toy

Toylarımızın biznes məqsədli olmasının qarşısını necə almalı?

Baxış sayı: 1. 931
Bir müddət öncə toyuna gəlmədiyi üçün tanışlarını məhkəməyə verən Bakı sakini haqda xəbər yəqin ki, hər kəsi təəccübləndirdi. Belə ki, toy sahibi dəvətini saymayıb toyuna gəlməyən 50-yə yaxın tanışı ilə münasibətləri hüquqi zəmində həll etmək istəyib. Əslində, məsələnin bundan sonrasının necə olacağı yox, vəziyyətin bu həddə çatması acınacaqlı haldır.
Bu da onu göstərir ki, toylarımız “xoş, müqəddəs gün” ab-havasından çıxaraq, pul dəyişmək, biznes maraqlı bir tədbirə çevrilib. Artıq toylara çəkilən xərclər o qədər çox olur ki, toy yiyəsi xoş günündə şənlənmək əvəzinə, boş qalan stulları hesablayır, “Görəsən, nə qədər ziyandayam?” – deyə düşüncəyə qapılır. Günü-gündən isə bu, daha acınacaqlı hal alır. Zamanla daha bahalı restoranlarda toy etmək, daha bahalı cehizlər vermək bəhsi gedir. Bu da nəticədə toyların biznes məqsədli bir tədbirdən seçilmədiyinə gətirib çıxarır. Bəs vəziyyətin bu həddə çatmasına səbəb nədir? İndiki halda nə etməli? Toylarımızın biznes məqsədli olmasının qarşısını necə almalı?
 
“…toyuna gəlməyənlərin evinə gedib, pulunu istəyirmiş”
Yazıçı Seyran Səxavət bildirdi ki, toyuna gəlməyənləri məhkəməyə vermək, etiraz forması olaraq fərqlidir, amma ümumilikdə belə hadisələr az deyil: “Toyuna gəlməyən qonaqları məhkəməyə verənlə bağlı xəbəri mən də oxumuşdum. Yer üzündə bundan böyük biabırçılıq nə eşitmişəm, nə də görmüşəm. Bu, toplum olaraq bizim xasiyyətimizdən, xarakterimizdən, mənəvi marşrutumuzdan xəbər verən bir şeydir. Bu, təzə hal deyil. 25 il bundan qabaq mətbuat, saytlar, qəzetlər indiki qədər azad deyildi ki, istədiyini yaza. O vaxt bir yaxın adamdan eşitdim ki, toyuna getdiyi adamların siyahısını, nə qədər pul yazdırdığını qeyd edirmiş.
Özü toy edəndə siyahıdakılardan 30 nəfəri gəlməyib. O, məhkəməyə verməmişdi, amma başqa yol seçmişdi. Siyahını götürüb toyuna gəlməyənlərin evinə gedib, pulunu istəyirmiş. Bu, bizdə çoxdan var və onu göstərir ki, xislətimizdədir. Amma toy doğum və ölüm qədər müqəddəs bir şeydir. Biz isə onu alverə çevirmişik. Övlad toyu edən o qədər sevinməli, o qədər göylərdə olmalıdır ki, problemlər, toya gəlib-gedənlər əsas diqqət mərkəzində olmamalıdır. Biz onu da kommersiyaya çevirmişik. 1965-66-cı illərdə məşhur bir aktyor var idi, o, özünə iki dəfə toy etmişdi. Bir dəfə Bakının hansısa kəndində, bir də Bakının özündə. Hər ikisinə də ayrı-ayrı adamları çağırmışdı ki, pul yığsın. Bu, bizim canımızda var. Səbəbi isə milli şüurumuzun son dərəcə aşağı olması ilə bağlıdır”.
 
“Problemin kökü təhsilsizliklə bağlıdır”
S.Səxavət deyir ki, milli şüuru yaradan, onu uşaq kimi tərbiyə edən, cilalayan isə təhsildir. Yəni ki, problemin kökü təhsilsizliklə bağlıdır: “Hamısı təhsilsizlikdən, bisavadlıqdandır. Səbəbi aradan qaldırmağın yeganə yolu da təhsilin gücləndirilməsidir. Təhsilli adam bir az ağayana olardı. Heç vaxt toyuna gəlməyən adamı məhkəməyə verməzdi. Ən azı toya gəlməyənlər də təhsilli olsaydılar, özləri gələ bilməsələr də, bir uşaqla pulunu göndərərdilər”.
Yazıçının sözlərinə görə, pul lap əvvəllər toylarımızda sadəcə, adətin bir hissəsi olub: “Mən Qarabağın ən böyük kəndlərindən birində doğulmuşam, ömrümün 19 ilini orada keçirmişəm. Ağlım kəsəndən 19 yaşıma qədər bir dəfə görmədim ki, bizim kənddə və qonşu kəndlərdə toylarda pul haqda söhbət getsin. Pulu ancaq musiqiçilərə verirdilər, bir də bəy oynayanda onun başından tökərdilər, gəlinin ovcuna bərəkət rəmzi kimi qoyardılar və s. İndi eşitsək ki, Bakıda bir nəfər pulsuz toy edir, nə siz inanarsınız, nə də mən. Görün, 50-55-ci illərdə kənddə necə böyük mədəniyyət olub. Belə çıxır ki, insan getdikcə daha çox hər şeyə alver zirvəsindən baxır”.
S.Səxavət onu da qeyd etdi ki, imkansız ailələr üçün toylarda müəyyən qədər pul yığılması gənc ailələr üçün dəstək ola bilər. Amma məsələni biznes həddinə çatdırmaq faciədir: “Əslində, toyların bu cür olmasının bir tərəfi də var. İmkansız adam olur, camaat yığışıb gücü çatan qədər yardım edir. Yəni, cavan ailələr ayaq üstə durana qədər bir az pulları olsun. Bu cəhətdən pis deyil, amma bunu biznesə çevirmək böyük əxlaqsızlıq, faciədir”.
“Adət mahiyyətini, formasını müəyyən qədər dəyişə bilər, amma…”
AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov deyir ki, adət-ənənələrin mahiyyətində zaman keçdikcə müəyyən dəyişikliklər gedə bilər, amma problemin bu həddə çatmasına səbəb şadlıq evləridir: “Bu o qədər ciddi məsələdir ki, siz nə isə yazmaqla, mən hansısa fikir bildirməklə həll etmək qeyri-mümkündür. Hadisələr o yerə gəlib çıxır ki, adət-ənənələr ilkin mahiyyətindən uzaqlaşmağa başlayır. Rayonların və Bakının şadlıq evlərinin toylarından danışsaq, burada mahiyyət təkcə toy edənin öz istəyindən, kaprizlərindən əmələ gəlmir. Bunun ən ciddi tərəfi şadlıq evlərinin fəaliyyəti ilə bağlıdır. Şadlıq evləri faktiki olaraq insanları elə bir tələyə salırlar ki, o tələdə necə rəftar edəcəklərini bilmirlər. Məsələn, qəzetlərin birində bir nəfər qeyd etmişdi ki, imkanı olmadığı üçün şadlıq evində masanın qiymətini aşağı salmaq üçün müəyyən ixtisarlara getmək istəyib. Şəhər kənarında yerləşən bir şadlıq evi imiş. Şadlıq evindən bildirilib ki, adamın birini 40 manatdan aşağı edə bilməzlər. Deyib ki, heç olmasa icazə ver, toydan sonra stoldakı ərzaq-içki nə varsa, evimə aparım. “Qəti olmaz” deyiblər. Bu nə əcaib bir şeydir. Məsələyə bu aspektdən yanaşsaq, daha tez həllini tapa bilər. Adət mahiyyətini müəyyən qədər dəyişə bilər, amma bu qədər əcaib formaya düşməsi məhz o şadlıq evləri ilə əlaqədərdir”.
“Restoranlar valideynləri çıxılmaz oyuna salıblar”
M.İmanov bildirdi ki, toy sahiblərinin burada günahı yoxdur, onlar övladlarının xoş gününü daha yaxşı keçirmək istəyirlər, sadəcə, restoranlar bundan istifadə edirlər: “Restoranlar o qədər əlbirdirlər ki, valideynləri çıxılmaz oyuna salıblar. Qiyməti dəvə belinə qaldırıblar. Həddindən artıq yüksək səsli musiqi, hədsiz şişirdilmiş qiymətlər, süfrədə yemək sayının həddindən çox olması və s. bu kimi məqamlar hamısı o toyun əcaib tərəfləridir. Bunda isə xalqın heç bir günahı yoxdur. Xalq öz ənənəsi ilə gedir. Amma elə bir şərait yaranır ki, şadlıq evləri insanları tora salırlar, ona görə də bütün münasibətlər alt-üst olur. Niyə rayonlarda çadırlarda, həyətlərdə toylarda olan adətlər elə əvvəlki kimi keçir, heç bir problem də olmur? Niyə bu problemlər şadlıq evlərində olan toylarda yaşanır? Ordan başlamaq lazımdır”.
İnstitut direktoru qeyd etdi ki, məsələyə rəsmi səviyyədə münasibət bildirilməsinə ehtiyac var: “O vaxt bizim kənddə toylarda pul yığılmırdı, amma qonşu kəndlərdə yığılırdı. Sonra yavaş-yavaş bizim də kəndə təsir elədi, yığıldı. Pul yığmaq, insanın digərinə kömək etməyi hələ toyun əcaib formaya düşməsi demək deyil. Əcaib formaya o vaxt düşür ki, toy sahibi həmin şadlıq evinin tələblərindən asılı vəziyyətə düşür. Kredit götürüb toy edib, toyuna da az adam gəldiyi üçün xeyli borca düşən kifayət qədər adam var. İllər uzunu borcu qaytarmaq üçün çalışıb. Problem budur. Aidiyyəti orqanlar bu məsələyə fikir versinlər. Məsələn, Naxçıvanda çox nümunəvi yas mərasimləri keçirilir. İmkanlı ilə imkansızın yas mərasimi arasında elə ciddi fərq olmur. Jurnalistlər bu məsələni elə qaldırılmalıdır ki, buna ya Milli Məclis, ya başqa bir səviyyədə münasibət bildirilsin. Bu, bütün valideynlərin imdad etdiyi bir problemdir. Əvvəl-axır buna əncam çəkilməlidir”.
 
“Maddiyyat, əşyalar üçün çalışırlar”
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, sosial qanunauyğunluq insanlardan sevincini paylaşmağı, tədbirlər keçirməyi tələb edir. Bunlardan biri də əsrlərdir ölkəmizdə formalaşan toy adət-ənənələridir. Amma bu sevinc paylaşmaq məsələsi son vaxtlar biznes istiqamətinə daha çox meyllənib: “Toy adət-ənənələri Azərbaycanda cəmiyyətin vacib ənənəsi sırasına daxildir. Təəssüflər olsun ki, son illər, xüsusilə də son 10-20 il ərzində toy adət-ənənələri dəyişməyə başlamış və bir növ insanların xoşbəxtlik simvolu kimi yox, daha çox biznes, pul qazanmaq, kreditləri ödəmək və s. kimi rəmzə çevrilib. Bunun da səbəbi Azərbaycan reallığında bəzi toy adət-ənənələri ilə bağlı yanlış stereotiplərin formalaşması, toylara özünütəsdiq forması kimi baxılmasıdır. Bahalı cehizlər, toya qədər gənclərə hər bir şeyin hazır təqdim olunması kimi yanaşmalar nəticədə valideynlərin, xüsusilə yoxsul və orta təbəqə nümayəndələrinin bütün ümidini toya bağlayır. Toya mümkün qədər çox insan cəlb etməyə cəhd göstərirlər ki, daha çox gəlir əldə etsinlər, kreditlərini ödəsinlər, borclarını qaytarsınlar. Sosioloji nöqteyi-nəzərdən yanaşanda, acınacaqlı durum odur ki, insanların xoşbəxtliyi üçün bu qədər çaba sərf olunmur, maddiyyat, əşyalar üçün çalışırlar”.
 
“Cəmiyyət sevgiyə önəm versə…”
Sosioloq deyir ki, məsələnin bu həddə çatmasının bir səbəbi də “camaat nə deyər” prinsipi ilə yaşamağımızdır: “Evlilik məsələlərinə də o prizmadan yanaşılır. Ona görə də camaat da nə dediyinə fikir verməlidir. Başa düşülməlidir ki, müasir dövrdə bu qədər problemlər içərisində təmtəraqlı toy keçirmək çətinləşib. Ona görə də cəmiyyət gərək qınayıcı mövqedən çıxış etməsin. Cəmiyyət sevgiyə önəm versə, bu cür dəbdəbəli toylara maraq da azalacaq. Bu təhsil və maarif səviyyəsindən də çox asılıdır. İnsan daha çox maarifləndikcə məsələlərə idrakı nöqteyi-nəzərdən yanaşır, nəinki hisslərlə, yaxud başqalarının fikirləri əsasında formalaşan düşüncələrdən uzaq olur. Öz yorğanına görə ayağını uzadır, ətrafını düzgün qiymətləndirir və ona uyğun şənlik təşkil edir. Cəmiyyətdə söz sahibi olan şəxslər gənclərə aşılamalıdırlar ki, xoşbəxtlik təmtəraqda deyil” (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir