USAQ

Yeni doğulmuş körpələrin burnunun axmasına səbəb nədir?

Baxış sayı: 1. 737

Əziz analar,  gəlin olduqca  mühüm, həm də çoxlarımızı narahat edən bir məsələni – yeni doğulmuş körpələrin burnunun axması problemini müzakirə edək.

Balacaların burnunun axmasına səbəb nədir? Cavab çox sadədir – otaqlardakı olduqca quru hava, çünki selikli qişa özünü müdafiə edərkən lazım olduğundan bir neçə dəfə artıq selik ifraz edir ki, bu da burunun tutulmasına gətirib çıxarır. Nəticədə körpə və onunla bərabər ana da özünü narahat hiss edir. Ancaq dərhal təşvişə düşməyə və xeyli dərmandan istifadə etməyə dəyməz: bunlar onsuz da kömək etməyəcək, üstəlik də uşağın nəfəs almasını bir az da çətinləşdirəcək. Bu problemin həlli çox sadədir: otağın havasını müntəzəm olaraq dəyişin, havanın temperaturuna nəzarət edin ki, 21 dərəcədən artıq olmasın, yatmamışdan əvvəl mütləq uşağı çimizdirin və gəzintiləri də unutmayın, axı indi bahardır.

Əgər 12 ayın təqribən 6 ayını otaqlarımızda istilik sisteminin işlədiyini  və havanı qurutduğunu nəzərə alsaq, biz rütubəti lazım olan səviyyədə süni olaraq saxlamalıyıq. Müasir texnologiya hava nəmləndiricilərindən istifadə etməyə imkan verir; bunları uşaq mağazalarından almaq olar. Nəmləndiriciləri almağa maddi imkanları çatmayanlar evin müxtəlif yerlərinə içində su olan qablar yerləşdirə bilərlər. Baha deyil və eyni zamanda, çox effektli bir üsuldur. Fizioloji məhlul damızdırın, bu, təhlükəsiz və faydalı olacaq. Aspiratordan da istifadə etmək olar. Ancaq əziz analar, nəzərə alın ki,  aspirator sizin probleminizi aradan qaldırmayacaq, bu yalnız bir müddətə uşağın burnunu təmizləyəcək. Unutmayın ki, 6 aylarından sonra uşaqların burnu ana bətnindən kənardakı mühitə uyğunlaşır və burun axması ilə bağlı problemlər də öz-özünə aradan qalxır.

Uşağınızın hər bir şıltağına səbirli olun, yalnız bu yolla balalarımıza tez və təsirli kömək göstərə bilərik.

Sağlam olun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir