xestelik

Həkim-xəstə münasibətlərini virtual olaraq tənzimləyən sistemin üstünlükləri

Baxış sayı: 1. 760
Son illər xəstəliklər də, insanların xəstəliklərə münasibəti də kəskin dəyişib. Bu gün pasiyentlər səhhətləri ilə bağlı xırda bir problemi dərhal araşdırmağa çalışır, həkim axtarışına çıxır, hətta lazım gəldikdə müalicə üçün dünyanın uzaq nöqtələrinə üz tuturlar. Müasir texnologiyalar isə insanların səhhətlərindəki problemlərini həll etmək gücündə olmasa da, onları xəstəliklərinə uyğun həkimlərlə əlaqələndirməkdə və ya ilkin məsləhətlər verməkdə böyük rol oynayır. “Virtual həkim”, “Virtual əlaqə” sistemləri bütün dünyada həkim-xəstə münasibətlərində müalicəvi körpüyə çevrilməkdə davam edir. Məsələn, Böyük Britaniya Tibb Assosiasiyasının sorğuları əsasında hazırlanan “Virtual həkim” layihəsi bir çox xəstəliklərin yerindəcə diaqnostikasına çevrilmək baxımından dünyada örnəyə çevrilib. Qadın, kişi və uşaqları narahat edən simptomları araşdıran layihə özündə 147 diaqnostik sxemi birləşdirib. Belə ki, xəstəliyin səbəbi ilə sxemə baxdıqda mümkün diaqnoz üzə çıxır Hətta sistem özü diaqnoz qoyur, məsləhət verir. Xəstənin vəziyyəti nisbətən gərgin olanda virtual əlaqədə həkim görünür və o, simptoma uyğun olaraq, xəstəni digər həkimə yönəldir. Həkim-xəstə münasibətlərini virtual tənzimləyən sistem artıq bu günlərdə Bakıda da təqdim olunub. Belə ki, “Microsoft” şirkətinin səhiyyə müəssisələrinin rəhbərləri üçün keçirdiyi seminarda Azərbaycanda virtual olaraq həkimin qəbuluna yazılmaq imkanı verən proqram təqdim edilib. “Microsoft skype” proqramının köməyi ilə vətəndaşın xəstəxanaya getmədən virtual olaraq həkimin qəbuluna yazıla biləcək. Belə ki, vətəndaşın “Microsoft Skype” üzərindən həkimlə canlı ünsiyyətə daxil olması ilə həkim ilkin məlumatları əldə etdikdən və rəqəmsal şəkillərə baxdıqdan sonra vətəndaşın canlı olaraq həkim müayinəsinə ehtiyacının olub-olmamasına qərar verəcək. Eyni zamanda, “Microsoft Office 365 booking” vasitəsilə də həkimlərin qəbuluna yazılmaq mümkün olacaq.
 
Proqramın ölkə səhiyyəsi üçün nə qədər işlək ola biləcəyi maraq doğurur. Dünya ölkələrində insanların alışdığı sistemin bizim ölkədə tətbiqi səhiyyə sahəsində hansı dəyişikliklərə gətirib çıxaracaq, Hər şeydən əvvəl xəstəxanaların dəhlizlərində boy verib düzülən saysız-hesabsız xəstələrin xaotik növbə sisteminin həllinə kömək edə biləcəkmi?
 
Ekspertlər dünya praktikasına transfer etmənin tərəfdarıdırlar. Bununla bərabər, texnologiyaların inkişafının xidmət sferasında yaratdığı müsbət dəyişikliklərə rəğmən, problemlərin də ola biləcəyini istisna etmirlər.
 
“Həkimlə xəstənin təması ona görə vacibdir ki…”
Həkim-cərrah Adil Qeybulla hesab edir ki, virtual proqram xəstə ilə bağlı müəyyən məsələləri dəqiqləşdirmək, xəstəxanaya getmədən həkim məsləhəti əsasında bəzi prosedurları yerinə yetirmək baxımından əhəmiyyətli ola bilər: “Həkimlə xəstənin təması ona görə vacibdir ki, bu, xəstənin analizini dəqiqləşdirməyə, onu vizual müşahidə etməyə, obyektiv müayinə metodları tətbiq etməyə imkan verir. Xaricdə ailə həkimləri mövcud olduğuna görə, xəstənin analizi və xəstəlik tarixçəsi həkimlərə bəlli olur. Virtual sistemdə həmin proqram daha effektiv çalışa bilər”. Professor hesab edir ki, sistemin tətbiqi üçün ilk növbədə ölkədə səhiyyə islahatlarının başa çatması vacibdir: “Yəni səhiyyə islahatları dünya standartları səviyyəsinə qədər yüksəlməlidir ki, bu proqramın tətbiqi də həyata keçsin». A.Qeybullanın fikrincə, bu baxımdan təqdim olunan proqram qısa müddət ərzində lazımi effekt göstərən sistem olmayacaq: “Amma bütün hallarda bu, yüksək texnologiyadır. Belə bir texnologiyanın çalışması üçün ilk növbədə icbari tibbi sığortanın işlək olması lazımdır. Bununla həmin proqram özünün daha effektiv həllini tapa bilər. Həkim qəbuluna tibbi sığorta ilə düşmək dünyanın hər yerində növbəli sistemdir. Məsələn, İngiltərədə dövlət səhiyyə sistemində bəzən xəstə həkimin qəbuluna 6 ay müddətində düşə bilmir. Ancaq fərdi qaydada, yəni özəl sektorda həkimin qəbuluna istənilən xəstə düşə bilir”.
“Virtual münasibət həkimlə xəstənin canlı münasibətini əvəz edə bilməz”
Bəzi həkimlər proqramın tətbiqinin maneə ilə üzləşə biləcəyini vaxt qıtlığı ilə əlaqələndirirlər. Məsələn, əgər həkimin başı gün ərzində xəstələrinin müayinə, müalicə və ya əməliyyatlarına qarışırsa, onun virtual olaraq pasiyentlə əlaqə saxlamaq imkanı yoxdur. Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı proqramın ölkəmizdə tətbiqini mümkün saysa da, həkimlərin işinin çoxluğunu sistemin işlək ola biləcəyinə maneə hesab edir: «Elə həkimlər var ki, onların ümumiyyətlə, vaxtları yoxdur. Daim qəbulları xəstə ilə dolu olur. Nəticədə, o həkim virtual olaraq xəstə ilə danışmağa vaxt tapa bilmir. Üstəlik, həkim şifahi olaraq vaxt tapıb xəstənin məlumatları ilə tanış ola və ya sualını cavablandıra bilər, amma o pasiyenti gözü ilə görməlidir. Tutaq ki, xəstənin allergiyası və səpgisi var. Həkim həmin xəstəyə virtual olaraq diaqnoz qoya bilməz. Çünki həmin xəstə mütləq həkimin yanına gəlməlidir. Və ya xəstə oynaq ağrısı ilə bağlı müraciət edir. Bu, kalsium, vitamin çatışmazlığı və ya travma üzündəndirsə, həkim onu yerində müayinə etməlidir. Hər hansı bir xəstəliyin ağırlaşmaması, doğru-düzgün müalicəsi üçün mütləq həkim xəstəni görməli və müayinə etməlidir. Həkim şifahi olaraq yalnız xəstəyə məsləhət verə bilər. Mənə elə gəlir ki, hansı həkimin boş vaxtı olarsa, bu sistem ona daha çox uyğundur”. Ş.Namazlı hesab edir ki, heç bir virtual münasibət həkimlə xəstənin canlı münasibətini əvəz edə bilməz. Bu baxımdan proqramın tətbiqi olsa-olsa, xəstələrin həkimin qəbuluna yazılması üçün növbəsini müəyyənləşdirə bilər.
“Proqramın ölkəmizdə də tətbiqi texnoloji baxımdan müsbət haldır”
Mərkəzi Klinik Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah Zaur Xəlilov virtual proqramın dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu deyir. Belə ki, kompüter və telekommunikasiyadan istifadə ilə informasiyaların mübadiləsi, həkimlərin bir-biri ilə xəstəni müzakirə etməsi, xəstənin vəziyyətinin ilkin dəyərləndirilməsi əsasında hər hansı bir problemin olub-olmadığını üzə çıxaran “Teletibb” sistemi də mövcuddur: ” Xəstənin problemi o həkimin sahəsinə aiddirsə, məsləhət verir, əgər başqa bir həkimin sahəsi ilə bağlıdırsa, onu yönəldir. Belə bir proqramın ölkəmizdə də tətbiqi texnoloji baxımdan müsbət haldır”. Xəstə ilə virtual əlaqədə həkimlərin vaxt qıtlığını isə Z.Xəlilov əsaslı hesab etmir. Belə ki, həkimlər xəstələrlə virtual münasibət qurmaq üçün bəlli saatlar ayıra bilərlər: “Bunlar texniki məsələlərdir. Amma ümumilikdə virtual sistem məzmun olaraq istifadə oluna biləcək üsuldur”. Z.Xəlilov hesab edir ki, virtual proqramın tətbiqi təşkilati işlərdən asılıdır. Yəni bunu ilk növbədə sınaqdan keçirmək lazımdır: “Məsələn, qonşu Türkiyədə bu sistem fəaliyyət göstərsə də, bütün sahələri əhatə edə biləcək səviyyədə deyil. Həkim-xəstə münasibətləri bütün dünyada pasiyentin həkimin yanına gedib müayinə olunması qaydası ilə tənzimlənir. Alternativ olaraq bu cür elektron vasitələr yardımçı xidmət rolunu oynayır”. Z.Xəlilovun fikrincə, sistemin tətbiqi xəstələrin saatlarla həkimlərin kabinetləri qarşısında düzülən növbələrinin qarşısını almağa müəyyən qədər kömək edə bilər: “Həkim də hər adi simptomdan ötrü pasiyenti xəstəxanaya dəvət etmək vərdişindən əl çəkməlidir. Yəni köhnə dədə-baba qaydası ilə həyata keçən müayinə və müalicələr texnoloji yeniliyi tətbiq etməyə mane olacaq. Bu yeniliyə həm də təkcə tibb işçilərinin hazır olması gərək deyil, insanlar da maariflənməlidir. Bu isə hələlik o qədər də asan görünmür…”  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir