deri

Dəridəki quruluq problemini həll etmək üçün QIZIL MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 630

Qadınların ən həssas yanaşdığı hissə üz dəriləridir. Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisini aşağıdakı tiplərə ayırd etmək olar: normal dəri, quru dəri, yağlı dəri, qarışıq dəri. Ən qəribəsi də odur ki, bu 4 dəridən heç biri ilə qadınlar razılaşmır və daim daha yaxşısına can atırlar. Bu gün “Gencaile.az” oxucularına quru dəri haqda məlumat və faydalı məsləhətlər verəcək.

Öncə üzünüzün dəri tipini ayırd edək. Bunun üçün aşağıdakıları etmək lazımdır:

1. Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

2. Bir saat gözləyin.

3. Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı var, ya yox.

4. Bir neçə ədəd nazik kağız (məsələn, «kalka» ) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.

5. Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.

6. Əgər bütün kağız parçalarında yağ izləri olarsa, deməli, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, quru dəri tipinə aid edilir.

Yaşın artması, qidalanma və sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərəcəsinin dəyişməsinə təsir edən əsas amillərdir. Normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır, qabıq və çatlar əmələ gəlir, günəş şüalarına, küləyə, yuxarı və aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır və qırmızı ləkələrlə örtülür.

Dərinin qurumasına mədə-bağırsaq funksiyasının pozulması, orqanizmə lazım olan vitaminlərin çatışmazlığı və hətta bəzi vacib elementlərin, ümumiyyətlə, mövcud olmaması, sinir sisteminin gərginliyi, daxili sekresiya vəzilərinin fəaliyyətinin dəyişməsi kimi amillər də səbəb ola bilər. Bir sıra xarici amillər – günəş, külək, dəniz suyu, isti soba yanında iş – dərinin quruluğunu artırır. Bunun qarşısını almaq üçün dəriyə düzgün gigyenik qulluğun qaydalarını bilmək lazımdır. Məsələn, küçəyə çıxmazdan əvvəl yuyunmaq, tərkibində spirt olan kosmetik vasitələrdən, pudralardan, ağardıcı mazlardan istifadə etmək bu cür dəri üçün yolverilməzdir.

Adətən, quru dəridən qadınlar şikayət edirlər. Statistik göstəricilərə görə, qadınların yarısı quru dəri problemindən əziyyət çəkir. Gənc qadınlarda quru dəri yağlı parıltıya malik olmur, təmiz, elastik və yaxşı çəkilmiş olur. Qırışlar ya az olur, ya da heç olmur. Belə dərilərdə genişlənmiş məsamələr də olmur. Lakin dəriyə toxunduqda onun quruluğu hiss olunur. Quruluq, əsasən, yanaq və burun ətrafı hissələrdə nəzərə çarpır. Dərinin nəmliyi olmur. Belə dəri çox cazibədar olsa da, bu, müvəqqətidir. Quru dəri hətta çox yağlı sabunla yuyunmaya belə, davam gətirə bilmir. Tez bir zamanda cazibədar görünən keyfiyyətlərini itirir. Yaş artdıqca o, qabıqla örtülür, quruluğu artır, sabunla yuyunmaq isə qətiyyən mümkün olmur. Adi su ilə yuyunduqda belə, o, qırmızı ləkələrlə örtülür və göynəyir. Daha sonra isə gözün ətrafından başlayaraq, qırışmağa başlayır. Kəskin hava şəraiti bu prosesləri daha da sürətləndirir. Bu cür dəriyə müasir və diqqətli qulluq göstərməklə, onun gözəlliyini uzun müddət saxlamaq və qocalmanın qarşısını almaq olar.

Bəzən qadınlar bu problemi aradan qaldırmaq üçün tez-tez yuyunurlar. İlk vaxtlar müvəqqəti olaraq qabığı yox edən və rahatlıq əmələ gətirən bu proses getdikcə vəziyyəti elə gərginləşdirir ki, üzə dəyən bir damla su belə, onu incidir və qıcıqlandırır. Bu halda ən yaxşısı kosmetoloqa müraciət etməkdir. Ancaq sağlam quru dərini müstəqil qaydada da qorumaq olar.

Quru dərini ancaq yumşaldılmış sərin su və yaxud otaq temperaturunda olan su ilə təmizləmək məsləhətdir. Soyuq və ya isti su damarları daraldır və dərinin tez qocalmasına zəmin yaradır. Bu cür dəriyə payızın yumşaq nəmli havası yaxşı təsir göstərir. Yayda günəşdən qorunmaq lazımdır. Belə havada ancaq səhərlər yuyunmaq olar. Bunu etməzdən əvvəl isə üzünüzə quru dəri üçün krem, istənilən bitki yağı, şit yağ, xama çəkmək məsləhətdir.

 

Dəriyə qulluq edirik

Səhər qulluğu:

Quru həssas dəri qabıq verir və suya qarşı dözümsüzdür. Belə dərini isidilmiş saf bitki yağı ilə silib təmizləmək olar. Sonra yağı dəridən yumşaq kağız salfetlə təmizləmək lazımdır. Başqa təmizləmə proseslərindən də istifadə etmək olar. Məsələn:

1. Səhərlər üzü eyni miqdarda qarışdırılmış su və süd qarışığı ilə yumaq olar. Su otaq temperaturunda olmalıdır.

2. Üzə bir qədər xama çəkin. Bu, dərini yumşaldır və onun müqavimətini artırır. Sonra üzünüzü qaynadılıb otaq temperaturuna bərabər həddə qədər soyudulmuş su ilə yuyun.

3. 1 yumurta sarısına 100 qram qaymaq, 1 çay qaşığı araq, 5-15 damcı limon şirəsi əlavə edin. İstifadədən qabaq qarışığı çalxalayın və sonra pambıq tamponla üzünüzü silin. Pambığı bir neçə dəfə dəyişmək məsləhətdir. Bu qarışıq dərini yaxşı təmizləyir, yumşaldır və ağardır.

4. 2 xörək qaşığı “Herkules” yulafının üzərinə 1 litr qaynar su töküb bir az saxlayın, soyuduqdan sonra cunadan süzün. Üzünüzü bu qarışıqla silin.

5. 1 çay qaşığı nişastanı 1 litr suda dəmləyib bu qarışıqla yuyunmaq da quru dəriyə yaxşı təsir edir.

6. Həftədə bir dəfə üzünüzü qaynanmış su ilə yuyun. Bunu etməzdən əvvəl isə üzünüzə 1 yumurta sarısı və 1 xörək qaşığı saf bitki yağının qarışığını çəkin. Qarışığı nəm dəriyə nəm barmaqla dairəvi hərəkətlərlə çəkmək lazımdır. Əmələ gələn köpüyü qaynanmış sərin su ilə yuyun.

 

Dərinin yumşaldılması

Səhər üzünüzü təmizlədikdən sonra quru dəri üçün nəzərdə tutulan krem çəkin. Bu, dərini yumşaldır, onu elastik və xarici mühitə qarşı davamlı edir. Nazik qatla çəkilmiş kremi 10-20 dəqiqədən sonra kağız salfetlə təmizləyin. Kremin üzərindən isti suda qızdırılmış qaşığın arxa tərəfi ilə üzü masaj etmək olar. Ancaq qaşıq çox isti olmamalıdır. Bu masajı boyun və sinədə də etmək lazımdır. Alında masajı daha fəal etmək məsləhətdir.

 

Dərinin qorunması

Bu proses fəsildən və havadan asılı olaraq həyata keçirilir. Əgər dərinizdə çil, piqment ləkələri, genişlənmiş qan damarları kimi qüsurlar varsa, günəşli gündə küçəyə çıxarkən üzünüzə qoruyucu krem, onun üstündən isə kirşan çəkin. Əgər belə qüsurlardan uzaqsınızsa, dekorativ ənliyi qidalandırıcı kremin üzərindən çəkmək lazımdır. Adi ənlik əvəzinə duru krem-ənlikdən istifadə etmək daha yaxşı olardı. Küləkli və həmçinin çox soyuq havalarda da dəriyə mütləq nazik qatla qoruyucu krem çəkmək lazımdır. Bundan sonra isə adi qaydada ənlikdən istifadə edin. Dərinin qorunması üçün dekorativ kosmetikadan da yararlanmaq mümkündür. Ancaq unutmayın ki, quru dəri makiyaja qarşı həssasdır. Buna görə də dekorativ vasitələrdən ancaq dərini yumşaltdıqdan sonra və çox ehtiyatla istifadə etmək lazımdır. Kosmetikadan həddən artıq istifadə etmək ağır dəri xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

 

Axşam qulluğu

Dəriyə baxmaq sisteminin əsas hissəsi axşam qulluğudur. Gündəlik kosmetikanı üzdən təmizləmədən yatmaq olmaz. Dəri bir çox kosmetik vasitələrlə təmizlənir. Bu vasitələri diqqətlə seçmək və növbə ilə dəyişmək lazımdır ki, dəri eyni kosmetikaya öyrəşməsin. Üstəlik, bu yolla dərini müxtəlif faydalı maddələrlə qidalandırmaq olar. Bundan başqa üzünüzü qızdırılmış saf günəbaxan yağı ilə də təmizləyə bilərsiniz. Bunun üçün yumşaq pambıq tampondan istifadə edin. Duru qidalandırıcı və ev şəraitində hazırlanmış kremlər də dərini yaxşı təmizləyir və qidalandırırır.

 

Quru dəri üçün maskalar

1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın. Alınan maskanı azca qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmış dəmləmə və ya adi qaynanmış ilıq suda isladılmış tamponla silin.

1 yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı günəbaxan yağını qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış ilıq su və yaxud da eyni miqdarda qarışdırılmış su və süd qarışığı ilə yuyun. Maskaya 10-15 damcı limon şirəsi də əlavə etmək olar.

1 xörək qaşığı yağlı kəsmik və 1 xörək qaşığı yağlı qaymağı yaxşı-yaxşı qarışdırdıqdan sonra dərinizə sürtüb 20 dəqiqə saxlayın.

30 qram bitki yağını qızdırın. Nazik pambıq qatını yağa batırıb üzünüzə qoyun. Üzərinə perqament kağızı, bunun üstündən isə dəsmal örtün. 15-20 dəqiqədən sonra çıxardın və quru dəsmalla, yaxud pambıqla silin. Yağın boynunuza axmaması üçün bu hissələrə quru pambıq qatı qoymaq olar.

Zeytun, çaytikanı, badam və ya ərik yağını azca qızdırın. Üzərində gözlər üçün dəliklər açılmış tənzif salfeti yağın içərisində yaxşıca islatdıqdan sonra onu 10 dəqiqə müddətinə üzünüzə qoyun. Bu maskadan sonra dəriyə krem çəkilmir.

Yumurta sarısını 1 çay qaşığı qaymaqla qarışdırın. Maskanı üzünüzə çəkin, 15-20 dəqiqədən sonra otaq temperaturuna bərabər həddə qədər soyudulmuş qaynanmış su ilə yuyun.

1 xörək qaşığı kəsmiyi əzib 1 xörək qaşığı xama və yarım çay qaşığı duzla möhkəm qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış suda isladılmış pambıq tamponla silin.

20 qram mayanı 1 xörək qaşığı süd və 1 xörək qaşığı bitki yağı ilə qarışdırın. Maskanı üzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış suda isladılmış pambıq tamponla silin.

Nazik pambıq qatını 50-100 qram giləmeyvə (moruq, çiyələk), meyvə (gavalı, şaftalı, ərik), tərəvəz (pomidor, kələm, yerkökü) şirələrindən hər hansı birində isladıb 15-20 dəqiqəlik üzünüzə qoyun. Pambıq quruduqca onu yenidən isladın. Bundan sonra üzünüzü quru pambıqla silin.

2 ədəd təzə xiyarı kiçik gözlü sürtgəcdən keçirin. Şirəsini çıxarmadan üzünüzə çəkin və 20-25 dəqiqədən sonra otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin. Maskaya un da əlavə etmək olar. Əgər dəriniz çox həssasdırsa, onda xama əlavə edin. Ümumiyyətlə, meyvə və tərəvəz maskalarından əvvəl üzünüzü qaymaqla, yaxud duru xama ilə silmək məsləhətdir.

1 yumurta sarısının yarısını 15 qram günəbaxan yağı ilə qarışdırın. Əmələ gələn qarışığı 15-20 dəqiqəlik üzünüzə çəkin və suda isladılmış pambıqla təmizləyin.

 

Dəriniz çat verirsə

Dəri çatlarının qarşısını almaq üçün düzgün qidalanmaq, bol su içmək, idman etmək əsas şərtdir. Dəri ən çox gərilmələrə məruz qaldığı üçün və kifayət qədər su çəkmədikdə çat verir. Çünki bədənə daxil olan suyun miqdarı az olduqda dəri elastikliyini itirir və çatların əmələ gəlməsinə şərait yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir