saat

Uğurlu bir həftə üçün həftə sonunun necə keçirməli?

Baxış sayı: 1. 620

Dünən daha bir bazar gününü geridə qoyduq. Çoxumuz üçün istirahət, böyük əksəriyyətimiz üçünsə işlə dolu bir gün arxada qaldı. Azərbaycan insanı həftə sonlarını daha çox iş-güclə, ən yaxşı halda isə qonaq qəbul etməyə, qonaq getməyə sərf edir. Halbuki dünyadakı ən çox uğura sahib olan insanlar həftə sonu istirahəti çox önəm verirlər.
Onlar bu istirahətin az qala, hər saatını, dəqiqəsini həssaslıqla planlaşdırır, yeni həftəyə köklənmək üçün şənbə-bazar gününə hədsiz dərəcədə önəm verirlər. Yaxşı, bəs nə edirlər? Uğurlu bir həftə üçün həftə sonunun necə keçirilməsi şərtdir?
Bəli, siz də bütün həftə boyu səbirsizliklə gözlədiyiniz tətil gününüzdə saysız-hesabsız insanın etdiyi səhvlərə yol verə bilərsiniz: boş otura, səhərdən axşamadək bir kreslodan digərinə keçə, əlinizdə televizor pultu, üstünüzdə pijama ilə vaxtı öldürə bilərsiniz. Gün qaralmağa başlayanda da “bir bazar günü daha bitdi” deyə düşünərək, içinizi dolduran sıxıntıyla növbəti günü gözləməyə başlayırsınız. Təbii olaraq, belə situasiyada da özünüzü bədbəxt saya bilərsiz. Çünki bir tətil gününüzü daha boş yerə keçirmiş, dişə toxunan heç bir şey etməmisiniz. Növbəti günün bazar ertəsi olduğunu düşünərək yaşadığınız stressi ikiyə qatlayıb, “sabah nə edəcəyəm” qorxusu ilə tətil gününü yekunlaşdırmısız.
Bazar gününü ağıllı şəkildə keçirmək istəyənlərin etməli olduğu ilk şey… tətili yataraq keçirməməkdir. Bunun üçün də şənbə axşamı, hər zamankı kimi, erkəndən yatmalısınız. Sanki ertəsi gün işə gedəcəksiz kimi düşünməlisiz. Həftənin digər günlərində saat neçədə yatırsınızsa, eyni saatda yatağa girməlisiniz. Beləliklə, bazar sabahı da erkəndən oyanmanın zövqünü yaşaya bilərsiniz. Çünki günortaya qədər yatdığınızda həm günün böyük hissəsini qaçırmış, həm də yuxu sistemini pozmuş olursunuz. Bunun əvəzinə erkəndən qalxaraq, səhər yeməyinizi yeyib, duşunuzu ala bilərsiniz. Günün geri qalan hissəsində isə bir sürü fərqli şey edə bilərsiniz.
Uğurlu insanlar tətil gününün böyük bir qismini hobbilərinə həsr edir. Çünki həftə boyu iş gününün stressi buna vaxt ayırmağa imkan vermir. Daha bir məqam isə tətil günlərində bu insanların öz sevdikləri ilə vaxt keçirməsidir. Çünki nə qədər zorlansanız da, zamanınızı nə qədər yaxşı idarə etsəniz də, iş günlərində sevdiklərinizə lazımi qədər vaxt ayıra bilmirsiz. Axı hər axşam işdən çıxıb evə gedəndə qrafikiniz sabit olur: əyninizi dəyişir, yemək yeyir və sonra bir də baxırsınız ki, gecə yarısı olub. Və siz ailənizlə doğru-dürüst danışa, dərdləşə, gözəllikləri paylaşa bilmirsiz. Öncəliyinizin onlar olduğunun fərqinə varmalısınız. Tənbəllik etmək yerinə, əyləncəli planlar quraraq həftənin sonun gününün dadını doyunca çıxarmalısınız.
Uğurlu insanlar günlərdən bazar olanda özləri üçün bir iş görmənin zamanı gəldiyini bilirlər. Həftənin yorğunluğunu və stressini çıxarmaq üçün də sevdikləri şeylərlə məşğul olurlar. Amma bununla paralel, bazar günü mütləq hərəkət etməli, idmanla məşğul olmalısınız. Çünki böyük ehtimalla siz də iş günlərinizdə idman etməyə vaxt tapa bilmir və bu vacib mövzunu yaddan çıxarırsız.
Doğrudur, bazar günü elə dəlilər kimi idman etməsəz də, bir az hərəkət etməyə çalışmalısız. Məsələn, qaçmağa çıxa bilərsiz, sevdiyiniz idman növü ilə məşğul olarsız. Yəni nə edərsizsə edin, amma bir formada əzələlərinizin işlədiyindən əmin olun. Çünki sağlam yaşamaq üçün idman olmazsa olmaz.
Bu arada yorğun bir həftədən sonra insanlar özləri- ni mükafatlandırmağı da sevirlər. Çünki bunu haqq etdiklərinin yüz faiz fərqindədilər. İşlərini uğurla tamamlamış olduqları üçün özlərinə də bir “jest” edirlər. Məsələn, uzun-uzun hamamda qalırlar, sevdikləri işlə məşğul olurlar, yaxınları ilə görüşür, alış-verişə çıxırlar. Bəzən həftə boyu yeməyi arzuladıqları təamları ya hazırlayır, ya da hazır alırlar. Mütaliə, sevimli filmi izləmək, musiqi dinləmək… də bu mükafatların arasındadır.
Uğurlu insanların tətil günlərində etdiyi bir başqa hərəkət də növbəti həftənin planını hazırlamalarıdır. Çünki onlar bilirlər ki, planlı-proqramlı olmaq bir insanın həyatını necə asanlaşdıra bilər. Uğur qazanmaq üçün əllərində işə yarayan bir plan olmalı olduğunu da yaxşı bilirlər. Məhz bu səbəbdən bir çox hallarda həftəlik yox, günlük planlar hazırlayırlar. Beləcə, bazar axşamı çatanda bir çox adamın ağlını qurcalayan “sabah nə edəcəyəm, tətil yenə bitdi, böyük bir həftə necə keçəcək” kimi düşüncələr ucbatından stress yaşamaqdan da qurtulmuş olurlar. Əgər siz də bu dərdlərdən qurtulmaq istəyirsizsə, tətil gününüzdə bir yarım saatınızı plan qurmaq üçün ayırmalısınız. Bütün həftənin proqramını hazırlamasaz belə, ən azından bazar ertəsi gününün planını hazırlamalısız. Bununla da məlum “bazar ertəsi sindromu”ndan qurtulmuş, ümumiyyətlə, onu özünüzə yaxın buraxmamış olursuz.
Daha bir məqam… Bizlərdən fərqli olaraq, avropalılar və dünyanın inkişaf etmiş ölkələrindəki insanlar üçün həftə sonu işdən tam qopma məqamıdır. Bir çox insanlar həmin günlərdə, ümumiyyətlə, mobil telefonun varlığını unudurlar. Görüşmələr, işlə bağlı danışıqlar minimuma endirilir. Üstəgəl, bazar günü günortadan sonra yeni həftəyə köklənmə zamanıdır. Bazar axşamı publara, gecə klublarına əylənməyə gedən iş adamını siz çətin ki, görəsiz.
Çünki Avropa, Amerika kimi inkişaf etmiş ölkələrdə həftənin əyləncəyə ayrılan günləri cümə günü saat 4-dən bazar günü günorta saat 2-3-ə qədərdir. Məlum, cümə günləri qısa iş günü hesab olunduğu üçün insanlar əyləncə qrafiklərini bir gün öncədən, yəni cümə axşamından müəyyənləşdirir. Bazar günü, günortadan sonra isə artıq əyləncə mərhələsi qapanır. Son nəticədə isə daha uğurlu, enerjili və bərəkətli bir iş həftəsi əldə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir