hesabla 3000 uşaq dünyaya gətirməsi çox ciddi problemdir.
Ailə Məcəlləsinə görə, Azərbaycanda nikah yaşı 18-dir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinə əsasən isə, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
“Azalma müşahidə olunmur”
Qanunla bu problemin həlli yolları olsa da, reallıqda heç də elə deyil. 18 yaşına çatmayanların nikaha daxil olması qadağan olduğu halda, bu cür statistika varsa, problem nədədir? İnsanlarımız qanundan necə yayınırlar? İcra mexanizmi necə qurulmalıdır ki, problemi minimuma endirmək mümkün olsun?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı danışarkən bildirdi ki, statistikadakı rəqəmlər erkən nikahlarla effektiv mübarizə mexanizminin olmadığını göstərir: “Bir neçə il öncə UNISEF bildirmişdi ki, Azərbaycanda 17 yaşa qədər qızların ailə qurması sayı 5000-dir. Bu gün komitə 3000 uşaq dünyaya gətirildiyini etiraf edirsə, bu o deməkdir ki, 15-17 yaşa qədər qızların 3000 nikahı yüz faiz var. Uşağı olmayanları da 1000 nəfər götürsək, bu rəqəm 4000 olur. Cinayət məsuliyyəti, qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulmasına baxmayaraq, proses onu göstərir ki, azalma müşahidə olunmur.
AQUPDK-un statistikasında qeyd olunub ki, erkən nikaha məcburetmə ilə bağlı ötən il 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Əgər 3000 nikah varsa, onun 3 nəfərinə cinayət işi açılıbsa, deməli kifayət qədər effekti mübarizə aparılmır. Halbuki, icra hakimiyyətlərinin nəzdində komitənin monitorinq qrupu, məişət zorakılığı ilə bağlı komissiyaları yaradılıb. Bu komissiyalar məktəb və digər qurumlarla qarşılıqlı əməkdaşlıq etməli, uşaq yaşlarındakıların nikaha cəlb olunduqlarını dərhal aşkarlayıb bu barədə məlumat verməli, qarşısının alınması üçün müvafiq addımlar atmalıdırlar”.
M.Zeynalova deyir ki, rayon yerində bu cür hallar baş verəndə, rayon rəhbərliyi, icra nümayəndliyinə məlumat daxil olur. Onlar bu kimi məqamları “ailə məsələsi” kimi qəbul edib, stereotip kimi yanaşdıqları üçün tədbir görmürlər.
“Çox az halda qızlar qoşulub qaçırlar”
M.Zeynalova bildirdi ki, rəhbərlik etdiyi sığınacağa hər il uşaq yaşlarında nikaha məcbur edilən, sonra zorakılığa məruz qalan müəyyən qədər qadın müraciət edir: “Ötən il 7-8 belə məqam varıydı. Onlarla söhbət zamanı görürük ki bəziləri uşaq ağlı ilə özü qoşulub qaçır, bəziləri isə ailənin təkidi ilə məcbur olub evlənənlərdir. Çox az halda qızlar qoşulub qaçırlar. Düzdür, məlumat verəndə deyirlər ki, özləri qaçırlar, amma o yaşlarda olan qızların çoxunun evdən qaçması o qədər də real görünmür”.
Birlik rəhbəri deyir ki, effektiv şəkildə sosial iş olmasa, problemin həllinə nail olmaq çətindir: “Nə qədər ki sosial iş təşkil olunmur, valideynlərin qızlarını erkən nikaha məcbur etmələrini görəcəyik. Bəziləri iqtisadi, bəziləri əxlaqi-mənəvi dəyərlərə görə erkən nikaha övladlarını məcbur edirlər. Amma sosial işin təşkili vacib faktordur”.
M.Zeynalovanın sözlərinə görə, 4-5-ci sinifdən sonra qızların məktəbə davamiyyəti ilə bağlı monitorinq aparılmasına ehtiyac var: “Komitənin monitorinq qrupları 4-5-ci sinifdən sonra qızların məktəbə real davamiyyətini monitorinq edib real rəqəm verə bilərlər. Elə Bakının Qobu, Hökməli kimi kəndlərində valideynlər qız uşaqlarını məktəbdən yayındırırlar. Amma bu problemlə bağlı məktəb, oradakı monitorinq qrupu, məişət zorakılığı ilə bağlı komissiya nə deyir? Məktəblərdə, uşağını məktəbdən yayındıran ailələrdə olurlarmı? Görüləcək işlər çoxdur”.
M.Zeynalova qeyd etdi ki, AQUPDK ilə yanaşı, digər yerli qurumlar da bu işdə aktiv fəaliyyət göstərməlidirlər: “Komitənin real rəqəmləri səsləndirməyə başlaması yaxşı haldır. Rəqəmləri səsləndirmək göstərir ki, görülən işin nəticəsi nə yerdədir. Amma təkcə komitə yox, yerli qurumlar da prosesdə aktiv iştirak etməlidirlər. Təkcə komitə bu işi bacara bilməz”.
“Qanunların icrasında problemlər yaşanmaqdadır”
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, statistika onu göstərir ki, Azərbaycanda erkən nikah problemi var: “2011-ci ilin noyabrınadək qadınlar üçün nikah yaşı 17 nəzərdə tutulmuşdu. Amma sonradan bu da kişilərdə olduğu kimi, 18-ə qaldırıldı. 2011-ci ilə qədər 18 yaşadək olan qadınların uşaq dünyaya gətirməsi məhz qanunda qadınların evlilik yaşına 17-də icazə verilməsi ilə bağlı idi. 2011-ci ildən indiyə qədər 18 yaşından aşağı xanımların uşaq dünyaya gətirməsi ilə bağlı statistika ondan xəbər verir ki, ölkədə uşaq nikahı problemi var. Nikah yaşının 18 müəyyənləşdirilməsinə baxmayaraq, uşaq yaşda nikahlar davam edir. Araşdırmalar göstərir ki, burada kəbin əsasında qurulmuş nikahlar deyil, ümumiyyətlə kəbindən kənar da münasibətlər var”.
C.İmamoğlu bildirdi ki, Azərbaycanın yerli qanunvericiliyi uşaq hüquqlarının qorunmasını tamamilə təmin edir. Amma qanunlar olsa da, icra mexanizmlərinə əməl edilməsində problemlər yaşanmaqdadır. Problemlərdən biri də erkən nikaha cəlb edilən, uşaq dünyaya gətirən qızlarla bağlıdır.
15-17 yaşda olanların nikaha cəlb edilməsinin səbəbləri müxtəlifdir
C.İmamoğlu bildirdi ki, 15-17 yaşda olanların nikahlarının bəziləri mentalitetlə, bəziləri dini zəmində inanclarla, bir qismi isə adət-ənənələrlə bağlıdır: “Şəhərdə, rayonda yaşayan, təhsilli, yaxud təhsilsiz, yoxsul və ya varlı fərqi olmadan bu kimi məqamlar müşahidə edilməkdədir. Amma təhsil faktoru burada önəmlidir. Ali təhsilli və daha çox məlumatlı olanların arasında bu faiz aşağıdır. Yoxsulluq və orta təhsillilik də erkən nikaha meyillənməyə səbəb olur. Qızlarını uşaq yaşda ərə verən valideynlər bəzi hallarda iqtisadi yükdən azad olmaq, bəzi hallarda varlı şəxsə ərə verib iqtisadi gəlir əldə etmək istəyirlər. Kəbinsiz və dövlət nikahı olmadan qurulan münasibətlər daha çox aztəminatlı ailələrdə müşahidə olunur.
Ümumiyyətlə, yetkinlik yaşına çatmayanların münasibətlərinə təsir edən faktorlardan biri qız qaçırma problemidir. Bu, zorakılıq növü hesab olunsa da, cəmiyyət buna hələ ki birmənalı şəkildə mənfi yanaşmır. Bəzi yerlərdə bu hələ də dəstəklənir. Bir qisim qızlar da özləri sevdikləri və ailələri bu nikaha qarşı gəlmədikləri üçün uşaq yaşda ailə qururlar. Uşaq yaşda evlənənlərin nə kəbini, nə də dövlət nikahı olur. Çünki Qafqaz Müsəlmanları İdarəsi ilə dövlətin bir razılaşması var ki, dövlət nikahı olmadan məscidlərdə mollalar heç kəsin kəbinini kəsə bilməzlər”.
Sosioloq onu da bildirdi ki, məktəblər, səhiyyə müəssisələri, bələdiyyələr, yerli icra nümayəndəlikləri aktiv rol oynamalı, bu kimi hallar baş verəndə, müəyyən işlər görməli, aidiyyatı qurumları məlumatlandırmalı, insanları maarifləndirməlidirlər.
“Maarifləndirmə işləri çox vacibdir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirdi ki,uşaq və erkən nikah probleminin aradan qaldırılması üçün görülməli olan əsas iş maarifləndirmədir: “Burada məsuliyyət həm o yaşda olan qızların, həm də valideynlərinin üzərinə düşür. Özü uşaq ikən uşaq dünyaya gətirmək nə dərəcədə məntiqlidir? Özünün ata-ana himayəsinə ehtiyac olan biri necə ata-analıq vəzifəsini yerinə yetirə bilər? Bu, məsələnin mənəvi-psixoloji tərəfidir. O yaşda uşaq dünyaya gətirmək həm onların, həm də dünyaya gətirdikləri uşaqların sağlamlığına da ciddi ziyan vurur, fəsadlar yaradır, hətta dünyasını dəyişənlər də olur. Onlar təhsildən yayınır, özlərini inkişaf etdirə bilmir, gələcəkləri üçün yaradılan imkanlardan yararlana bilmirlər. Bu cür fəsadlar var. Bunların aradan qaldırılması üçün maarifləndirmə işləri çox vacibdir və komitə tərəfindən bu iş geniş şəkildə aparılır. Məktəblilərə, valideynlərə çap məhsulları paylanılır, sosial çarxlar vasitəsilə əyani şəkildə yaranan fəsadlar çatdırılır. Biz onlara, valideynlərə uşaqlıq dövrlərinin məhv edildiyini, yaşıdlarının əldə etdikləri bir çox şeylərdən məhrum olacaqlarını göstərməyə çalışırıq”.
A.Veysəlova deyir ki, maarifləndirmə işləri zamanı digər dövlət qurumları, aidiyyatı şəxslər, həkimlər, hüquq-mühafizə orqanlarının işçiləri, həmin ərazidəki nüfuzlu şəxslər, din xadimləri də dəvət edilir.
“Uşaq məsələləri ilə bağlı xüsusi nəzarət qaydaları təsdiq olunub”
Komitənin rəsmisi bildirdi ki, maarifləndirmə işləri az da olsa, nəticəsini göstərir: “Son illər bu kimi faktların aşkarlanmasında daxili işlər orqanları da iş aparırlar, erkən nikah faktının aşkarlanması ilə bağlı cinayət işi açılır. Düzdür, böyük rəqəmlər olmasa da, cəmiyyətdə hadisələrin düzgün təbliğ olunması 15-17 yaşında uşaq dünyaya gətirənlərin sayına təsir edir. 2014-cü illlə müqayisədə 2015-ci ildə nisbətən azalma müşahidə etmişik. Bu o demək deyil ki işimiz bitir, əksinə, işimizi gücləndiririk, bu sayın sıfra enməsi üçün daha maraqlı layihələr həyata keçiririk. Burada gənclərin, xüsusilə qızların asudə vaxtının düzgün təşkil olunması ilə bağlı da komitə böyük işlər həyata keçirir, bilik yarışları, olimpiadalar təşkil edilir”.
A.Veysəlova bildirdi ki, uşaq məsələləri ilə bağlı xüsusi nəzarət qaydaları təsdiq olunub. Həmin qaydalardan irəli gələrək aidiyyatı dövlət qurumları ilə birgə müxtəlif istiqamətləri əhatə edən monitorinqlər keçirilir. Onlardan biri də təhsildən yayınma məsələsidir: “Məktəblərdə monitorinqlər aparılır, əgər dərslərdən yayınma halı müşahidə olunursa, lazımi tədbirlər görülür. Qız-oğlan – fərq etmədən təhsildən yayınmış şagirdi məktəbə cəlb etmək sahəsində işlər aparılır. Monitorinqlərin müsbət nəticələri var. Regional mərkəzlərimiz bu sahədə ciddi iş aparırlar. Onlar yerlərdə risk qrupuna daxil olan şagirdlərlə, valideynləri ilə maarifləndirmə işi aparırlar. Xüsusilə də erkən nikah, daha doğrusu, uşaq nikahlarının qarşısının alınması istiqamətində “Ailələrə məktub” kampaniyası çərçivəsində 100 mindən çox şəxsə məktub paylanıb”.