kosmetik gil

Kosmetik gilin istifadə QAYDALARI

Baxış sayı: 1. 894

Gil qədim vaxtlardan bu günümüzə kimi qadınların gözəlliyini artıran vasitə kimi istifadə olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, gilin mineral tərkibi insanın dərisinin mineral tərkibinə çox yaxındır. Məhz bu səbəbdən gil dərimizə gözəllik və cavanlıq bəxş edir. İstənilən kosmetik gil dərini cavanlaşdırır, daha sağlam və gözəl edir.

Kosmetik gil ağ, mavi, yaşıl, qırmızı, sarı və hətta qara ola bilər.

 

Ağ gil (kaolin) yağlı problemli dərini çox effektli şəkildə təmizləyir, iltihabı azaldır, ağardır, qidalandırır və bərpa edir. Yağlı dəri üçün bu kimi maska hazırlamaq olar: 1 çay qaşığı ağ gil ilıq su ilə qarışdırılır (xama kimi alınmalıdır), üzərinə 3 damcı çay ağacı efir yağı əlavə olunur, bir daha yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Ağ gil dərinin qocalması ilə mübarizə aparır – dərini daha elastik, dartılmış edir, kiçik qırışları yox edir. Quru solğun dəri üçün bu kimi maskadan istifadə etmək olar: 1 çay qaşığı ağ gil 1 çay qaşığı yağlı xama və 1 ədəd yumurta sarısı ilə qarışdırılır və dəriyə çəkilir (maska çox qatı alındıqda bir qədər mineral su əlavə edin). 20 dəqiqədən sonra maskanı yuyun və dəriyə istənilən qidalandırıcı krem çəkin.

Ağ gil həmçinin bədən üçün də çox xeyirlidir. Müntəzəm istifadə olunduqda bu gil bədən dərisini cavanlaşdırır.

 

Mavi gil də yağlı problemli dərinin vəziyyətini yaxşılaşdırır. Həmçinin mavi gil sellülitin müalicəsində geniş istifadə olunur. Bunun üçün gili su ilə qarışdırıb problemli yerlərə çəkmək və plyonka ilə bürümək lazımdır. Daha sonra üstünüzü isti örtün və 1 saat uzanın, sonra duş qəbul edin. Gilə dəniz yosunları (apteklərdə satılır) əlavə etmək olar. Bu daha yaxşı effekt verəcək. Belə bürünmələri müntəzəm olaraq edən qadın, bir müddətdən sonra sellülitin və bədən həcminin azalmasını hiss edəcək. Dəri isə hamar və zərif olacaq.

Mavi gil həmçinin saçlar üçün də çox xeyirlidir – saçları daha möhkəm və canlı edir, yağlılığı azaldır.

 

Yaşıl gil daha çox yağlı dəriyə uyğun gəlir. Dərini çirkdən, ölü hüceyrələrdən yaxşı təmizləyir, məsamələri kiçildir, yağlı dəriyə xas olan xoşagəlməz parıltını azaldır.

 

Qırmızı gil müxtəlif səpgilərə, allergiyaya meyilli olan həssas dəriyə uyğun gəlir. Gil iltihabı azaldır, dərini “sakitləşdirir”. Həmçinin qırmızı gil quru dəri üçün uyğun gəlir – dərinin qan dövranını yaxşılaşdırır, oksigenlə doydurur.

 

Sarı gil yağlı civzəli dəriyə çox yaxşı kömək edir – təmizləyir, bir qədər qurudur, artıq yağlılığı aradan qaldırır. Sarı gil sellülitlə mübarizədə kömək edir. Həmçinin sarı gili saç üçün maskalarda istifadə etmək olar – saçlar daha canlı və parlaq olacaq.

 

Qara gilin tərkibi çox zəngindir. Bu gil yağlı dərini təmizləyir, qidalandırır, iltihabları azaldır. Həmçinin qara gil antisellülit bürünmələrdə və bədən üçün maskalarda istifadə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir