Aliment

Ölkədə aliment verən analar da var…

Baxış sayı: 1. 558

Ailə kiçik dövlətdir. Hər dövlətin isə öz qanunları var. Qanunlara tabe olunmayanda, ya da tərəflər uzlaşmayanda qarşıya acı həqiqətlər çıxır. Ailələr dağılır, olan isə uşaqlara olur. Statistikaya görə, bu gün məhkəmələrdə baxılan hər 10 işdən 7-si boşanma ilə bağlıdır.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova ötən il ölkədə 13 114 boşanma halı qeydə alındığını bildirib. Bu rəqəm həm də çox sayda uşağın bir valideynlə yaşamağa məcbur qalmasının göstəricisidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlər boşansalar belə, onlar uşaqlarını saxlamağa borcludurlar.

Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər. Eyni zamanda,  aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə qarşı iddia qaldırmaq hüququna malikdir.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə -qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də uşağın sağlamlıq durumu nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Aliment dedikdə, ilk ağla gələn, əsasən ata tərəfindən uşağın saxlanması üçün anaya ödənilən vəsait nəzərdə tutulur. Maraqlıdır, Azərbaycan praktikasında aliment verən analar da varmı, yoxsa alimentin ödənilməsi yalnız kişilər tərəfindən icra olunmalıdır?

Mövzu ilə bağlı müraciət etdiyimiz tanınmış vəkil Cavad Cavadov bildirir ki, Azərbaycan praktikasında aliment ödəyən analar var:

 

Azərbaycanda aliment ödəyən tərəf ana olarsa…

“Valideynlərin hər ikisinin hüquq və vəzifələri bərabərdir. Əgər yetkinlik yaşına çatmayan uşaq atanın himayəsində saxlanırsa, atanın anadan aliment tələb etmək hüququ var.  Ölkəmizdə çox olmasa da, belə hallar müşahidə edilir. Şəxsən özüm məhkəmə proseslərində alimentin anadan tələb edilməsi halları ilə rastlaşmışam.

Aliment ödəyən tərəfin ata və ya ana olması önəmli deyil. Çünki aliment valideyn üçün tutulmur, yetkinlik yaşına çatmayan uşağın saxlanılması, onun əvvəlki həyat səviyyəsinin saxlanılmasına xidmət edir. Burada əsas fakt uşağın kimin himayəsində qalmasındadır. Uşaq ananın himayəsində saxlanırsa ananın, atanın himayəsində saxlanırsa, atanın aliment tələb etmək hüquq var. Alimentin tutulması tərəflərin işləyib-işləməməsindən asılı deyil. Çünki uşağı saxlamaq hər iki valideynin vəzifəsidir”.

 

Tərəflər alimenti ödəməzsə…

C.Cavadov bildirib ki, tərəflər qarşılıqlı anlaşma şəklində aliment tələbi irəli sürməyə də bilər:

“Tərəflər alimenti tələb edə də bilər, etməyə də bilər. Bu, onların hüququdur. Uşağın saxlanması üçün valideyn vəsaitinin yetərli olub-olmamasının əhəmiyyəti yoxdur. Könüllü iştirak edirlərsə, öz aralarında anlaşma, razılıq varsa, məhkəmə qaydasında bu, tələb olunmayacaq. Amma belə bir anlaşma yoxdursa, yaxud valideyn uşağın saxlanmasından yayınırsa, digər valideyn məhkəməyə müraciət edə bilər”.

 

“Valideyn alimenti ödəməyə borcludur”

Hüquqşünasın sözlərinə görə, tərəflərin müəyyən edilən alimenti ödəmək öhdəliyi var:

“Ata yaxud ana, fərqi yoxdur, işləyir yoxsa yox, o məhkəmə tərəfindən müəyyən edilən alimenti ödəməyə borcludur. Qanunda göstərilib ki, sabit pul məbləğində tutulan aliment, yaxud hər iki tərəfin stabil gəliri varsa, uşaqların sayına görə, faiz nisbətində aliment tutulmalıdır. Eyni zamanda, qanunda bir neçə hal istisna edilməklə, alimentin ödənilməsindən azad olunma yoxdur”.

 

Aliment uşağın əvvəlki həyat səviyyəsini saxlamağa xidmət edir

Ailə Məcəlləsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin gəliri qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın gəlirin hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı yoxdursa, habelə alimentin valideynin gəlirindən müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq gəlirinmüəyyən hissəsi kimi müəyyən edilə bilər.

Vəkil bildirib ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir:

“Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir