DERS

Ağır çanta uşaqda onurğa əyriliyi yaradır – VALİDEYNLƏRƏ SOS SİQNALI

Baxış sayı: 1. 741

Son vaxtlar məktəblilər arasında skolioz – yəni onurğa əyriliyi xəstəliyi geniş yayılıb. Bu xəstəliyin əsas səbəblərindən biri də ağır məktəb çantaları hesab olunur. Evində məktəbə gedəni olan hər kəs bilir ki, uşaqların bu çantaları təkbaşına daşıması mümkün deyil. Böyüklərin belə daşıyarkən çətinlik çəkdiyi çantaların ağırlığına səbəb isə dərsliklərin, iş dəftərləri və test kitabçalarının çoxluğudur.
Valideynlər artıq o həddə çatıb ki, hər dərslikdən iki dənə alsın, birini evdə, birini də məktəbdə saxlasın. Bəlkə bu yolla uşaqlar “çanta yükündən” müəyyən qədər azad ola bilərlər. Bu məsələ dəfələrlə mətbuatda yazılıb müzakirə edilsə də, müsbət nəticə olmayıb. Təhsil Nazirliyi məsələyə münasibət bildirərkən dəfələrlə iş dəftərlərinin alınmasının vacib olmadığını, onun istəyə bağlı olaraq alına biləcəyini desə də, məktəbdə müəllimlər tələb etdiyi üçün valideynlər almaq məcburiyyətində qalır ki, bu da uşaqların yükünü bir az da artırır.

 

Maraqlıdır, bəs hansı yolla uşaqların yükünü azaltmaq olar?
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev indiki vəziyyətdə şagirdlərin çantalarını tək daşımaq gücündə olmadığını, ancaq bu prosesin bir müddət də davam edəcəyini dedi: “Bu problem əsasən kurikulumlar əsasında yazılmış dərs vəsaitlərinin çapından sonra yaranıb. Şagirdlərin fənni mənimsəməsi üçün dərs vəsaitlərinin, iş dəftərləri də daxil olmaqla, çapı şagird çantasını xeyli ağırlaşdırdı. Ümumiyyətlə, kitabların həcminə də diqqət yetirmək lazımdır. Bizim araşdırmalar göstərib ki, elə fənlər var ki, məsələn, mövzu çox konkret və yığcam izah olunacağı bir halda bir mövzuya bir neçə səhifə yer ayrılır. Bu da həm mənimsəməni mürəkkəbləşdirir, həm də kitabların həcmini artırır. Buna görə də hazırda Təhsil Nazirliyində bu istiqamətdə müəyyən işlər aparılır. Şübhəsiz ki, kurikulumların yenidən işlənməsi, dərsliklərin daha da təkmilləşməsi istiqamətində müəyyən işlər aparılır. Ancaq buna baxmayaraq, yenə də dərsliklər elə formada yazılmalıdır ki, uşaqlar dərsliklərdən həm bilik, həm də müəyyən informasiyalar ala bilsin. Müşahidələr göstərir ki, şagirdlər çantanı tək daşımaq gücündə deyillər və əksər hallarda valideynlər onlara kömək edir. Bizdə dərsliklərin forması hələlik dəyişdirilməyib. Buna görə də bu proses hələ davam edəcək. Nisbətən yuxarı siniflərdə çox maraqlı bir tendensiyanın şahidi oluruq. Şagirdlər dərsliklərdən demək olar ki, istifadə etmirlər. Onlar test kitabçalarından istifadə edirlər. Aşağı sinif şagirdlərində məktəbə daşıdıqları kitabların yükü ağırlaşır, yuxarı siniflərdə isə testə meyllik, imtahanların test üsulu ilə keçirilməsi onların çoxunu dərslikləri daşımamağa vadar edir. Bizim məktəblərdə bu cür qeyri-simmetrik bir ab-hava mövcuddur. Dərslik yazarları da düşünməlidir ki, artıq uşaqları nə fiziki cəhətdən, nə də onların zehinlərini yormaq vaxtı deyil. Müəllimlər də bunun üzərində düşünməlidir. Elə dərs vəsaitləri hazırlamaq lazımdır ki, daha yığcam və lakonik olsun. Hesab edirəm ki, bu da şagirdlərin daha çox yük daşımasının qarşısını ala bilər”.
Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, xarici ölkələrin anlaşılmayan yox, ən yaxşı təcrübəsini götürmək lazımdır: “Boş çantanın özü belə çox ağırdır. Ona görə də çanta istehsal edən adamlar nəzərə almalıdır ki, bu, uşaqlar üçün istehsal olunur. Ona görə də onu elə materialdan hazırlamaq lazımdır ki, yüngül olsun. Dərslikləri də elə kağızdan çap edirlər ki, kağızın özü, dərslik ağırdır. Gərək dərsliklər də elə kağızdan çap olunsun ki, yüngül olsun. Belə kağızlar var. Digər tərəfdən isə bütün dərsliklərin, gündəliyin çantada daşınmasına ehtiyac yoxdur. Məsələn, mən təcrübəmdə belə bir hadisənin şahidi olmuşam: ABŞ-da, Vaşinqtonda olarkən bir orta məktəbdə olduq. Orada dəhlizdə sıra ilə şkaflar qoyulmuşdu. O şkaflarını hər biri bir şagirdindir. Onların idman paltarları və idman ayaqqabıları, dərslikləri həmin şkafda olur. Şagirdlər məktəbə gələndə nə istifadə olunacaqsa, oradan götürüb istifadə edirlər. Evə ancaq hansı fənn üzrə tapşırıq verilibsə, onun icrası üçün vəsait götürülür. Xarici təcrübənin məzmununu çətinləşdirən, uşaqların anlamına uyğun olmayan metodları gətirib tətbiq edirik, amma rahat və daha faydalı olan şeyləri nəzərdən qaçırırıq. Bu məsələnin həlli üçün yalnız Təhsil Nazirliyi yox, həm də istehsalla məşğul olan nazirliklər, hətta Nazirlər Kabineti bu işi həll etməli, bura həkimlər cəlb edilməli, rəy verməlidir. Həqiqətən uşaqların beli əyilib. Onlar o qədər ağır daşıyırlar ki, zəifləyirlər. Ona görə dediyim kimi, xaric ölkələrin ən yaxşı təcrübəsini götürmək, ən yüngül materialdan çantaları hazırlamaq, dərslikləri ən yüngül kağızdan çap etmək və bir də uşaqların evdə tapşırıqları icrası üçün lazım olan dərs vəsaitlərini aparıb gətirməsinə nəzarət etmək lazımdır. Bu məsələləri yoluna qoysalar, iş həll oluna bilər. Mətbuat yazır, ictimaiyyət fikir deyir, ancaq təəssüf ki, iş görən təşkilatlar hansısa marağa görə bunu reallaşdırmır”.