“Ötən il Azərbaycanda 102 kişi məişət zorakılığına məruz qalıb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, Azərbaycanda 2016-cı ildə 897 məişət zorakılığı ilə bağlı cinayət hadisəsi qeydə alınıb: “Bunun nəticəsində 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb”.
Komitə rəsmisi qeyd edib ki, 2016-cı ildə Azərbaycanda 4 114 münaqişəli ailə qeydiyyata götürülüb: “Həmin ailələrlə profilaktik iş aparılmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, münaqişəli ailələr ölkənin bütün regionlarında olsa da, onlar Bakıda daha çox üstünlük təşkil edir: “Məişət zorakılığından əziyyət çəkənlər dövlət qurumlarına gec müraciət edirlər. Səbr etməyə üstünlük verirlər. Vəziyyət ağırlaşanda, qarşı tərəf ağır zorakılıq hallarına keçəndən sonra dövlət qurumlarına müraciət olunur. Ancaq müraciətlər o vaxt olur ki, artıq ailəni qorumaq, həmin şəxslərin bir yerdə yaşaması mümkün olmur”.
T.İbrahimova bildirib ki, komitənin məqsədi qeyd olunan sahədə profilaktik işlərin gücləndirilməsidir: “Hər bir rayonda, ərazidə, kənddə dövlət orqanları bu istiqamətdə profilaktik işləri gücləndirməlidir. Hər bir şəxs bilməlidir ki, ailədə digər şəxs qarşısındakının hüququnu pozarsa, ona qarşı zorakılıq əməli törədərsə onu nələr gözləyir. Bu barədə hamı məlumatlandırılmalıdır. Azərbaycanda bununla bağlı qanunvericilik bazası var. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Həmin qanunda profilaktik işlərə xüsusi önəm verilir. Qanunda və bizim işimizdə məqsəd o deyil ki, kimsə cəzalandırılsın və ailə dağılsın. Məqsəd bu halların aradan qaldırılması, buna səbəb olanlara qarşı lazımi tədbirlər görülməlidir. Zorakılığı törədən şəxslər qeydiyyata alınmalıdır və onlarla profilaktik işlər aparılmalıdır. Bunu yerli icra hakimiyyəti orqanları aparmalıdır”.