qadin

Hitlerin sevimlisi, Göbbelsin məşuqəsi, həm də Kremlin casusu olan aktrisa

Baxış sayı: 1. 794

“The Guardian” yazır ki, müharibədən sonrakı Almaniyanın ən məşhur aktrisalarından biri sovet kəşfiyyatçısı çıxıb.

Almaniyada üzərindən məxfilik götürülmüş sənədlərdən aydın olub ki, nasist rejimi ilə iddia olunan əlaqələrinə görə aktyorluq sənətindən 2 il müddətində yasaqlanan Marika Rökk əslində 1940-cı ildən etibarən Üçüncü Reyxin sirlərini Kremlə ötürürmüş.

Rökk 1913-cü ildə Qahirədə, macar valideynlərinin ailəsində doğulmuş və uşaqlığını Budapeştdə keçirmişdi.

Onun operetta ulduzu kimi karyerası nasist dövrünə təsadüf etmişdi.

2004-cü ildə 90 yaşında vəfat edənədək aktrisa az qala 40 filmdə çəkilmişdi.

Belə güman edilir ki, aktrisa casusluğa öz meneceri, DTK agenti Heinz Hoffmeister tərəfindən cəlb edilib.

Bununla belə, bu casusluqda Rökk-ün rolu və onun hansı informasiyaları Moskvaya ötürə biləcəyi müəmmalı olaraq qalır.

Belə güman edilir ki, aktrisanın əri, kinorejissor Georg Jacoby də casusluq edirmiş.

“The Guardian” yazır ki, sənədlər, aktrisanın daxil olduğu Krona adlı casus şəbəkəsinin Moskvaya ötürdüyü məxfi məlumatların arasında Barbarossa əməliyyatnın və Kursk döyüşünün planlarının olduğunu göstərib.

Bu şəbəkəyə əfsanəvi sovet kəşfiyyatçısı Yan Çernyak rəhbərlik edirdi. Bu mahir casusu “gözəgörünməzliyinə” görə “kölgəsiz adam” adlandırırdılar.

Çernyakın özünü Sovet hərbi kəşfiyyatı 1940-cı illərdə Berlində tələbə olduğu vaxt verbovka etmişdi.

Onun 35 nəfərlik casus şəbəkəsinə bankirlər, hərbi zabitlər, nazirlər və hətta aktrisa Olqa Çexova da daxil idi.

Rökkün sovet kəşfiyyatçısı olduğu ilk dəfə 1951-ci ildə Gehlen tərəfindən aşkar edilibmiş. Almaniya birləşənədək Qərbi Almaniyanın kəşfiyyat xidməti BND belə adlanırdı.

Lakin yarım əsrdən sonra məxfiliyi götürülən bu məlumatı indi ilk dəfə Bild qəzeti dərc edib.

1951-ci ildə Rökk 16 illik aktyorluq karyerasına son qoyduğunu elan etmişdi.

O vaxtın qəzetləri yazırdılar ki, aktrisa Düsseldorfda xalis İsveçrə yun malları satmaq üçün butik açır.

Lakin qərbi Almaniya kəşfiyyatı bildirir ki, bu, sovetlərə casusluq işini intensivləşdirmək üçün edilmiş ağıllı konspirasiya gedişi idi.
Nasist rejimi Rökkə Hollywood-un Ginger Rogers və Rita Hayworth kimi ulduzlarını kölgədə qoyacaq sənətkar kimi baxırdı.

Bu da deyilirdi ki, Hitlerin ən çox sevdiyi aktrisalardan olan Rökk bir müddət Üçüncü Reyxin təbliğat naziri Joseph Goebbels-in məşuqəsi olmuşdu.

O kino şöhrətinə 1935-ci ildə “Yüngül süvari” (Leichte Kavallerie) filmində çəkildikdən sonra yetişmişdi.

O tez-tez təbliğat filmlərində Johannes Heesters-lə yanaşı çəkilər, filmlərə özünün macar aksenti ilə ekzotika gətirərdi.
Rökkün özünün casusluqda şübhəli bilindiyindən xəbərinin olub-olmadığı məlum deyil.

Lakin onun casusluq fəaliyyətinə son qoyulması üçün hər hansı bir tədirin görülüb-görülmədiyi də naməlumdur.
Müharibədən sonrakı iki ildə ona filmlərdə çəkilməyi vaxtilə nasist rəhbəriyi ilə əlaqələrinə görə qadağan etmişdilər.
“Ola da bilsin ki, Rökk hər iki rejimin ikili casusu olub” – yazır “The Guardian”.

1940-cı il, noyabr tarixli açıqçada Rökk Adolf Hitlerə çiçək dəstəsi göndərdiyi üçün təşəkkürünü bildirirdi (BBC).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir