supurgeci

Evini oğluna verib küçə süpürən qadın: “Nə bilim, eləsi olur zibilləri götürüb qarşımıza atır” – MÜSAHİBƏ

Baxış sayı: 1. 722

Deyirlər həyatın çətinliklərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.  Hər şey insan övladının  ilk başlanğıcdan yaşadıqları kiçik  mağaraları qadınlara etibar etməyi ilə başladı. Ana olmaq bacarığı ilə cəmiyyətə yeni həyat bəxş etməyi bacaran qadının ailə dəyərlərinin qorunub saxlanmasında, sosial mühütin inkişafında əvəzsiz rol oynadığını qeyd etsək yanılmarıq. Bu arada məşhur şairimiz Hüseyn Cavidin “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” sözlərini xatırlamaq yerinə düşər.

Bildiyimiz kimi bir neçə gün sonra artıq cəmiyyətimizdə özünəməxsus yer alan xanımları həyatımızda var olduqlarına görə müxtəlif cür təbriklər eşidəcəklər. Ancaq elə xanımlarımız var ki, onların bir qismi cəmiyyətə ünsiyyətdə qapalı insanlardır. Hətta onların bəziləri bu kimi təbrikləri, xoş sözləri eşitmək üçün diqqətdən uzaq qalırlar. Yəqin ki, hər birimiz parkda, küçələrdə üzlərini gözlərinə qədər bağlayaraq təmizlik işləri aparan qadınlarla rastlaşırıq. Özlərinin də qeyd etdiyinə görə, ətrafdan lazımi diqqəti, düzgün münasibəti görmədiklərinə görə həmin xanımlar qapanaraq gizlənməyə çalışırlar. Modern.az olaraq bu bayram günlərində həmin xanımları da xatırlamağı özümüzə borc bildik.

Onları çox axtarmaq lazım gəlmədi. Şəhərdə yerləşən parklardan birinə yolLandıq və iş başında olan, gözlərinə qədər üzünü bağlayan işçilərdən biri diqqətimizi çəkdi. Adını açıqlamaq istəməyən xanım müsahibimizlə belə bir dialoqumuz alındı:

-Yorulmayasız.

– Çox sağ ol qızım.

– Olar mən də süpürüm?

– Kim sən? Yox, bala, sənlik deyil bu iş. Cavan qızsan..

 – Sizdə cavan görünürsüz.

– Başını aşağı salıb gülür…

– Sizdə cavan işçilər yoxdur?

– Demək olar hamısı yaşlıdı. Sənin kimi hamıya asan gəlir. Amma süpürgə əlində tutmaq asan deyil ha (gülür)! Biraz işləyəndən sonra qaçıb gedirlər.

 – Niyə asan deyil? Ağır olduğuna görə deyirsiniz, yoxsa başqa səbəb var?

– Ağır olmağına ağır deyil, quş kimidi. O vaxtlar qaynananalar gələcək gəlinləri sınamaq üçün toyun səhəri günü həyəti süpürməyə qalın saplı süpürgə verərdilər. Özü də sapı heyva ağacından düzəldirdilər, elə olurdu ki, adamın əli qabar olurdu. İndikilər nədi ki..

 – Bəs niyə dediniz cavanlar qaçıb gedir?

– Cavanlar iş tapmırlar məcbur olub gəlirlər. Başa salırıq, bilməyənləri öyrədirik. Amma biraz işləyib küçədə, parkda insanların münasibətinə səbr edə bilmiyib çıxıb gedirlər.

 – İnsanlar necə münasibət göstərir ki?

– Nə bilim, eləsi olur zibilləri götürüb qarşımıza atır. Daha çox görürük ki, siqarət qutularını, su qablarını maşından bayıra tullayırlar. Hələ bu azmış kimi məsxərəyə qoyanlar da olur. Buna görədə bu işlə təzə məşğul olmağa başlayan cavanlar dözə bilməyib qaçıb gedirlər. Amma məcburiyyətdən dayanıb qalanlar da var. Tək- tük halda olur.

– Bəs siz belə vəziyyətlərdə neyləyirsiniz?

– Mən artıq öyrəşmişəm. 12 ildir bu işlə məşğulam, mənim üçün adiləşib. Təzə başlayanda adama belə şeylər pis təsir edirdi. Amma çalışıram fikir verməyim. Bəlkə də onlar haqqlıdır. İnsan gərək zamanında öz gələcək həyatının düzgün planın qursun ki, sonradan belə yarı ac, yarı tox yaşamağa məcbur olmasın.

– Deyəsən, siz də aldığınız maaşdan razı deyilsiz..

– Belə baxanda kim razıdı ki? Şükürlər olsun, acından ölmürük, bir təhər yaşayırıq. Amma hər şey o qədər bahalaşıb ki, maaş alırıq o biri ayı heç yarıya çatdırmamış nisyələr yığılır (gülür) . Sağ olsunlar mağazalarda da hörmət edirlər. Deməli, təxminən 4-5 il əvvəl Yasamal tərəflərdə işləyirdim. Maaşlarımız gecikirdi. Həmişə alver elediyim mağaza var idi. Mağaza sahibindən xahiş elədim borcumu sildi. Əvəzində onun mağazasın bir neçə gün səhər tezdən gəlib silib təmizlədim. Sonra məni göndərdilər burda işləməyə. Elə yaxşı oldu ki, bura gəlməyim. Burada özümə rəfiqələr də tapdım. Əvvəllər tək yaşıyırdım. Burada işə başlayandan sonra elə 3-4 işçi yığışıb iş yoldaşım Tanyanın evində qalırıq. Tanya Moskvadan bura ərə gəlib. Əri öləndən sonra uşaqları da onu atıb gediblər rayonlarına.

 – Bəs sizin ailəniz hardadı?

– Mənim ailəm?… ( bir az fikirə gedir) Oğlumun bir yaşı olanda yoldaşım qəzaya düşdü. Bir təhər oğlumu böyütdüm, oxutdurdum. İndi ailəlidir. İki qızı var. Evi verdim onlara rahat yaşasınlar.

 – Bəs oğlunuz soruşmur harda yaşayırsız?

– Oğluma demişəm rəfiqəmlə qalıram. Narahat olmasın. Onun o qədər işləri olur ki, elə olur evinə aylarla gələ bilmir, işdən buraxmırlar. Ayda bir dəfə qonaq gedirəm onlara.

 – Bəs siz gündə neçə saat işləyirsiz?

– Bizdə növbəli işdir. Səhər tezdən axşama qədər işləyirik. Hərəyə təmizləmək üçün yer ayrılır. Elə olur kimsə xəstələnib gələ bilməyəndə onu da əvəz edirik. Küçələrdə, parkda zibil az atılanda bizim də işimiz yüngül olur.

– Elə gün heç olub ki zibil olmasın?

– Elə olsa möcüzə olar (gülür). Belə baxanda bu bizim işimizdi. Biz yollara tökülən zibillərin olmaması üçün çalışırıq. İnsan yaşayışı olan yerlərdə zibil olmağı normaldı. Amma konfeti yeyib kağızını zibilqabının yanına atmaq yaxşı hərəkət deyil. Belə etməsələr yaxşı olar.

– İnsanlara başqa nələri demək istərdiniz?

– Əvvəla bizə normal münasibət göstərsinlər. Çünkü biz öz işimizlə məşğul oluruq. Maşınlardan çölə siqarət qabı, su şüşəsi, saqqız atmasınlar. Parklara tum çırtdayıb tökməsələr yaxşı olar. Nə bilim o qədər söz demək olar. Yaxşı yadıma düşdü. Parkda təzə əkdiyimiz ağacları, gülləri tapdamasınlar. Uşaqlarına da  bunu öyrətsinlər. Onlara pul xərclənir. Həm də yaşıllıq, təbiət gözəllikdi, təmiz havadı. Niyə də olmasın? Bu həyatda əsas can sağlığıdı. Canımızı qorumalıyıq.

Müsahibimdən sağollaşıb ayrıldıqdan sonra yenidən üzünü gözlərinə qədər bağlayıb işinə davam etdiyini müşahidə etdim. Cəmiyyətimizin bu cür əziyyət sahiblərinə qarşı münasibətində çatışmazlıqlar hələ də qalır. Sonda qeyd edək ki, özü ilə bağlı hər hansı fotonun xəbərdə yerləşdirilməsinə razı olmadığına görə müsahibimizin fotosunu vermirik. Amma müsahibimizin işlədiyi ərazidəki parkda çəkdiyimiz bu şəkli sizlərə təqdim edərək onlara işlərində dəstək olmağa dəvət edirik. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir