ana-usaq

Qadın hansı halda analıq hüququnu itirir?

Baxış sayı: 1. 582

Son illər Azərbaycanda valideynlikdən məhrum etmə hallarının statistikası azalır. Əgər 2012-ci ildə 112 valideynlikdən məhrumetmə halı qeydə alınmışdısa, 2013-cü ildə bu rəqəm 98 nəfəri əhatə edib. 2015-ci ildə isə ölkə vətəndaşlarından 50 nəfəri valideynlik hüququndan məhrum edilib.

Ümumiyyətlə, qanunvericilikdə valideynlik hüququndan məhrum olma belə tənzimlənir: «Ailədə valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; Alimenti qəsdən ödəmədikdə; Heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə. Valideynlik hüquqlarından sui-istifadə etdikdə; Uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə».

Qadının analıq hüququndan məhrum edilməsi valideynlərdən hər hansı birinin qeyri-etik həyat tərzi sürməsi ilə bağlıdır. Bu, daha çox analara tətbiq olunan hallardır.

Hüquqşünas Günel Səfərovanın sözlərinə görə, qanunvericilikdə valideyn hüququndan məhrum edilmə anlayışı anaya və ataya görə fərqləndirilmir. Ailə Məcəlləsinin 64-cü maddəsi məhz valideynlik hüququndan məhrum etməyə həsr olunub.

«Valideynlik hüququndan məhrum etmə tələbi ilə kim çıxış edə bilər?» sualına gəlincə, müsahibimiz deyir ki, bu tələbi valideynlərdən biri, uşağın himayəsində olduğu qurum və yaxud yetkinlik yaşına çatdıqdan sonra qaldıra bilər: «Praktikada daha çox ana tərəfindən atalıq hüququnun məhrumetmə hallarına rast gəlinir. Bu da alimentin ödənilməməsi ilə bağlıdır. Amma Azərbaycanda analıq hüququndan məhrumetmə halı da var. Bu, daha çox ananın uşağa baxmaq qabiliyyətində olmaması, onun hər hansı psixoloji probleminin olması və yaxud qeyri-etik davranış nümayiş etdirdiyinə görədir».

Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova hesab edir ki, Azərbaycanda qadının analıq hüququndan məhrum edilməsi məsələsi yalnız qanun müstəvisində həll oluna bilər: «Bununla bağlı fikirlərin səsləndirilməsi cəmiyyət tərəfindən düzgün qəbul edilə bilməz. Bizdə bu kimi hallara qarşı cəmiyyətdə bir dözümsüzlük var. İctimai qınaq burda hər zaman böyük rol oynayır. Mən çox arzulayardım ki, bu kimi məsələlər qınaq və tənqidlər nəticəsində öz həllini tapsın».

«Qadının analıq hüququndan məhrum olunması kimi faciəli bir hal təsəvvür edə bilmirəm», — deyən vitse-spikerin sözlərinə görə, Azərbaycan o cəmiyyətlərdəndir ki, burda qadınların analıq hüququndan məhrum edilməsi ilə bağlı tələb hər kəsin qulağına yad gəlir və heç kim bunu qəbul belə etmək istəmir: «Amma biz hüquqi cəmiyyət qururuq. Burda bütün məsələlər qanunla tənzimlənir. Əgər belə bir hallar olacaqsa, onun bütün tərəfləri və halları nəzərə alınmaqla məsələyə qiymət verilməlidir. Bunu aparılacaq müzakirələrdən sonra qəti şəkildə söyləmək olar».

Ailə Məcəlləsində də göstərilir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir