2016-cı ildə Azərbaycanda satılan yeni avtomobillərin sayı məlum olub. Avtomobil bazarından əldə etdiyi məlumatlara əsasən ötən il Azərbaycanda 33 marka üzrə 5 746 avtomobil satılıb. Satışların həcminə görə Rusiya, Çin və Cənubi Koreya avtomobilləri bazarın əsas liderləridir.
Azərbaycanda ən çox “Lada”lar satılıb – 1797 avtomobil
Rus markası “Lada”ların Azərbaycanda satışları ötən il 50% azalsa da, 1797 yeni maşınla bazarın lideri olmağı bacarıb. “Lada”ların bazar üzrə payı isə 31,2% təşkil edib.
“Changan” 11,2% bazar payı ilə 2-cidir
Siyahıda ikinci yeri iqtisadi böhran ərəfəsində Azərbaycanda məşhurlaşan Çin avtomobili olan “Changan” tutub. Marka ötən il Azərbaycanda 648 avtomobil satışı ilə 11,2% bazar payına sahib olub. Bu isə kifayət qədər böyük göstəricidir.
“Hyundai” 3-cü oldu
Avtomobil bazarının durğunluq yaşadığı 2016-cı ildə “Hyundai” markasında da xeyli sayda yeni avtomobil satılıb. Bu markanın Azərbaycanda kifayət qədər məşhur olması qiymətlərin manatla artmasına baxmayaraq satışlara görə 3-cü pillədə qərarlaşmasına səbəb olub. Ötən il Cənubi Koreya avtomobil markası ölkədə 601 avtomobil satıb.
İlk beşliyi “Toyota” və “Kia”lar tamamlayır
Satışların həcminə görə, ilk beşlikdə 8,7% bazar payı ilə “Toyota” və 7,9% bazar payı ilə “Kia” yer alıb. Belə ki, ötən il Azərbaycanda 505 yeni “Toyota” və 457 “Kia” satılıb.
Yerli avtomobil satışlara görə 11-ci olub
Maraqlıdır ki, Azərbaycanın milliləşdirmək istədiyi Naxçıvan Avtomobil Zavodunda yığılan “Naz Lifan” avtomobilləri satışların həcminə görə, bir sıra markaları qabaqlayaraq 11-ci olub. Ötən il avtomobil zavodu 165 yeni “Naz-lifan” satıb. Fins.az-ın məlumatına görə, “Naz Lifan” avtomobillərinin əsas satışı dövlət sifarişləri ilə bağlı olub.