bas agrisi

“Cəhənnəm iqlimi”ndən necə xilas olmalı?

Baxış sayı: 1. 737
Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində 2017-ci ildə “cəhənnəm iqlimi” olacağı ilə bağlı yer alan məlumat iqlim dəyişikliklərinin dönməz xarakter ala biləcəyi, o cümlədən fəlakətli fəsadlar törədəcəyindən xəbər verir. WMO-nun iqlim üzrə məruzəsinin ilk dəfə olaraq BMT ilə birgə hazırlanması isə narahatlığa ciddi zəmin yaradır. Məruzədə 2016-cı ilin meteoroloji müşahidələr tarixində ən isti il olduğu qeyd edilib. Orta temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub. Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması, buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb. WMO-nun proqramlar direktoru Devid Karlson bu ilin daha isti olacağını bildirib: “Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər dəyişikliklər də gözlənilir”.
 
Artıq dünya ölkələri iqlim dəyişmələrinin baş verməsi faktını birmənalı qəbul edir. Bəzi iqlimşünaslar bunu qlobal istiləşmə, bəziləri isə qlobal soyuma kimi qələmə verirlər. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun sonuncu hesabatı son 100 ildə Yerdə orta illik temperaturun artdığını və artıq enerjinin qaldığını göstərir. Belə ki, bu təsir yalnız 0,05 vattı günəş aktivliyinin nəticəsidir. Ekoloqların fikrincə, yerdə artıq enerjinin qalması havanın hədsiz istiləşməsinə səbəb olur.
 
WMO iqlim dəyişikliyi ilə bağlı proqnozlarında həyəcan təbili çalsa da, mütəxəssislər ciddi narahatlığa əsas görmürlər. Bəs ekoloji problemlərin kifayət qədər mövcud olduğu bizim ölkəmiz üçün iqlim dəyişikliyi hansı fəsadları yarada bilər?
 
O qədər inandırıcı deyil
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov yazılan məlumatları o qədər də əsaslı hesab etmir: “Məsələn, Yaxın Şərq ölkələri üçün yüksək istilik temperaturunun olması həmişəki kimi xarakterikdir. Həmin ərazilərin çox hissəsini səhralar təşkil edir və o ərazilərdə quraqlıqlar baş verir. Xüsusən müharibə gedən yerlərdə dağıntılar yaranır, yaşıllıq örtüyü məhv edilir. Ona görə düşən günəş şüaları torpağı daha çox qızdırır. Eləcə, bizdə də yayda asfaltın üzərində 50-60 dərəcə isti olur”. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 5-ci hesabatından danışan G.Süleymanovun sözlərinə görə, Yaxın Şərqin ərazilərində ümumiyyətlə, böyük dəyişikliklər baş vermir: “Böyük dəyişikliklər – temperaturların kəskin artması Şimala doğru irəlilədikcə, qütb dairəsi ətrafında müşahidə olunur. Ekvator, subekvatorial ərazilərdə, tropiklərdə iqlim dəyişikliyi o dərəcədə hiss olunmur. Ona görə də istiliyin daha kəskin xarakter alacağı barədə fikir yürütmək o qədər də inandırıcı deyil”. Nazirlik rəsmisi ümumiyyətlə, «Qlobal istiləşmə» və «Qlobal soyuma» terminlərini qəbul etməyərək yalnız “iqlimdə dəyişilmə”ni ekoloji baxımdan doğru sayır: “Ancaq dəyişikliklər o qədər kəskin xarakterdə deyil. Məsələn, 20-ci əsrin ortalarına qədər hər 10 ildən bir normaya görə 0,1 və ya 0,2 dərəcə dəyişik artırdısa, son 20-30 ildə hər 10 ildə 0,3 dərəcədə artım var». Alimlərin iqlim dəyişiklikləri ilə bağlı araşdırmalarına gəlincə, G.Süleymanov bu barədə tədqiqatların olduğunu inkar etmir: «Hesabatda dəyişikliklərin mexanizmi tam açılıb, fiziki və elmi əsasları göstərilib. Dəyişikliyin antropogen və təbii səbəbləri qeyd olunub. Təbii səbəblər isə baş verən dəyişiklik səbəblərinin 1/5-i təşkil edir. Əsas təsir edən karbon qazı, metan və azot oksidi – istixana effekti yaradan qazlardır. Son 100 ildə bu qazlar 1,5 dəfə artıb. Yerin səthində baş verən quraqlıqlara, yerin qızmasına görə temperatur yuxarı qalxır və orada qazlar çox olduğundan həmin istiliyi yerə qaytarır. Bir növ istixana effekti yaranır. Həmin qazların yaratdığı effektdir ki, yerdə artıq enerji qalır. Bu da istiləşmə yaradır. Yerdə qalan artıq enerji həm okeanların, həm də Yer səthinin qızmasına sarf olunur. Bu enerji yerin relyefinə uyğun olaraq qeyri-bərabər paylanır. Nəticədə həm okeandakı axınlar, həm də hava axınları istiqamətini və sürətini dəyişir. Bu, yer səthində təhlükəli hidrometeoroloji hadisələrin daha tez-tez və daha güclü şəkildə baş verməsinə səbəb olur”.
Nazirlik rəsmisi İngiltərə İqlim Mərkəzinin araşdırmaları haqqında məlumat verərək bildirir ki, ən çox təhlükə kiçik ada ölkələri, Şimal yarımkürəsi, ABŞ, Kanada, Şimali Avropanın şimal hissləri və Çin yarımadasında yarana bilər. Digər ölkələr üçünsə təhlükə böyük deyil: “İqlim dəyişmələrinin nəticələri isə sellər, daşqınlar, tufanlar, qasırğalar, vulkanlar ola bilər”. G.Süleymanov istilik dalğalarının da iqlim dəyişikliklərinin nəticəsi olduğunu bildirir: “Məsələn, qış günündə hansısa istilik dalğası gəlir və temperatur birdən-birə artır. İnsanlar üçün ən təhlükəli amil temperaturun kəskin dəyişməsidir. Havanın bir-iki gün soyuq, sonra kəskin isti, yenidən soyuq olması – bu tip kəskin dəyişmələr insanlara daha çox təsir göstərir». G.Süleymanovun fikrincə, ölkəmizin ərazisində tufanlar və qasırğalar o qədər baş vermədiyindən iqlim dəyişikliyi də tez-tez yaranmır: “Bizdə bir aylıq yağıntı norması 2-3 günə düşə bilər. Küləklər sürətini, istiqamətini dəyişib daha da güclənə bilər. Sel, daşqın hadisələrində son illərdə artım var». Şəhərin bir qismində günəşli havanın, digər bir hissəsində isə yağışın olmasını atmosfer çirklənməsi ilə əlaqələndirən G.Süleymanov bildirir ki, çirklənmə çox olduqca yağıntı daha çox düşür: «Yağıntılar həmişə vulkan xarakteri daşıyır. Əvvəllər də belə olub: bir tərəfdə gün çıxıb, digər tərəfdə yağış yağıb. Bunu isə iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün olmaz». G.Süleymanov iqlim dəyişikliyi ilə bağlı yayılan son məlumatın Azərbaycan üçün hansısa təhlükə yarada biləcəyinə inanmır: «Bu tip informasiyaların arxasında həm siyasi, həm iqtisadi məqsədlər dayanır. Ona görə bu cür məlumatlara o qədər də inanmaq lazım deyil. Əlimizdə olan rəsmi hesabatlarda o qədər qorxulu məlumatlar yazılmayıb».
 
Qlobal şəkildə həll olunmalıdır
İnsanların iqlim dəyişmələrindən çəkdiyi ziyanlar sırasında faciəvi hadisələrlə bərabər, səhhətlərində yaranan problemlər də yer tutur. Həkim-cərrah Adil Qeybulla iqlim dəyişikliyinə münasibət bildirərək ozon qatının məhv olması, kosmik raketlərin tez-tez orbitdən çıxması və s. kimi hadisələrin atmosferdə xeyli problemlər yaratdığını bildirir: “Bütün bunlar da qlobal istiləşmə ilə müşahidə olunur. Qlobal istiləşmə çoxsəbəbli hadisədir. Əsas faktor isə Yerdə baş verən hadisələrdir. Qlobal istiləşmə Yer kürəsində həyat üçün çoxlu problemlər yaradır. Müəyyən növlərin sıradan çıxması, onların dəyişməsi, yeni şəraitə uyğunlaşması və s. kimi çətinliklər ortaya çıxır. İnsan orqanizmi üçün də bu, təhlükəlidir. Yəni insan orqanizmi məsələn, 60 dərəcə istiliyə dözə bilməz. Belə istidə qanın hərəkəti mümkün olmur. Bioloji proses ləngiyir və dayanır. Ona görə də bu cür problemlərə doğru gedən hadisələrin qarşısının alınması haqda düşünmək lazımdır”. Professorun sözlərinə görə, elə məsələlər var ki, onlar hansısa bir ölkənin problemi deyil. Belə ki, əgər bir məsələnin ümumbəşəri ziyanı varsa, onlar qlobal şəkildə həll olunmalıdır. Yəni müəyyən beynəlxalq qadağalar, məhdudiyyətlər olmalıdır: “Təəssüf olsun ki, bu cür qadağalar olmadığından onların fəsadlarını yaşamaqdayıq».
Temperaturun tez-tez dəyişməsinə gəlincə, cərrah bildirir ki, anormal havalar, temperatur dəyişiklikləri – temperaturun kəskin qalxıb-enməsi Yer kürəsində maqnit sahəsində olan burulğanlar, təlatümlər, elektromaqnit dəyişiklikləri canlılar üçün təsirsiz ötüşmür: “Ayrı-ayrı növlər sıradan çıxır. Özünüz bilirsiniz ki, müəyyən heyvan növləri sıradan çıxmaqdadır. Bunun da səbəbləri ekoloji problemlərdir. O cümlədən, ekoloji problemlər insanlar üçün də ciddi dəyişikliklər yaradır. İnsan orqanizminin daha çox müdafiə imkanları var. Şüurlu varlıq olduğu üçün o, özünə daha çox müdafiə imkanları qura bilir. Bununla belə, insanlar özləri də bir növ kimi dəyişilir. Məsələn, 19-cu əsrdə yaşamış insanın analizi ilə indikiləri müqayisə etsək, xeyli dəyişiklik görərik. İnsan dəyişir. Həm də bu dəyişikliklər müxtəlif xəstəliklərlə müşahidə olunur. İnsan da bir növ kimi bu duruma adaptasiya olmalı, ya da bir növ kimi məhv olub getməlidir”.
 
Ekspertlər bildirirlər ki, iqlim dəyişikliklərindən fəsadların yaranmamağı və faciələrin olmamağı üçün yeganə yol – dəyişikliklərə uyğunlaşmaqdır. Mövcud meşələrin inkişafı və yenilərinin salınması vasitəsilə istilik effekti yaradan qazların azaldılması, kənd təsərrüfatının inkişafı, əhalinin içməli su ilə təminatı, sel və daşqınlarla mübarizə və s. tədbirlər “cəhənnəm iqlimi”ndən xilas yolu ola bilər. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir